Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1040/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(073)-593/2021 saylı qətnaməsindən (hakim Q.Paşayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli LD/16347/00057 saylı kredit müqaviləsinə əsasən 1878.51 manat əsas borc, 187.85 manat cərimə olmaqla, cəmi 2066.36 (iki min altmış altı manat otuz altı qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD/16347/00057 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 3068.51 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək hissə-hissə hər ay ödəməklə, cəmi 3068.51 manat məbləğində vəsaiti iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq iddiaçı təşkilatla cavabdeh X2 arasında xx.xx.2016-cı il tarixli LD/16347/00057 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanla iddiaçı təşkilat arasında bağlanmış kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq götürdüyü krediti ödəməli olduğu halda, kredit müqaviləsinin şərtlərini pozaraq ödənişləri lazımi qaydada yerinə yetirməmiş və nəticədə cavabdehin hazırkı borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(073)-593/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1878.51 (bir min səkkiz yüz yetmiş səkkiz manat əlli bir qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə, cəmi 1898.51 (bir min səkkiz yüz doxsan səkkiz manat əlli bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq işə baxılmış, formal mülalıizəyə əsaslanan qətnamə qəbul edilmişdir. Belə ki, ümumiyyətlə iş materialları araşdırılmadan yalnız iddiaçının təqdim etdiyi natamam sənədlər əsasında qətnamə çıxarılmışdır. İş üzrə keçirilmiş 4 məlikəmə iclasında iştirak etmiş, ödənişlər, habelə borc məbləğinin restrukturizasiyası ilə bağlı sənədlər tərəfindən məhkəməyə təqdim edilmişdir. Keçirilmiş məhkəmə iclasında hakim tərəfindən iddiaçıya irad bildirilmiş, borcunun olmadığı müəyyən edilmişdir. Həmin iclasda borcunun olmaması ilə bağlı qəbz yazdırılmışdır. Xeyli müddət sonra əmək haqqından pul tutulduğunun şahidi olmuş, maraqlandıqda əmək haqqından tutulan pul vəsaitinin BOKT "xxxx" MMC-nin ona qarşı olan iddiası üzrə Cəlilabad Rayon Məhkəməsinin qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə görə tutulduğu bildirilmişdi. Sözügedən qətnaməni əldə etmək üçün dəfələrlə Cəlilabad Rayon Məhkəməsinə müraciət etsədə, müxtəlif bəhanələrlə qətnaməni verməkdən imtina etmişlər. Nəhayət, bununla bağlı müvafiq orqanlara şikayət edəcəyini bildirdikdən sonra 11 oktyabr 2022-ci il tarixdə qətnaməni təqdim etmişlər. Qətnaməni oxuduqda orada yazılanların keçirilmiş məhkəmə iclasnda müəyyən olunanlarla heç bir halda üst-üstə gəlmədiyi, tərəfindən təqdim edilmiş sənədlərə, borcunun olmaması ilə bağlı qəbzə istinad edilmədiyi, habelə keçirilmiş 4 məhkəmə iclasında bildirdiyi fikirlərin yer almadığı müəyyən olunmuşdur. Keçirilmiş məhkəmə iclasında tərəfindən məhkəməyə təqdim edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair portaldan çıxarışa nəzər yetirdikdə oradan açıq-aşkar müəyyən olunur ki, 01 mart 2019-cu il tarixinə BOKT "xxxx" MMC-yə olan əsas kredit borcu 1918.51 manat, borcun azaldılmasına yönəldilən məbləğ 1004.66 manat, qalıq borcunun məbləği isə 913.81 manat təşkil edir. Buna baxdıqda belə aydın olur ki, 01 mart 2019-cu il tarixinə qalıq borcu 913.85 manat təşkil edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, cavabdehlər isə məhkəmə baxış iclasında hər hansı bir üzürlü səbəbini bildirmədən iştirak etməmişlər, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayəti əsasında mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qismən düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənələrlə aşağıdakılar müəyyən edilmişdir: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD/16347/00057 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilatla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD/15345/00188 saylı kredit müqaviləsi üzrə qalıq 3068.51 manat məbləğində kredit borcu 48 ay müddətinə illik 0 faiz olmaqla restruktruzasiya olunmuş və cavabdeh həmin krediti borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD/16347/00057 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2016-cı il tarixli, LD/16347/00057 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci ildən xx.xx.2020-cu ilədək hissə-hissə hər ay ödəməklə, cəmi 3068.51 manat məbləğində vəsaiti iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixli, LD/16347/00057 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata 1878.51 manat əsas borcu, 187.85 manat cərimə olmaqla, cəmi 2066.36 (iki min altmış altı manat otuz altı qəpik) manat borcu vardır. İddiaçı təşkilat tərəfindən cavabdehlərə ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı təşkilat cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan müəyyən olunur ki, hazırki mübahisənin predmetini təşkil edən kredit müqaviləsi üzrə yaranan borc Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarix 551 nömrəli Fərmanın təsiri altına düşmüş, 1 mart 2019-cu il tarixinə qalıq borcun məbləği 1918.51 manat olmaqla, borcun azaldılmasına yönələn məbləğ 1004.66 manat, qalıq borcun məbləği isə 913.85 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 9.02.2024-cü il tarixli 9/9797 saylı rəyinə əsasən hesabdan çıxarış məlumatları və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli LD/16347/00057 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtlərinə əsasən Cavabdeh1 BOKT-na olan borcu aşağıdakı kimi, müəyyən olunur: 01 mart 2019-cu il tarixinə - əsas borc üzrə 1983,51 manat; 25 iyun 2021-ci il tarixinə əsas borc üzrə 1943,51 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 qətnamə çıxarılan müddətdən yəni 25 iyun 2021-ci il tarixindən sonra xx.xx.2022-ci il tarixində 1004,66 manat məbləğində kompensasiya ödənişi olmuşdur. Həmin ödənişi əsas borc məbləğindən çıxdıqda Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 938.85 manat borcun olması müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.; Maddə 14.1. və 14.2.1. - Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Maddə 385.1 - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 427.3 - Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 448.1 - Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; Maddə 442 - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.2.1 - Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 739.1 - Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2 - Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından ibarət tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni və əsaslı olmuşdur. Bununla belə məlumdur ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosialiqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan görünür ki, hazırki mübahisənin predmetini təşkil edən kredit müqaviləsi üzrə yaranan borc Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarix 551 nömrəli Fərmanın təsiri altına düşmüş, 1 mart 2019-cu il tarixinə borcun məbləği 1918.51 manat olmaqla, borcun azaldılmasına yönələn məbləğ 1004.66 manat, qalıq borcun məbləği isə 913.85 manat müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə hesablanmış dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, qalıq borcun müəyyən olunan məbləği nəzərə allınmalı və iddia tələbi yalnız qalıq borc məbləği həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarının tam aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apelyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamə üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(073)-593/2021 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 913.85 (doqquz yüz on üç manat 85 qəpik) manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC - nə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(106)-1040/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1040/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver