Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1044/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilmiş, Cavabdehdan İddiaçı MMC-nin xeyrinə 21342,91 manat və ödənilmiş dövlət rüsumu kimi 30 manat, cəmi 21372,91 manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci tarixdə Sabirbad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəblərini üzrlü hesab edərək, müddəti bərpa etmişdir. Qərardaddan narazı qalan İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin İddiaçı MMCnin Cavabdeh qarşı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadı ilə Cavabdeh Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında vəsatətinin təmin edilməsi qərara alınmışdır. Hesab edir ki, sözügedən qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, cavabdehə məhkəmə qətnaməsi rəsmi qaydada göndərilmiş və cavabdeh həmin qətnamədən məlumatlı olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətini verərkən qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qətnamənin qəbul edildiyi xx.xx.2022-ci il tarixindən 3 ilə yaxın müddət keçmişdir və cavabdehin bundan xəbərdar olmaması ağlabatan deyildir. Bundan başqa, Sabirabad Rayon Məhkəməsində buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılan zaman məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə heç bir məlumat verilməmişdir. Bununla da hesab edirlər ki, onların prosessual hüquqları pozulmuşdur. Göründüyü kimi, cavabdehin şikayət vermək üçün kifayət qədər vaxtı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh formal şəkildə özünə haqq qazandırmaq məqsədilə ərizəsində əsası olmayan halları qeyd etmişdir. Bütün qeyd olunan hallar onu deməyə əsas verir ki, cavabdeh mübahisələndirdiyi qətnaməni əldə etməsinə baxmayaraq, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda hesab edir ki, cavabdeh vaxtında qətnamədən apellyasiya şikayəti verməməsinə formal şəkildə haqq qazandırmaq niyyətilə ərizədə əsası olmayan halları göstərmişdir. Ona görə də hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin həmin qərardadı ləğv edilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadı ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 46/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Belə ki, İddiaçı MMC Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 46/2022 saylı qərardadından şikayət verməklə yanaşı, buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadın iddiaçıya rəsmi qaydada verilməməsi səbəbindən sözügedən qərardad barədə məlumatlarının olmadığını göstərmiş və xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə İddiaçı MMC-nin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadından verilmiş şikayətin prosessual müddət ötürülməklə verilməsini nəzərə almadan, eyni zamanda prosessual müddətin bərpası barədə ərizəyə hüquqi qiymət vermədən şikayətə mahiyyəti üzrə baxaraq iş materiallarını şikayətlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialı şikayətin yuxarıda qeyd olunan prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1044/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1044/2025
18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver