Məhkəmə qərarları › İş №2(106)-1047/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1047/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1047/2025 14.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən, məruzəçi hakim), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)- 1471/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxıb MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı əmr icraatı qaydasında ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 13583,06 ABŞ dolları əsas və 16541,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 30124,73 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və 27 yanvar 2017-ci il tarixli məhkəmə əmri verilmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmiş, tərəflər işin xx.xx.2018-ci il tarixə saat 10:20-ə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclası barədə məlumatları olmamasını bildirmiş və baxılmamış saxlanma barədə qərardadın ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixli iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı iş üzrə icraat təzələnmiş və xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1358 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18736,5 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinn tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin edilməməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilmiş, məhkəmənin “iddianın baxılmamış saxlanılması” barədə xx.xx.2018-ci il tarixli qərardadının ləğvi ilə bağlı iddiaçı tərəfindən verilmiş ərizəyə (vəsatətə) baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetiriliməsi üçün mülki iş materialları məhkəməyə geri qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəsatət təmin edilməmiş, iddianın baxılmamış saxlanılması barədə xx.xx.2018-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət ərizəsi ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilərək iş üzrə icraatın təzələnməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qəraradı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-1471/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması, həmin şikayətin 7 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək şikayətin təmin edilməsini və qərardadın ləğvini xahiş etdi. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək şikayətin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)- 1471/2024 saylı qərardadı ləğv edilməli və yenidən baxılması üçün iş Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə icraatının əsas məqsədi hüquqi həqiqətin aşkara çıxarılmasıdır və bu məqsədə çatmaq üçün məhkəmə araşdırmasının əsas prinsiplərindən biri olan çəkişmə prinsipinin təmin olunması zəruridir. Bu prinsip tərəflərə prosessual hüquqlarını tam və effektiv şəkildə həyata keçirmək imkanı yaratmaqla, işin obyektiv və ədalətli həllinə zəmin yaradır. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli qərardadı ilə “iddianın baxılmamış saxlanılması” barədə xx.xx.2018-ci il tarixli qərardadının ləğvi ilə bağlı iddiaçı tərəfindən verilmiş ərizəyə (vəsatətə) baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetiriliməsi üçün mülki iş materialları məhkəməyə geri qaytarılmışdır. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmış, həmin qərardaddan iddiaçı tərəfindən məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət edilmiş və onun ləğvi xahiş edilmişdir. Beləcə, adıçəkilən tələb üzrə ilk dəfə məhkəmə əmri verilmiş və icraya yönəldilmişdir. Bununla da, iddiaçı məhkəmə icraatı və müvafiq məhkəmə aktının icraya yönəldilməsi barəd xəbərdar olmuşdur. İddia xx.xx.2018-ci il tarixdə baxılmamış saxlanılsa da, buna rəğmən iddiaçı məhkəməyə ancaq xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi şikayətdə qaldırılan məsələləri, iş üzrə bütün sübutları, habelə Füzuli Rayon Məhkəməsi tərəfindən 27 yanvar 2017-ci il tarixli məhkəmə əmri üzrə toplanmış icra işinin materiallarını (Binəqədi rayon İcra və probasiya şöbəsindən) əldə edərək araşdırmamış, nəticədə əsaslandırılmamış və hüquqi baxımdan natamam qərardad qəbul etmişdir. Bu baxımdan, hazırkı vəziyyətdə tərəfin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması, müvafiq qərarın əldə edilməsi və bu barədə məlumatlı olması yalnız texniki və formal prosedur deyil, ədalətli məhkəmə araşdırmasının ayrılmaz elementi kimi,məhkəmə sisteminə olan inamın təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Odur ki, tərkib belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 385, 397, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Şikayət qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-1471/2024 saylı qərardadı ləğv edilsin və iş materialları yenidən araşdırılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar