Məhkəmə qərarları › İş №2(106)-1053/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1053/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1053/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh Əlsəfa oğlunun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh Əlsəfa oğluna qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-509/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdehin mərhum atası X4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən illik 6 faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında həmçinin, kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanaraq Cavabdeh məxsus Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X1 "xxxx" ASC-yə borcu əsas borc qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 3200.54 manat məbləğində müəyyən edilmiş və Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra - 29.03..2019-cu il tarixdənxx.xx.2020-ci il tarixədək Banka ümumilikdə 2600 manat ödəniş edilmişdir. İddiaçının atası xx.xx.2017-ci il tarixdə vəfat etmiş, lakin vərəsəlik rəsmiləşdirilməmişdir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 11052/KTMF saylı Kredit müqaviləsi üzrə ümumilikdə 7397.55 manat- əsas borc 600.54 manat, faiz borcu 5386.71 manat və dəbbə pulu 1410.30 manat məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin 11052//KTMF saylı Kreditmüqaviləsinin təminatı olan Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə cəmi 7397.55 manat, 45 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün xərc və 94 manat dövlət rüsumunun ödənilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Masallı filialı ilə X4 arasında xx.xx.2014-cü il tarixində bağlanan 11052/SKMF saylı Kredit müqaviləsinə əsasən illik 6 faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. 11052/SKMF saylı Kredit müqaviləsinin təminatı olan xx.xx.2014-cü il tarixli 11052/SKMF nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX № 0444334, reyestr kitabı 14, vərəq 66, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il). 11052/SKMF saylı Kredit müqaviləsinin müddəaları pozularaq,öhdəliklər icra edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məktubana əsasən borclu X2 vəfat etməsi məlum olmuşdur. İşlə bağlı olaraq göndərilmiş xx.xx.2022ci il tarixil 527/2022 saylı sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 adına heç bir vərəsəlik işi açılmamış və vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. "xxxx" ASC-nin M/22-5111 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, 11052//KTMF saylı Kredit müqaviləsi üzrə əsas borc 600.54 manat, faiz borcu 5386.71 manat, dəbbə pulu 1410.30 manat, cəmi 7397.55 manat məbləğində borc yaranmışdır. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, o öhdəliyinin icra edilməsindən yayınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Əziz Pənahov məhkəməyə ərizə ünvanlayaraqişə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Əlsəfa oğlu tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizədə göstərilmişdir ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Cavabdehin 600 manat borcu ola-ola bank tərəfindən 7395 manat borcun olduğunu və hər hansı bir pul vəsaiti ödəmədiyini əsas gətirərək müqaviləyə əsasən borcun ödənilməsini xahiş etmişdir. Hazırkı məsələ ilə əlaqədar xx.xx.2014-cü il tarixli müqavilə onunla deyil, mərhum atası ilə bağlanmışdır ki, hesablanan şişirdilmiş dəbbə və faiz varisi olduğundan nəzərə alınmalıdır və hansı mexanizmlə hesablandığını ona bildirməlidirlər. İddiaçı müqavilənin bitdiyi vaxtdan 3 ildən də artıq müddət keçəndən sonra bu borc tələbini irəli sürmüşdür. İddia ərizəsinin özündən də aşkar şəkildə görünür ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri 2014-cü ilin noyabr ayında bağlanmış və iddiaçı bu əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürülməsi üçün mülki qanunvericilikdə təsbit edilmiş 3 illik və 1 aylıq iddia müddətlərini ötürmüşdür. Cavabdeh Əlsəfa oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, atası X4 tərəfindən bankdan qeyd edilən məbləğdə kredit götürülmüşdür. Qeyd edilən kredit müqaviləsi üzrə ödənişlər edilmiş və 600 manat restrukturizasiya edilməli idi. Bank restrukturizasiya etməmiş atasının ölümündən sonra o, 5000 manatdan çox pul ödəmişdir. Həmçinin, qeyd edilən iş üzrə zaminliyi yoxdur. Odur ki, qeyd olunan halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-509/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, Cavabdeh oğundan 600 manat məbləğində əsas borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun ona aid edilmiş hissəsi olan 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 35000 (otuz beş min) manat müəyyən edilməsi, tutulacaq məbləğin ipoteka qoyan Cavabdeh mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, Cavabdeh mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evəCavabdeh istifadə hüquqlarının itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, işdə olan sübutlarla X2 "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 11052/SKMF saylı Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 600.54 manat məbləğində əsas borcun, 5386.71 manat məbləğində faiz borcunun, 1410.30 manat məbləğində cərimə borcunun, cəmi 7397.55 manat məbləğdə borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına 3200 manat məbləğdə pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 600 manat təşkil etməsi təsdiq olunur. Bundan başqa, cavabdeh kredit müqaviləsinin restruktruzasiyası istiqamətində müqavilə bağlanması üçün iddiaçıya təkliflər verməsini və təkliflərinin əsassız rəddinə dair sübutlarını, yeni müqavilə bağlanmasına dair onda iradəsinin formalaşmasını bildirən mülahizələrini təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 442, 445.2.1, 448.1, 445.7, 739.1- 739.2, 317.1. 317.2.-ci, 319.1. və 319.4.-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 39.3.3, 59.3,269.7, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozaraq, iş materialına əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, həmin sübutları qərəzli tətbiq edərək hüquq normalarına uyğun qiymətləndirməmişdir. MPM-nin 87.2-ci maddəsinin tələbləri pozularaq birinci instansiya məhkəməsi cavabdehin izahatlarını əsas götürərək əsassız məhkəmə aktı qəbul etmişdir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edimiş hesab edilən hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. MPM-nin 97.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iş materialında olan maliyyə arayışına əsasən, müəyyən olunmuş əsas, faiz və dəbbə pulunun hesablanmasına xüsusi bilik tələb olunduğu halda birinci instansiya məhkəməsi hesablama apararaq heç bir əsas olmadan faiz və dəbbə pulunu silmişdir. Məhkəmə borcla bağlı olan məbləğin ziddiyyət təşkil etdiyi suallara cavab tapmaq üçün ekspertiza təyin etməli olduğu halda təyin etməyərək hakim özü hesablamalar apararaq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəfimizdən ödənilən dövlət rüsumunun tam təmin edilməməsi əsassızdır. MPM-nin 9.3-cü maddəsinin tələbləri pozularaq məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi əsaslanmışdır. MPM-nin 217.2-ci maddəsinin tələblərini pozaraq birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək əsassız qətnamə çıxarmışdır. Apellyasiya şikayətində hər hansı maddi hüquq normasının tələblərinin pozulması göstərilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-509/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Əlsəfa oğlu apellyasiya şikayətini qəbul etməyərək Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-509/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli, 02/2023 saylı Qərardadında göstərilir ki, 1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. 2. Tərəflər arasında ipoteka müqaviləsi 2018ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edildiyi hissədə yoxlanılması təşkil edir. Cavabdeh qətnamədən şikayət vermədiyindən qətnamə iddianın təmin olunması ilə bağlı hissələrdə yoxlanılmır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini və iş materialını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh Əlsəfa oğlu arasında xx.xx.2014-cü il tarixli, 11052/SKMF saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya illik 6 faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, faizləri ödəməyi öhdəsinəgötürmüşdür. İş materialında olan xx.xx.2014-cü il tarixli 11052/SKMF nömrəli “İpoteka Müqaviləsi”ndəngörünür ki, mülkiyyət hüququ ilə Cavabdeh Əlsəfa oğluna məxsus (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX № 0444334, reyestr kitabı 14, vərəq 66, reyestr nömrəsi **********31- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi bank qarşısında ipoteka iləyüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-cü maddəsinə əsasən ipoteka predmetinin dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir. İş materialında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 yanvar 2017-ci il tarixdə ÜİX stenokiriliyasəbəbindən Masallı rayonu Öncəqala kəndində ölmüşdür. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər Portalından Çıxarışdan görünür ki, bank tərəfindən ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materialında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, X1 "xxxx" ASC-yə borcu əsas borc qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 3200.54 manat məbləğində müəyyən edilmişdir. İş materialında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra cavabdeh tərəfin banka olan borcu üzrə 29.03..2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 2600 manat ödəniş edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Mərkəzi X6 Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 3200,54 manat təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələblərinə əsasən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Qaydaların tələblərinə əsasən, növbəti prosessual tədbirlər hər bir müştəriyə münasibətdə müvafiq kommersiya bankları tərəfindən icra edilməli idi. Həmçinin nəzərinizə çatdırılır ki, Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən; 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanətiilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri Banklara tövsiyə edilmişdir. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri Banklara tövsiyə edilmişdir. 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onlarınbütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklaraisə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun(cərimə, penya) silinməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi sözügedən Prezident Fərmanının təsiri əhatəsinə düşdüyündən, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixə kredit müqaviləsi üzrə vaxtı keçmiş 3200,54 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulduğundan, Fərmandan sonra borclu tərəf 2600 manat ödəniş etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıdan 600 manat əsas borcun tuttulması qənaətinə gəlmişdir. Bundan əlavə, apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 9.3-cü maddəsinin tələbləri pozularaq məhkəmə qərarının tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə əsaslandırması barədə dəlilinə münasibətdə Kollegiya bildirir ki, iş üzrə tərəflər prosessual qanunvericiliyə uyğun qaydada məhkəmə iclasına dəvət olunmuş və cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlilini müzakirə edərək, onu əsassız hesab edir və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş "xxxx" ASC-nin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-509/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar