Məhkəmə qərarları › İş №2(106)-1053/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1053/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1053/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-49/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prossesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi üzrə 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 10326.65 manat borc məbləği və ödənilmiş 120.98 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 32% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməklə, müqavilə müddəti ərzində cəmi 6840 manat kredit borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, xx.xx.2013-cü il tarixli, 3063 nömrəli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə saziş bağlanmış və həmin saziş üzrə cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı 9289.21 manat (3717.72 manat əsas borc, 3921.82 manat faiz borcu, 1649.67 manat cərimə) təşkil etmişdir. Əlavə sazişin şərtlərinə əsasən həmin saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabatda dondurulmuş, əsas borc üzrə illik 15% olmaqla yeni ödəniş cədvəli təqdim edilərək müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi xx.xx.2013-cü il tarixli, 3063 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh1 ilə də həmin müddətə əlavə saziş imzalanmışdır. Cavabdeh2 kredit müqaviləsi və əlavə saziş üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi və ona əlavə saziş üzrə iddiaçıya 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 120.98 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 10326.65 manat borc məbləğini, dövlət rüsumu kimi ödənilmiş 120.98 manat məbləği birgə qaydada cavabdehlərdən tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi üzrə 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 10326.65 manat borc məbləği və ödənilmiş 120.98 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar xx.xx.2013-cü il tarixli, 3063 nömrəli nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcun miqdarının müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/8891 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixli, 3063 nömrəli nömrəli kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə iddiaçıya olan kredit borcu həmin sazişin müddəti bitənədək, yəni xx.xx.2021-ci il tarixədək əsas borcun miqdarı 2644.29 manat, faiz borcunun miqdarı 1015.85 manat, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək, yəni xx.xx.2024-cü il tarixədək əsas borcun miqdarı 2644.29 manat, faiz borcunun miqdarı 1015.85 manat, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun miqdarı 376.81 manat, ekspertiza keçirilənədək, yəni xx.xx.2025-ci il tarixədək əsas borcun miqdarı 2644.29 manat, faiz borcunun miqdarı 1015.85 manat, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun miqdarı 444.75 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış sazişdə cərimə hesablanması nəzərdə tutulsa da, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə cərimə hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iş üzrə məhkəmə mühasibat ekspertizası keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında da iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, həqiqətən də, Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra əlavə sazişin qüvvədə olduğu müddətdə ayrı-ayrı vaxtlarda, o cümlədən 2018 və 2019-cu illərdə də iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Eyni zamanda, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin (əlavə saziş) müddətinin bitdiyi vaxtdan sonra üç il tamam olmadan, yəni iddia müddətini keçirmədən məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə mühasibat ekspertizası keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2013-cü ildə iş yoldaşı ilə birlikdə banka gedib onun öz adına olmaq şərti ilə 5000 manat kredit götürmüşlər. Arvadı Cavabdeh1 isə ona zamin olmuşdur. Kredit müqaviləsi üzrə əsas borclu o özü olsa da, iş yoldaşı ilə aralarında olan razılığa əsasən kredit məbləğini yarı bölməklə hər ay cədvəl üzrə ikisi də ödəniş etməli idi. Onlar müəyyən qədər ödəniş etmişlər, lakin onunla birlikdə razılaşıb kredit götürən iş yoldaşı vəfat etmiş və bundan sonra o, banka olan borcu təkbaşına ödəməyə məcbur olmuşdur. Maddi vəziyyəti ilə əlaqədar kredit borcunu vaxtı-vaxtında ödəyə bilməmiş, qalıq borcu üzrə əlavə saziş bağlaması iddiaçı tərəfindən ona təklif olunmuş və o da razılaşmışdır. Onlarla iddiaçı arasında xx.xx.2017-ci il tarixdə əlavə sazişlər tərtib edilib imzalanmışdır. Həmin əlavə saziş üzrə kredit borcundan bir müddət ödəniş etmiş, lakin İddiaçı ASC ləğv olunduqdan sonra ödənişləri dayandırmışdır. O, iddiaçı ilə müqavilə bağlayıb kredit götürdüyünü və hazırda həmin müqavilə üzrə iddiaçıya borclu olduğunu qəbul edir. Məhkəmə-mühasibat ekspertizasının verdiyi rəyin əsas borca dair hissəsinə etirazı yoxdur, lakin hesab edir ki, əsas borca görə hesablanan digər məbləğlər, yəni faiz borcu və cərimə çoxdur. Qeyd etdiklərinə əsasən qərar qəbul edərkən maddi vəziyyətinin nəzərə alınaraq həmin məbləğlərin azaldılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəməyə ünvanladığı ərizəndə isə qeyd etmişdir ki, İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu ona hər hansı əlavə məbləğ ödəmədən onunla müqavilə bağlamışdır. Əmanətlərin Sığortalanması Fondu onun kredit borcunu özü bildiyi kimi hesablamış və yüksək həddə çatdırmışdır. O, son ödənişini xx.xx.2019-cu il tarixdə etməklə xx.xx.2017-ci il tarixli sazişin bağlandığı vaxtdan xx.xx.2019-cu il tarixədək cəmi 1700 manat pul ödəyərək faktiki olaraq götürdüyü borcu tam şəkildə ödəmişdir. O, krediti İddiaçı ASC-dən almışdır, İddiaçı ASC isə artıq mövcud deyildir. Hazırki iş üzrə iddiaçı kreditor kimi tanına bilməz. Həmçinin iddiaçı iddia müddətini də keçirmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, lakin məhkəməyə ərizə göndərib iş üzrə iddia müddətinin üzrsüz səbəbdən keçdiyini bildirərək iddia müddəti tətbiq olunmaqla ona qarşı olan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Cavabdeh1 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəni onunla əsaslandırmışdır ki, əri Cavabdeh2 İddiaçı ASC-dən xx.xx.2013-cü il tarixdə 5000 manat kredit götürmüş, həmin kreditin aylıq ödənişlərini xx.xx.2014-cü ilə qədər vaxtında ödəsələr də, bundan sonra xx.xx.2017-ci il tarixədək ödəməmişlər. Daha sonra xx.xx.2017-ci il tarixdə kredit borcu restrukturizasiya olunmuş, həmin tarixdə tərəflər arasında əlavə sazişlər bağlanmış və sazişdən sonra xx.xx.2019-cu il tarixədək daha 1700 manat ödəniş edilmişdir. Bundan sonra İddiaçı ASC ləğv edildiyinə görə daha ödəniş etməmişlər. Hazırda iddiaçı kredit müqaviləsi üzrə əsas borcla yanaşı faiz, cərimə və sair tutulmalarla birgə onlardan cəmi 10326.65 manat pul tələb edir. Onlar əlavə sazişdən sonra son ödənişi xx.xx.2019-cu il tarixdə etmişlər. Həmin gündən sonra son vaxtlaradək iddiaçı tərəf kreditin ödənilməsi üçün məhkəməyə müraciət etməmişdir. İş üzrə iddia müddəti üzrsüz olaraq buraxıldığına görə verilmiş iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-49/2025 nömrəli qətnaməsi ilə (Hakim: Kamran Süleymanov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi üzrə 2641.29 manat əsas borc, 1015.85 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 4030.10 manat borc və 48 manat dövlət rüsumu məbləğinin tutulması, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 120.98 manat dövlət rüsumu məbləğinin qalan 72.98 manatdan ibarət hissəsinin iddiaçının özünə aid edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin 61 manatdan ibarət hissəsinin iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 39 manatdan ibarət hissəsinin isə birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Hazırki iş üzrə iddiaçı Əmanətlərin Sığortalanması Fondu isə kreditor kimi tanına bilməz. Çünki onunla kredit müqaviləsi bağlamamışlar. Həm də artıq iddia müddəti də keçmişdir. Məhkəməyə bu barədə ayrıca ərizə təqdim etmişdir. Lakin buna baxmayaraq məhkəmə iş üzrə iddia müddətini tətbiq etməyərək borc məbləğini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyi alınandan sonra məlum olmuşdur ki, üzrə 2641.29 manat əsas borc, 1015.85 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 4030.10 manat borc və 48 manat dövlət rüsumu məbləği tutulmalıdır. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi ləğv edilməlidir. İddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçıya son dəfə xx.xx.2019-cu ildə son dəfə ödəniş edilmişdir. Buna görə də həmin tələb 3 il ərzində məhkəmədə qaldırıla bilərdi. İddiaçı isə yalnız 5 ildən sonra iddia qaldırmışdır. Deməli, iddia müddəti üzrsüz olaraq buraxılıb. Məhkəmə bu məsələni araşdırmamışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-49/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə müəyyən olunmuş qaydada tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-126/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-49/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, hazırki iş üzrə xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi onunla Əmanətlərin Sığortalanması Fondu arasında deyil, onunla İddiaçı ASC arasında bağlanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2013-cü il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı Ləğv prossesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 32% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/2025 saylı qərarından görünür ki, "xxxx"xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan bankları ("xxxx" ASC", "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"Bank of Azerbaijan ASC, "X3" ASC, QSC "Bank Standard" KB, "xxxx"xxxx"xxxx" KB ASC, "xxxx"xxxx"xxxx"xxxx"xxxx" KB ASC, "xxxx"xxxx"Borçalı" Kommersiya Bankı, "xxxx" ASC "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"Günay Bank ASC) bütün məhkəmə instansiyalarında və digər dövlət, ictimai və sair orqanlarda təmsil etmək, iddia qaldırmaq, iddia ərizələrini imzalamaq, vəsatət vermək, onun maraqlarını müdafiə etmək, iddia tələbinin həcmini artırmaq, dəyişmək, bütün məhkəmə aktlarından şikayət vermək, şikayətləri imzalamaq, məhkəmə aktlarının məcburi icrasını təmin etmək, qətnamələrin icrasıyla bağlı sənədləri imzalamaq, eləcə də məhkəmədə təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsinə dair səlahiyyətləri həyata keçirmək Fondun Hüquq departamentinin direktoru X1 həvalə edilmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu (ƏSF), ləğvedici qismində, ləğvetmə prosesində olan bankların əmlakını idarə edir və öhdəliklərini yerinə yetirir. Bu fond, həmçinin sığortalanmış əmanətlər üzrə kompensasiyalar ödəyir və bankların ləğv prosesini təşkil edir. ƏSF ləğvetmə prosesində olan bankların aktivlərini reallaşdırır, ödənişləri həyata keçirir və sığortalanmış əmanətlərin kompensasiyasını təmin edir. ƏSFnin ləğvedici kimi fəaliyyəti aktivlərin idarə edilməsi (ləğv prosesində olan bankların daşınar və daşınmaz əmlaklarını, maliyyə aktivlərini idarə edir), öhdəliklərin yerinə yetirilməsi (bankların öhdəliklərini, o cümlədən əmanətçilərə olan borclarını təmin edir), kompensasiyaların ödənilməsi (sığortalanmış əmanətlər üzrə kompensasiyaların vaxtında və düzgün ödənilməsini təmin edir), ləğvetmə prosesinin təşkilindən (bankların ləğv prosesini qanunvericiliyə uyğun olaraq həyata keçirir) ibarətdir. Beləliklə, İddiaçı ASC-nin ləğvedicisi kimi onun aktivlərinin idarə edilməsi səlahiyyəti Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşür. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi üzrə iddia müddəti ötmüşdür və o, bu barədə məhkəməyə ərizə təqdim etsə də, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsinə aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə cavabdehin kredit öhdəliyinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Hazırki iş üzrə iddia müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Belə ki, cavabdehin son ödənişi hansı tarixdə etməsindən asılı olmayaraq müqavilə müddətinin bitdiyi vaxtdan sonra üç illik müddət xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə, yəni həmin müddət bitənədək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçının məhkəməyə müraciət edilənədək iddia müddətini keçirmiş olması halı istisna edilmişdir. Qeyd olunan əsaslara görə kollegiya hesab edir ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə sazişə görə iddiaçının qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-49/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-49/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar