Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1057/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçı X1 nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)-19/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)-19/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh 92200 manat məbləğində pulun və 315 manat 21 qəpik dövlət rüsumunun tutularaq X2 ödənilməsi qət edilmişdir. Cavabdeh Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)-19/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 102000 manat əsas, 17340 manat faiz və 408 manat ödənilmiş dövlət rüsumu, cəmi 119748 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 92200 manat əsas, 17340 manat faiz və 408 manat ödənilmiş dövlət rüsumu, cəmi 109948 manat məbləğdə pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə və cavabdehin hərəkətlərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2019-cu ildə kredit müqaviləsi əsasında Cavabdeh 102000 manat (60000 ABŞ dolları) məbləğində pul vermişdir. Həmin kredit müqaviləsi 12 sentyabr 2019-cu il tarixdə notarial qaydada rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin şərtinə görə cavabdeh 12 dekabr 2019-cu il tarixədək aldığı pulu tam olaraq qaytarmalı idi. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra 9800 manat pul ödəmişdir. Bu səbəbdən də, 92200 manat əsas, uzun müddət pulu saxladığı üçün Mərkəzi Bankın müəyyən etdiyi illik uçot faiz dərəcəsinə uyğun 17340 manat faiz və 408 manat ödənilmiş dövlət rüsumu, cəmi 119748 manat pul tələb edir. Bundan başqa, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri var. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılmasında cavabdeh Emil Ağayevin iştirakıının təmin edilməsi üçün bütün qanuni vasitələrdən istifadə edilməmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilən və keçirilən zaman cavabdeh Emil Ağayevin işitrakının təyin edilməməsi, hesablamanın yalnız sifarişçinin deməsi əsasında, MMC tərəfindən görülən bütün işlər nəzərə alınmaqla aparılması, Sifarişçi tərəfindən pulun MMC-nin xəzinəsinə ödənilməsinə dair bütün kassa mədaxil orderləri təqdim edilməməsi, eyni zamanda MMC-nin hesabının olduğu banka sifarişçi Eyvaz Hacıyev tərəfindən nə qədər pul ödənilməsi ilə bağlı sorğu göndərilməməsi, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə kommersiya məhkəməsində baxılmalı idi, məhkəmə nəzərə almadı ki, cavabdeh kimi göstərilən Emil Ağayev "xxxx" MMC-nin direktorudur. Bundan əlavə, məhkəmədə mübahisəyə işdə iştirak edən bütün şəxslər çağırılıb dindirilməmiş, işdə iddiaçı X1 iştirakı təmin edilmədiyindən çəkişmə prinsipi pozulmuş, qəbul edilən qətnamə tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. Lakin məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında olan alqı-satqıdan yaranmış borcun pərdələnməsi üçün borc müqaviləsinin bağlanmasına dair irəli sürülən vəsatətlərin yoxlanılması üçün, bunun təsdiqi kimi bankdan pulu götürülən günə kamera görüntülərinin əldə olunması üçün tədbirlər görməmiş, cavabdehin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə məlumatı olan şəxslərdən Ənvər Kərimovun izahatları alınması üçün tədbir görməmişdir. İddiaçı X1 nümayəndəsi Vəkil1 məhkəmədə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, cavabdeh müxtəlif bəhanələrlə işin uzadılmasına çalışır. Hazırkı şikayət də məhz buna xidmət edir. Buna görə də, iş üzrə apellyasiya şikayətinin təmin olunmaması, Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)- 19/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan reyestrdə 3M-1384 reyestr nömrə ilə qeydə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 Cavabdeh 102000 manat (60000 ABŞ dolları ekvivalentində) məbləğində borc pul vermək, sonuncu isə aldığı borc məbləğini xx.xx.2019-cu il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil orderindən görünür ki, X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 102000 manat pulu notariusun "xxxx" ASC-nin “Binəqədi” filialın yerləşən hesabına qoymuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli, seriya MUĞ, 464843 saylı məxaric çekindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 102000 manat məbləğdə pul vəsaitini qəbul etmişdir. İşdə olan 29 dekabr 2022-ci il tarixli 4/1540 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, "xxxx" ASC-nin “Binəqədi” filialından 102000 manat məbləğində pulun götürülməsi ilə bağlı tərtib edilmiş MUĞ 464843 saylı xx.xx.2019-cu il tarixli çekin arxa hissəsində “Çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Habelə, MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, ozaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Göründüyü kimi, sadalanan maddi hüquq normaları tələbinin qanuni əsaslarını müəyyən edən normalar qismində çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iş materiallarına əsasən bir tərəfdən “borcverən” iddiaçı X3, digər tərəfdən isə “borcalan” Cavabdeh olmaqla, 12 sentyabr 2019-cu ildə 102000 manat (60000 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaiti 12 dekabr 2019-cu il tarixədək Cavabdeh verilmişdir. Beləliklə də, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə bildirməyi zəruri hesab edir ki, məhkəmədə mübahisəyə işdə iştirak edən bütün şəxslər çağırılıb dindirilməməsi, iddiaçı X1 şəxsən iştirakı təmin edilməməklə çəkişmə prinsipinin pozulması, qətnamənin lazımi qaydada əsaslandırılmaması, tərəflər arasında alqısatqıdan yaranmış borcun pərdələnməsi üçün borc müqaviləsinin bağlanmasına dair irəli sürülən vəsatətlərin yoxlanılmaması, şahid qismində Ənvər Kərimovun izahatının alınmaması və digər formal və əsassız dəlillər üzrə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Habelə, şikayətdə göstərilən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilən və keçirilən zaman cavabdeh Emil Ağayevin işitrakının təmin edilməməsi, sifarişçi tərəfindən pulun MMC-nin xəzinəsinə ödənilməsinə dair bütün kassa mədaxil orderlərinin təqdim edilməməsi isə hazırkı işə aidiyyəti olmayan dəlillərdir. Beləliklə, məhkəmə kollegiyası yekunda hesab edir ki, apellyasiya şikayətində göstərilən və yuxarıda qeyd edilən dəlillər tamamilə əsassızdır, onlar heç bir sübutla öz əksini tapmayan formal mülahizələrdir. Buna görə də, hazırkı qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Belə ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bundan əlavə, “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmışdır. Kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Şikayətdə ehtiva edilən dəlillər qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)-19/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1057/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1057/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver