Məhkəmə qərarları › İş №2(106)-1058/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1058/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1058/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı xxxxn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada tutulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1762/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli DKN/013N05A00618921 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 7160,75 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 1129,37 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 70,70 manat məbləğində penya, cəmi 8360,82 manat məbləğində pul vəsaitinin, qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın, həmçinin, iddia ərizəsinin verilməsinə görə 103,60 manat məbləğində dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1762/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, MPM-in 149-cu maddəsinin məzmunundan göründüyü kimi iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. İddiaçı qərardaddan şikayət verərək onun ləğvini və işin icraata qəbul edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, bankın hazırkı tələbi kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması ilə bağlıdır. Bu növ iddia tələbləri üzrə isə iddiaçının tələblərinin əsasını təşkil edən sübutlara, bir qayda olaraq kredit, zaminlik müqavilələri, borc arayışı (maliyyə arayışı) və s. sənədlər aid edilir. Həmin sənədlər də bank tərəfindən öz növbəsində hazırkı iddia ərizəsinə müvafiq qaydada əlavə edilmişdir. Həmin sənədlərin məhkəmənin qərardadda qeyd etdiyi kimi “tələblərin əsasını təşkil edən halları təsdiq edən sübutların siyahısı” adlı başlıq altında deyil, “iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı” adlı başlıq altında qeyd edilməsi kimi formal məsələ iddia ərizəsinin geri qaytarılması üçün əsas təşkil edə bilməz. Lənkəran Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1762/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Bununla yanaşı, MPM-in 151.1 və 151.3-cü maddələrinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısının ərizədə göstərilmədiyini göstərsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia ərizəsinin sonunda (qoşma) sübutların siyahısı və iddia ərizəsinə əlavə olunmuş sənədlər qeyd edilmişdir. Habelə işin mahiyyəti üzrə həll edilməsi baxımından əhəmiyyət kəsb edən iş üzrə zəruri sübutlar belə iddia ərizəsində istinad edilməklə təqdim olunmuşdur. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi, onun öz tələbini əsaslandırdıqları hallar, iddia cavabdehə verildikdə isə ona qarşı yönələn tələb aydın olmalıdır. Habelə məhkəməyə daxil olmuş iddia ərizəsində MPM-in 149.2.3-cü maddəsinə göstərilmiş iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı əlavə edilməklə iddia ərizəsinin forması və məzmununun tələblərinə riayət edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X1rşı” iş üzrə 28 may 1985-ci il tarixli və “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1762/2024 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar