Məhkəmə qərarları › İş №2(106)-1065/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1065/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1065/2025 30.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh Bəgalı oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh Bəgalı oğluna qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bəgalı oğlu İddiaçı QSC ilə xx.xx.2019cu il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25 % olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1109.4 manat ödəniş etmiş və onun iddiaçıya 890.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 253 gün üçün hesablanmış faiz borcu 130.37 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 253 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 225.33 manat təşkil edir. Cavabdeh vəfat etdiyindən Salyan Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat hüquqi varis müəyyən edilənə kimi dayandırılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Birinci instansiya məhkəməsində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 bildirmişdir ki, iş üzrə Cavabdeh Bəgalı oğlu xx.xx.2020-ci ildə vəfat etmiş, onun barəsində vərəsəlik işinin rəsmiləşdirilməsi aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, mərhumun adına 0.15 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin Baş Dövlət Yol Polis İdarəsinə də sorğu edilmiş, mərhumun adına hər hansı bir nəqliyyat vasitəsi aşkar edilməmişdir. Salyan Rayon Məhkəməsinin (Ə.Məmmədli) 13 may 2025-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh Bəgalı oğlu, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə qeyd etmişdir ki, hazırki halda hüquq qabiliyyəti olmayan ölmüş şəxsə qarşı iddia qaldırdığından və Cavabdeh Bəgalı oğlu iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Qərardaddan İddiaçı QSC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı iddia qaldırılarkən məhkəməyə MAPS arayışı təqdim edilmişdir. Həmin arayışda cavabdehin vəfat etməsi barədə hər hansı məlumat mövcud olmamışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunaraq baxılmış, məhkəmə icraatı dövründə cavabdehin vəfat etməsi müəyyən olunduğundan işin icraatı dayandırılmışdır. İş üzrə icraat uzun müddət dayandırıldıqdan sonra təzələnmişdir. İddiaçı bank tərəfindən məhrum cavabdehin mülkiyyətində daşınar və daşınmaz əmlakın olubolmaması, həmçinin vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatların əldə edilməsi üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Sorğulara verilən cavablardan müəyyən olunur ki, cavabdehin mülkiyyətində Salyan rayonu Xalac kəndində 0.15 ha torpaq sahəsi mövcuddur. İşin təzələnərək baxıldığı dövrdə məhkəməyə müraciət edərək cavabdehin ailə tərkibinin, həmçinin torpaqdan faktiki olaraq istifadə edən şəxslərin müəyyən edilməsi üçün Salyan rayon İcra Hakimiyyətinə və Xalac kənd icra nümayəndəliyinə sorğu verilməsini xahiş etsə də məhkəmə vəsatətləri nəzərə almamış, müvafiq sorğular verməmiş və əsassız olaraq icraata xitam vermişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Hazırki halda mərhum cavabdehin vərəsələri müəyyən edilərək prosesə cəlb edilməli idi. Şikayətə görə, məhkəmə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Salyan Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarına əlavə olunmuş Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bəgalı oğlu xx.xx.2020-ci ildə ölmüşdür. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Borclunun vəfat etməsinə baxmayaraq iddiaçı onu cavabdeh qismində göstərmiş və iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mülki iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun tələbinə görə, fiziki şəxs müəyyən yaş həddinə çatmaqla fəaliyyət qabiliyyətinə çatmış olur. Qanunun tələbinə görə fiziki şəxslər cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. (MPM-in 50-ci maddəsi.) Fiziki cəhətdən mövcud olmayan şəxsə qarşı iddia verilə bilməz. Belə halda işə məhkəmədə baxılmalı deyil. MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.1, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(057)-32/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar