Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1066/2024 30.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X6 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-593/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 150 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-593/2024 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin edilərək birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 180 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, bu qətnamə ilə müəyyən olunmuş vəsaitin (alimentin) tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 150 manat sabit pul məbləğində aliment kəsilmişdir. Lakin həmin məbləğ uşağın maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir. Bundan başqa uşağın böyüməsi ilə onun saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və ana uşağın maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği uşağın maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir. Bundan başqa uşağın böyüməsi ilə onun saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və uşağın maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir. Bundan əlavə, məhkəmə uşağın azyaşlı olmasını və orta məktəbdə oxumasını nəzərə almamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, şəxsi mənzilinin olmaması səbəbindən kirayədə yaşayır. Oğlu Ömər əsəb xəstəliyindən əziyyət çəkir və hər ay uşağın müalicəsi üçün 200 manat pul xərcləyir. İddiaçı izahatında bildirmişdir ki, Həştərxan iş mərkəzində işləyir. Bakı şəhəri Yasamal rayonunda “Melisa Park” yaşayış kompleksində bacısı ilə birlikdə kirayə yaşayır və hər ay 400 manat məbləğdə kirayə haqqı ödəyir. Hər ay 150 yaxud 180 manat uşağın maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir. Bundan başqa, uşağın böyüməsi ilə onun saxlanılması üçün tələb olunan vəsait hər il artır və uşağın maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir. Bundan əlavə, məhkəmə uşağın azyaşlı olmasını və orta məktəbdə oxumasını nəzərə almamışdır. Oğlu Ömər əsəb xəstəliyindən əziyyət çəkir və hər ay uşağın müalicəsi üçün 200 manat məbləğində pul vəsaiti xərcləyir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-593/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)- 444/2018 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 150 manat sabit məbləğində aliment tutulması müəyyən edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-593/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsby Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Qeyd edilməlidir ki, hazırkı mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında da öz ifadəsini tapmışdır. Bu baxımdan qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən birinin ailə və ya maddi vəziyyəti nəzərə alınmalı, məhkəmə tutulacaq alimentin miqdarının tərəflərin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bununla da, kollegiya müəyyən edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Kollegiya diqqətə çatdırır ki, habelə nəzərə alınmalıdır ki, AM-in 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsi əsasları müəyyən edilmiş, onun ağır xəstə və ya əlilliyi müəyyən edilmiş uşaqlara görə tutulması göstərilmişdir. Lakin hazırkı iddia tələbi əlavə xərclərin tutulması barədə yox, alimentin artırılması barədədir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-593/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1066/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1066/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver