Məhkəmə qərarları › İş №2(106)-1068/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1068/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1068/2023 24.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Lənkəran Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Qasımov) 15 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən FİN kodunu göstərməmişdir. Eyni zamanda iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları, onları təsdiq edən sübutların siyahısını da iddia ərizəsində göstərməmişdir. İddiaçı qərardaddan şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilərək, işin mahiyyəti üzrə yenidən baxılması üçün məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin eyniləşdirmə nömrəsini və FİN kodunu tam yazmışdır və bu məlumat elektron ərizədə də aşkar şəkildə görünür. Məhkəmənin qeyd etdiyi sübutlar siyahısına gəldikdə isə cavabdehin öz dəsti xətti ilə yazılmış borcuna dair etirafı barədə yazılı qəbzi də iddiasına əlavə edərək elektron şəkildə sistemə yerləşdirmişdir. İddia ərizəsində cavabdehin ona öz maaş kartını verdiyini bəyan etmişdir. Bunun özü də elə cavabdehin borcunun olmasına dair etiraf hərəkətidir. Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 16 iyun 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı cavabdehin yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikasının MPM-nin 149.2.2, 149.2.3, 154.1, 154.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda– iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini ona görə qaytarmışdır ki, iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilməmişdir. Eyni zamanda iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları, onları təsdiq edən sübutların siyahısını da iddia ərizəsində göstərməmişdir. Kollegiya hesab edir ki, iddia ərizəsi, həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna dair tələblərə riayət edilməklə verilmişdir. İddia ərizəsində cavabdehin şəxsiyyətini təsdiq edən məlumatlar, o cümlədən şəxsiyyət vəsiqəsinin FİN kodu vardır. Həmçinin iddia ərizəsinə, iddiaçının əsaslandığı sübut olaraq cavabdehin borcunun olması barədə yazılı qəbzi əlavə edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddia ərizəsini qaytarmaq üçün əsas yoxdur. Kollegiya hesab edir ki, qərardad əsassız olduğundan ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün iş üzrə materiallar birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402-ci madəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(049)-2037/2023 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar