Məhkəmə qərarları › İş №2(106)-1068/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1068/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1068/2024 08.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı və onun vəkli, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzə Füzuli Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2(064)-83/2024 saylı qətnaməsindən (hakim E.İmayılov) İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə, həmçinin cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulhüseyn oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Füuli Rayon Məhkəməsinə müraciət edərək Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsi ilə tutulmalı olan 31561,09 ABŞ dolları borc və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun və hazırki iddia ilə bağlı ödədiyi 241 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 may 2014cü il tarixli kredit müqaviləsinə əsasən 30000 ABŞ dolları kredit götürmüş, həmin kreditin təminatı kimi ona məxsus Beyləqan şəhəri, Z.Tağıyev küçəsi-1 ünvanında yerləşən yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 həmin krediti öz adına götürsə də, qardaşı Cavabdeh2lə birgə təsərrüfatlarına xərcləyiblər. Kredit ödənişlərini əvvəllər etsə də, 2016-cı ildən ödəmələri dayandırmışlar. "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, İddiaçı, X5, X4 və Cavabdeh2 Abdulhüseyn oğluna qarşı qaldırdığı iddia Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı, X5, X4 və Cavabdeh2 Abdulhüseyn oğlundan müştərək qaydada 19393.55 ABŞ dolları məbləğində kredit borcu, 7167.54 ABŞ dolları hesablanmış faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 31561.09 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin ona məxsus olmaqla Beyləqan şəhəri, Z.Tağıyev küçəsində yerləşən 0.05183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Liter A-mərtəbəliliyi 2, yaşayış otaqlarının sayı 5, yaşayış sahəsi 197.1 kv.metr, yardımçı sahə 108.2 kv.metr, ümumi sahə 305.3 kv.metr olan fərdi yaşayış evi, həyətyanı tikili və qurğular Liter 1-hamam, ayaqyolu, mərtəbəliliyi 1, tikinti altı 14.7 kv.metr sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, mülkiyyətində olan ev hərraca çıxarılaraq satılmış, ev ipoteka saxlayan "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Hərracdan xəbəri olmayıb və hal-hazırda mülkiyyətçi olan "xxxx" QSC evdən çıxarılmaları ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyir. Cavabdehlər birgə götürdükləri krediti qaytarmadıqlarına görə əmlak mənafeyi ziyan çəkmiş, mülkiyyətində olan ev əlindən çıxmışdır. Cavabdehlərin həmin borcu ödəmək üçün kifayət qədər imkanları olmasına baxmayaraq, borcu ödəmirlər. Həo-hazırda yaşayış sahəsiz qalmışdır, özünə və ailə üzvlərinə yaşayış sahəsi almaq üçün məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulmalı olan məbləğ alınıb ona verilməlidir. Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirməklə rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddiaçı özü könüllü olaraq öz əmlakını ipoteka ilə yüklü etmiş, borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ipoteka ilə yüklü ediliş əmlaka yönəldilməsini qəbul etmişdir. Ödənilmiş pulun tələb edilməsinə dair iddia ərizəsində heç-bir normativ akta istinad edilməmişdir. Borca görə ipoteka ilə yüklü edilmiş əmlakın sahibinin borcluya qarşı reqres hüququ yoxdur. Bundan başqa Cavabdeh1 bildirdiyinə görə həmin borc məbləği onun adına götürülmüş olsa da, həmin vəsait iddiaçıya verilmişdir. Belə ki, həmin vaxt münasibətləri normal olmuş, iddiaçı adına kredit verilmədiyini bildirərək cavabdehdən adına kredit götürməsini xahiş etmiş, cavabdeh də, krpedit götürərək həmin vəsaiti tam olaraq iddiaçıya vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2(064)-83/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 35062.50 manat və ödənilmiş dövlət rüsumuna görə 157.4 manat məbləğində pul vəsaitlərinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(064)-2427/2017 saylı qətnamsi ona göndərilməmiş, mülki iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etsələrdə, bu barədə ona məlumat verməmişlər. Füzuli Rayon Məhkəməsinin qətnaməsi ona göndərilməmiş, həmin qətnamədən xəbəri olanda şikayət versədə, müddətin keçməsi ilə əlaqədar olaraq apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qətnamə icraya yönəldilmiş, mülkiyyətində olan ev hərraca çıxarılaraq satılmış, həmin hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmiş, ev ipoteka saxlayan "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Hal-hazırda mülkiyyətçi olan "xxxx" QSC onun evdən çıxarılması ila bağlı məhkəmədə iddia qaldırmaq istəyir, krediti götürmüş Cavabdeh1 və Cavabdeh2 həmin borcu ödəməkdən yenə yayınırlar. Belə olan halda bankla razılığa gələrək müəyyən müddətə möhlət alaraq, məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırmaq məcburiyyətində qaldı. Cavabdehlər birgə götürdükləri krediti qaytarmadıqlarına görə onun əmlak mənafeyi ziyan çəkib, onun mülkiyyəyində olan ev əlindən çıxıb, cavabdehlərin isə həmin borcu ödəmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq, borcu ödəmirlər. Nəticədə onların götürdüyü kreditə görə onun kreditin təminatı kimi qoyduğu ev mülkiyyətindən çıxmışdır. Hal-hazırda yaşayış sahəsiz qalmış, özünə və ailə üzvlərinə yaşayış sahəsi almaq üçün cavabdehlərdən məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğ alınıb ona verilməlidir. Füzuli Rayon Məhkəməsi nəzərə almamışdır ki ipoteka qoyulmuş ev məhkəmə tərəfindən qiyməltəndirilmiş, ipoteka predmet hərraca çıxarılmış, bu müddət ərzində cavabdeh heç bir hərəkət etməmiş, qəsdən hərrac dövründə bankla razılığa gəlməmiş, süni şəkildə evin dəyəri aşağı düşmüşdür. Mülkiyyətində olan ev hərracda satılmış, məhkəmə qənaməsi ilə müəyyən edilmiş məbləğin qalıq məbləğidə ondan tələb olunur. İcra məmuru qətnamə ilə müəyyən olunmuş məbləği zamin kimi ondan tələb edir. Cavabdeh isə heç bir hərəkətlər etmir, aydındır ki, məsiliyyətə cəlb olunmamaq üçün məcburiyyət qarşısında qalaraq məbləği o ödəməlidir. Belə ki, cavabdehlər məcburi köçkün olmaları əsası ilə icra hərəkətlərinə maneçililik törədərək, qətnaməni icra etmirlər. İcra məmuru isə onlara qarşı heç bir tədbir görmür, qətnamənin onun tərəfindən icra edilməsini tələb edir. Məhkəmə bu halları aydınlaşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş evin dəyəri qat-qat yüksək olmuş, hərrac gedişində qiymət düşmüşdür. O həmin tələbi evinin dəyəri həddində götürmüşdür, əgər bank hərraca getmədən evi əldə etsəydi onun evinin dəyəri daha yüksək olacaqdı. Onun evinin dəyərinin həracda süni surətdə aşağı salınması səbəbindən o evsiz qalmışdır. Qətnamədən həmçinin cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilərək tam ləğv olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə 31561.09 ABŞ dolları borc, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumu tələb edilmişdir. 31561.09 ABŞ dolları 53752.65 manat təşkil edir. Dövlət rüsumunun elektron hesablanması kalkulyatoruna əsasən dövlət rüsumu olaraq 251.26 manat ödənilməli idi. Lakin iddiaçı tərəfindən dövlət rüsumu olaraq 241 manat ödənilmişdir. Məhkəmə isə öz növbəsində göstərilən dövlət rüsumu az ödənilməsinə baxmayaraq iddia ərizəsini icraata götürmüş və mahiyyəti üzrə baxaraq qətnamə qət etmişdir. Halbuki məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsini geri qaytarmalı idi. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun və Cavabdeh2 Abdulhüseyn oğlunun məhkəmə iclasında bildirdiyinə görə həmin borc məbləği onun adına qeyd edilmiş, lakin həmin vəsait bankdan götürülərək İddiaçı verilmişdir. Belə ki, iddiaçı ilə qohumluq əlaqəsində olduğu üçün onun adına kredit götürülməsini xahiş etmiş və o aralarında olan etibarı nəzərə alaraq krediti öz adına götürərək ona vermişdir. Məhz bu səbəbdən də həm hüquqi savadsızlıqdan, həm də götürülən pul vəsaitinin ona çatmadığını əsas götürərək bankın ona qarşı olan iddia tələbi üzrə məhkəmə iclaslarında iştirak etməmişdir. Sonradan aradalarında münasibətlər gərginləşmiş və bundan sonra İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, kreditin götürülməsi və ilk vaxtlardan ödənişinin edilməsi məhz İddiaçı tərəfindən həyata keçirilmişdir. Bununla bağlı banka sorğu verilsə də, uzun müddət keçdiyi üçün bank qəbzlərinin qalmadığı bildirilmişdir. Yuxarıda sadalanan hallardan bəlli olduğu kimi İddiaçı iddiası əsassız olmuş, məhkəmə isə maddi və prosessual normaların kobud pozulmasına yol vermişdir. Belə ki, məhkəmə qətnamənin normativ aktların əsaslandırılması hissəsində ipoteka münasibətinə aid hissəyə zaminliyin maddi normalarını qeyd etmişdir. Bundan başqa götürülən kredit məbləği İddiaçı çatmışdır. Belə olan halda şəxsin yenidən həmin pul məbləğini tələb etməsi əsassız varlanma hesab edilməlidir. Belə ki, götürülmüş kreditdən faydalanan şəxs İddiaçı olmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Qarşı tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdehlərlə əmiuşağıdırlar və onlar məcburi köçkün düşdükləri vaxt onun ünvanına pənah gətirmişdilər. Cavabdeh1 həmin krediti öz adına götürsədə, qardaşı Nazim ilə birlikdə təsərrüfatlarına xərcləmişlər. Bundan sonra oğlu ilə cavabdehlər arasında toyda sözsöhbət olmuşdur. Həmin mübahisəyə görə cavabdehlər dörd qardaş onun evinə basqın etmişdilər. Sonradan münaqişə böyümüş və cavabdehlərlə münasibətləri pozulmuşdur. Həmin vaxta qədər cavabdeh kredit borcunu ödəyirdi. Bundan sonra isə Cavabdeh1 kredit borcunu ödəməyi dayandırdı. Cavabdeh tərəfin kifayət qədər imkanı olsada kredit borcunu ödəmirlər. Həmin dövrdə özünün krediti olmayıb, Beyləqan rayon Avtovağzalının müdiri vəzifəsində çalışmışdır, istəsəydiyi krediti götümək imkanı olmuşdur. Məhkəmədə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə tərəflərindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Cavabdehlərdən Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə zəruri istintaq tədbirində iştirakı ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etsədə, istintaq tədbirində iştirakını təsdiq edən hər hansı bir sübutu ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin və vəkilinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə tam təmin olunmasını, cavabdeh isə qətnamənin tam ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından hər iki tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, İddiaçı, X5, X4 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsindən aşağıdakılar müəyyən olunur: İddia tələbi ilə iddiaçı 19393.55 ABŞ dolları məbləğində kredit borcu, 7167.54 ABŞ dolları hesablanmış taiz, 11148.54 ABŞ dolları cərimə olmaqla, cəmi 37709.63 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqının cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması, tutmanın İddiaçı mülküyyətində olan Beyləqan şəhəri, Z.Tağıyev küçəsində 0.05183 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən nömrəli yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracda satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin "xxxx" QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, İddiaçı, X5 və Cavabdeh2 ümumi qaydada tutulması və İddiaçı mülküyyətində olan Beyləqan şəhəri, Z.Tağıyev küçəsində 0.05183 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sornra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə 09 oktyabr 2012-ci il tarixdə bağladığı 28L000000101 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 may 2014-cü il tarixli 48R000000704 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dollları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 48ROOOO0O704S saylı sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka qoyan İddiaçı bankla bağladığı 10 oktyabr 2012-ci il tarixli 28M000000043 saylı ipoteka müqaviləsi əsasında Beyləqan şəhəri, Z. Tağıyev küçəsində xüsusi mülkiyyətində olan 0.05183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Liter A - mərtəbəliliyi 2, yaşayış otaqlarının sayı 5, yaşayış sahəsi 197.1 kv.metr, yardımçı sahə 108.2 kv.metr, ümumi sahə 305.3 kv.metr olan fərdi yaşayış evi, həyətyanı tikili və qurğular Liter 1hamam, ayaqyolu, mərtəbəliliyi 1, tikinti altı 14.7 kv.metr sahə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublilkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 10 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışla Beyləqan şəhəri, Z. Tağıyev küçəsində İddiaçı mülkiyyətində olan 0.05183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasım təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan əlavə göstərilən xətt müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı, X5, X4 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır; Məhkəmə iclasında cavabdehlərdən X4 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 may 2014-cü il tarixli 48R000000704 saylı kredit razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dollları məbləğində kredit götürmüş, o, kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsinə əsasən zamin kimi öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 müqavilə üzrə borcunu vaxtında ödəmiş, lakin son vaxtlar maddi vəziyyəti çətinləşdiyindən ödəniş apara bilməmişdir. Ona görədə iddianın qismən təmin edilməsini, cərimə pulunun azaldılmasını xahiş edir; İddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, İddiaçı, X5, X4 və Cavabdeh2 müştərək qaydada 19393.55 ABŞ dolları məbləğində kredit borcu, 7167.54 ABŞ dolları hesablanmış taiz, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 31561.09 ABŞ dolları borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" QSC xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı məxsus Beyləqan şəhəri, Z.Tağıyev küçəsində xüsusi mülkiyyətində olan 0.05183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Liter A - mərtəbəliliyi 2, yaşayış otaqlarının sayı 5, yaşayış sahəsi 197.1 kv.metr, yardımçı sahə 108.2 kv.metr, ümumi sahə 305.3 kv.metr olan fərdi yaşayış evi, həyətyanı tikili və qurğular Liter 1-hamam, ayaqyolu, mərtəbəliliyi 1, tikinti altı 14.7 kv.metr sahəsinə yönəldilməsi, əmlakın hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. "xxxx" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə 21 oktyabr 2021-ci il tarixli 061 nömrəli protokolundan müəyən olunur ki, İddiaçı məxsus Beyləqan şəhəri, Z.Tağıyev küçəsində xüsusi mülkiyyətində olan 0.05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Beyləqan rayon icra və probasiya şöbəsinin 26 avqust 2021-ci il tarixli sifariş məktubu əsasında ilkin satış qiyməti 55000 manat müəyyən olunmaqla açıq hərracdan satışa çıxarılmış, ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə müvafiq olaraq dəyəri 15%, sonradan isə 25% endirimlərlə hərracdan realizə edilməmiş və 35062.50 (otuz beş min altmış iki manat 50 qəpik) manat dəyəri ilə ipoteka saxlayan "xxxx"QSC-nə təklif olunmuş, sonuncu tərəfindən həmin qiymətə mülkiyyətinə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 oktyabr 2021-ci ildə verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, ipoteka predmeti olmaqla ünvan 2 ünvanında yerləşən 0.05183 ha torpaq sahəsi və 305.30 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində "xxxx" QSC-nin xüsusi mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" QSC tərəfindən ünvan 2 ünvanında yaşayan X2 4 sentyabr 2023-cü il tarixdə verilmiş xəbərdarlıq məktubundan müəyyən olunur ki, sonuncudan həmin fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi üçün 10 gün vaxt verilmişdir. Beləliklə işin müəyyən olunan faktiki hallarına əsasən Cavabdeh1 "xxxx" QSC ilə 09 oktyabr 2012-ci il tarixdə bağladığı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan İddiaçı bankla bağladığı 10 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında Beyləqan şəhəri, Z. Tağıyev küçəsində xüsusi mülkiyyətində olan 0.05183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 305.3 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı, X5, X4 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 yuxarıda qeyd olunan kredit xətti müqaviləsi çərçivəsində "xxxx" QSC ilə bağladığı 12 may 2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dollları məbləğində kredit verilmişdir. Sonuncu kredit razılaşması üzrə üzərinə düşən öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən "xxxx" QSC-nin iddiası əsasında Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2017-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsi ilə cavabdehlər (borc alan) Cavabdeh1 və zaminləri İddiaçı, X5, X4 və Cavabdeh2 müştərək qaydada 31561.09 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutularaq "xxxx" QSC-nə ödənilməsi, tələbin cavabdeh (ipoteka qoyan) İddiaçı məxsus ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Sonrakı mərhələdə ipoteka predmeti ilkin satış qiyməti 55000 manat olmaqla açıq hərracdan satışa çıxarılmış, dəyəri 15% və 25% aşağı düşməklə 35062.50 manat borc əvəzinə ipoteka saxlayanın mülkiyyətinə keçmiş, ipoteka saxlayanın xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Keçirilmiş hərracın nəticələrini tərəflər mübahisələndirməmişlər. Mülkiyyətçi "xxxx" QSC ipoteka qoyana qarşı əmlakın boşaldılması tələbi ilə Beyləqan Rayon Məhkəməsində iddia qaldırmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2 - fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.1. və 14.2.1. - mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Maddə 425.1 - Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 269.1 - girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 311.2 - əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir; Maddə 431.3 - Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir; Maddə 460.1 - öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; Maddə 470.1 - zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1 - borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 475.1 - öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir; Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İpoteka haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3 - Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3 - Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4 - Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının apellyasiya şikayətinin dəlillərini sadalanan qanunvericilik aktı normaları baxımından təhlil edən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən iddianın təmin olunmayan hissəsində ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, iddiaçı ipoteka qoyan olaraq borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə əmlakını kreditor qarşısında ipoteka ilə yüklü etmiş, bununla borc alanın öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyini bilmiş və bu riski öz üzərinə götürmüşdür. Sonradan borc alanın öhdəliklərini vaxtında və lazımınca icra etməməsi nəticəsində kreditorun iddiası əsasında qəbul edilmiş məhkəmə qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldiməsi baş vermiş, keçirilmiş hərracların yekununda ipoteka predmeti 35062.50 manat borc əvəzinə ipoteka saxlayanın mülkiyyətinə keçmişdir. Beləliklə borc alanın vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməməsi ipoteka qoyanın əmlakına tutmanın yönəldilməsi və ipoteka qoyanın əmlakından məhrum olması formasında zərərə məruz qalması ilə nəticələnmiş olmuşdur. İpoteka öhdəliyin icrasının təmin edilməsi üsulu kimi çıxış etsə də, ipoteka haqqında qanunda, mülki qanunvericilikdə ipoteka qoyanın borc alanla başqa şəxslər olduğu və tutmanın ipoteka predmetinə yönəldilməsi halında kreditorun tələbinin təmin edildiyi həcmdə borc alana qarşı reqres hüququnun yaranması birbaşa nəzərdə tutulmasa da, mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən yetərincə analoji normalar mövcuddur. Misal Mülki Məcəllənin 475.1-ci maddəsində öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçməsi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunun analogiyası üzrə mübahisəyə məhz Mülki Məcəllənin 475.1-ci maddəsi baxımından hüquqi qiymət verərək ipoteka qoyanın iddiasını kreditorun tələbini ödədiyi həcmdə təmin etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərini iddia olunan pul məbləğinin digər cavabdehdən də tutulması, ümumiyyətlə əvvəlki məhkəmə qətnaməsi tutulmalı olan kredit borcunun tam olaraq cavabdehlərdən müştərək qaydada tutulmasının təmin olunmaması hissədə kollegiya əsaslı hesab etmir. Əvvəla ona görə ki, iddiaçının ipoteka qoyan olaraq əmlakına tutmanın yönəldilməsi ilə zərərə məruz qalmış şəxs kimi iddiası kreditorun tələbini ödədiyi həcmdə təmin edilmişdir. İddiaçının iddianın təmin olunmayan hissəsində apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o borc alana həmçinin zamin durmuşdur və öhdəliyin təmin olunmayan hissəsində icrası ondan da tələb olunur. Burada nəzərə alınmalıdır ki, iddiaçının zamin olaraq borc alana qarşı kreditorun tələbini ödədiyi həcmdə reqres hüququ vardır və iddiaçı tərəfindən zamin kimi hansı məbləğdə öhdəliyi icra etməsinə dair birinci instansiya məhkəməsinə sübut verilməmişdir. Bundan başqa iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 da iddiaçı kimi borc alana zamin durmuş şəxsdir və zaminlərin borc alanın öhdəlikləri üzrə bir-birinə qarşı irəli sürdüyü tələb təmin oluna bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: birincisi birinci instansiya məhkəməsi tərəfindən ipoteka münasibətinə zaminliyə aid maddi hüquq normaları tətbiq edilmişdir; ikincisi birinci instansiya məhkəməsi götürülmüş kreditdən faydalanan şəxsin məhz ipoteka qoyan olaraq iddiaçının özünün olması kimi işin faktiki halına düzgün hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin birinci dəlili artıq iddiaçının şikayətinin dəlillərinə yuxarıda verilən qiymətlə aradan qalxmış olur. Cavabdehin apellyasiya şikayətinin ikinci dəlilinə gəlincə kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən bununla bağlı ümumiyyətlə birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa cavabdehin həmin dəlili qanuni qüvvəyə minmiş Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(064)-2427/2017 saylı qətnaməsində cavabdehlərdən X3 vermiş olduğu izahatla inkar olunur. Belə ki, sonuncu həmin işə baxılarkən iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 may 2014-cü il tarixli 48R000000704 saylı kredit razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dollları məbləğində kredit götürmüş, o, kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsinə əsasən zamin kimi öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 müqavilə üzrə borcunu vaxtında ödəmiş, lakin son vaxtlar maddi vəziyyəti çətinləşdiyindən ödəniş apara bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2(064)-83/2024 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar