Məhkəmə qərarları › İş №2(106)-107/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-107/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-107/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)- 8/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 8130,41 manat əsas, 1438,17 manat faiz borcu olmaqla, cəmi 9568,58 manat məbləğində pulun və 115,69 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli iddianın həcminin azaldılmasına dair ərizə verərək Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK4745555A144 saylı kredit müqaviləsinə əsasən 8130,41 əsas, 1310,17 manat faiz, cəmi 9440,58 manat və ödənilmiş 115,69 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK4745555A144 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmiş və müqaviləyə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-8/2024 saylı qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) iddia təmin edilərək Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK4745555A144 saylı Kredit müqaviləsindən yaranmış 8130,41 manat əsas kredit borcu, 1438,17 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 115,69 manat olmaqla, cəmi 9684,27 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-8/2024 saylı qətnaməsindəki yanlışlığın aradan qaldırılaraq giriş, əsaslandırıcı və nəticə hissəsində Cavabdeh faiz borcunun 1310,17 manat olmaqla cəmi borcunun 9556,27 manat kimi oxunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: xx.xx.2022-ci il tarixli RGTK4745555A144 saylı kredit müqaviləsindən görünür ki İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 21% olmaqla 8130,41 manat məbləğində kreditin verilməsi barədə tərəflər arasında razılıq olmuşdur. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8130,41 manat əsas, 1438,17 manat faiz borcu olmaqla, cəmi 9568,58 manat borcu vardır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə iddiaçının təqdim etdiyi maliyyə arayışında, nə də işin digər materiallarında iddiaçının tələb etdiyi faiz borcu məbləğinin hansı qaydada hesablanması və bu zaman əsas götürülmüş müddət konkret göstərilmişdir. Ona görə də, hazırda tələb olunan faiz məbləğinin dəqiq miqdarı barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bununla əlaqədar yeni apellyasiya baxışında Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına uyğun olaraq hesablanmış faiz borcunun məbləği dəqiq müəyyən edilməlidir. Ona görə də, bunun üçün xüsusi bilik tələb edildiyindən müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Çünki iş üzrə qаnuni və obyektiv qətnamənin çıxаrılmаsı üçün borc məbləği ilə bаğlı hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn mütəxəssis vаsitəsilə müəyyən edilməsi zəruridir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Onun ümumiyyətlə banka ödəniş etməyə imkanı olmadığını bildirmişdir. O məhkəmə iclasında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan məbləğlə razı deyil, 2021-ci ilin noyabr ayına qədər hər ay 310 manat ödəmişdir. Hər ay ödəniş etdiyi halda hələ də kredit borcunun niyə azalmadığını, əksinə faiz borcunun getdikcə daha da çoxaldığını anlamır. İddiaçı iş üzrə həm hesablanmış əsas borcu, həm də faiz borcunu qəbul etmir. Birinci instansiya məhkəməsində iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan qərar qəbul etmişdir. Kredit ödənişi üzrə gecikmə ondan asılı olmayan səbəblərdən yaranmışdır. Hal-hazırda onun veteranlara verilən 80 manat məbləğində təqaüdü hər ay tam həcmdə iddiaçı tərəfindən kredit borcu üçün tutulur. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-8/2024 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, sadalanan qanunvericilik normalarının tələbləri hazırkı mübahisəyə tətbiq edildikdə müəyyən olunan hal ondan ibarətdir ki, cavabdeh bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı təşkilat cavabdehdən əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya diqqətə çatdırır ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli 9/9875 saylı ekspert rəyi ilə Cavabdeh banka xx.xx.2022-ci il tarixli RGTK4745555A144 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il (qətnamə çıxarılan) tarixə əsas borc üzrə 8.130,41 manat, xx.xx.2022-ci il (xəbərdarlıq barədə bildiriş göndərilən) tarixə faiz borcu üzrə 636,40 manat məbləğdə borcunun olması müəyyən edilmişdir. İşdən göründüyü kimi, İddiaçı ASC xx.xx.2023-cü il tarixli iddianın həcminin azaldılmasına dair ərizə vermiş, lakin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Ancaq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-8/2024 saylı qətnaməsindəki yanlışlığın aradan qaldırılması qərara alınmışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi adıçəkilən qərardadı qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, qeyd edilən tələb üzrə əlavə qətnamə çıxarmalı olduğu halda, qətnamənin mahiyyətinə xələl gətirən yanlışlığın aradan qaldırımasına dair qərardad qəbul etmişdir. MPM-in 229.1.1-ci maddəsinin tələbinə görə iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Məhkəmə tərkibi yuxarıda göstərilənlər prosessual qanunvericiliyin tələblərini və dispozitivlik prinsipini rəhbər tutaraq diqqətə çatdırır ki, hazırkı qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Qəbul edilən yeni qətnamədə Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK4745555A144 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan borcu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli 9/9875 saylı ekspert rəyinə uyğun müəyyən edilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-8/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, əsas borc qismində 8130 (səkkiz min yüz otuz) manat 41 (qırx bir) qəpik, faiz borcu qismində 636 (altı yüz otuz altı) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə tərkibi eyni zamanda qeyd edir ki, Sabirabad Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı prosessual pozuntu ilə çıxarılaraq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-8/2024 saylı qətnaməsinin mahiyyətini dəyişməyə yönəlik olduğundan qüvvədən düşmüş hesab edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli 9/5988 saylı ekspert rəyinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli 9/9875 saylı ekspert rəyinə görə isə 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-8/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc qismində 8130 (səkkiz min yüz otuz) manat 41 (qırx bir) qəpik, faiz borcu qismində 636 (altı yüz otuz altı) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli 9/5988 saylı ekspert rəyinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 05 fevral 2025-ci il tarixli 9/9875 saylı ekspert rəyinə görə isə 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar