Məhkəmə qərarları › İş №2(106)-1070/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1070/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1070/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(057)-519/2024 saylı qətnaməsindən (hakim A.Səmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 18 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə 18 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat miqdarında sabit pul məbləğində alimenin tutularaq ona verilməsi qət edilmişdir. Bu məbləğ uşağının ehtiyaclarını ödəmir. Hal-hazırda uşağı ilə birlikdə atasının himayəsində yaşayır, onun və uşağının ehtiyaclarını atası qarşılayr. Cavabdeh uşağı ilə maraqlanmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh işləyir 500 manat əmək haqqı alır. Cavabdehin verdiyi aliment uşağın ehtiyaclarını ödəməyə yetmir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, aralarında olan nikah 2022-ci il tarixdə pozulmuş, aliment iki dəfə artırılmışdır. 2012-ci ildə birinci dəfə 60 manat, daha sonra 2022-ci il tarixdə isə 140 manat müəyyən olunmuşdur. 2021-ci ilin ortalarından “Veysəloğlu” şirkətində “Oba” marketdə fəhlə işləyir, 300 manat əmək haqqı alır. Alimenti hər ay ödəyir. Əmək haqqı 500 manat olsada, 300 manat əmək haqqı alır. Kirayədə yaşayır, heç bir başqa qazancı yoxdur, 150 manat aliment ödəməyə imkanı çatar. Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(057)-519/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 18 iyun 2012-ci il il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edən zaman rəsmi iş yerinin olmasını nəzərə almamış, bu səbəbdən də aliment təyin olunan zaman əmək haqqına münasibətdə deyil, sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdeh məhkəmə iclasında da iş yeri barədə məlumat vermişdir. Rəsmi arayış təqdim etməsə də, rəsmi işlədiyinin bildirmişdir. Məhkəmə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə də iş yeri və əmək haqqı barədə məlumat əldə edə bilərdi. Məhkəmə izahatındakı xüsusatları nəzərə almayaraq qətnamə qəbul etmişdir. Halbuki məhkəmə qətnamə qəbul edən zaman tərəflərin istinad etdiyi xüsussatları araşdırmalı və qətnamədə həmin xüsusatlara qiymət verməlidir. İş yerindən arayışı təqdim edir. Çünki məhkəmənin rəsmi iş yerini araşdırmadığının şahidi oldu. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Salyan rayon qeydiyyat şöbəsi tərəfindən 15 may 2013cü ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 iyun 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iş üzrə Salyan Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün Salyan Rayon Məhkəməsinin 3 dekabr 2019-cu il tarixli 2(057)-1587/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin qətnamə ilə işin müəyyən olunan halları aşağıdakılardan ibarət olmuşdur: tərəflər 13 oktyabr 2011-ci ildə rəsmi nikaha girərək ailə qurmuş və birgə nikahlarından 18 iyun 2012-ci ildə X4 adlı bir uşaqları olmuşdur; Salyan Rayon Məhkəməsinin 4 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 60 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iş üzrə Salyan Rayon Məhkəməsinin 3 dekabr 2019-cu il tarixli 2(057)-1587/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 120 manat məbləğində müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışa əsasən cavabdehin adına hər hansı bir əmlak qeydiyyatdan keçmir, "xxxx" MMC-də yardımçı fəhlə işləyir, aylıq əmək haqqı 500 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsialiment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum qərarları və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud artırılan hissədə alimentin məbləğinin dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Baş vermiş dəyişikliklər isə ondan ibarətdir ki, keçən müddət ərzində ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımlar baş vermiş, yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə hər ay 140 manat manat aliment təyin olunan zaman ölkədə uşaqlar üçün qanunla müəyyən olunan yaşayış minimumu 193 manat təşkil edirdi ki, qətnamə ilə təyin olunan həmin məbləğ həmin dövr üçün yaşayış minimumunun 72.5% hissəsinə bərabər idi. Hazırda 2024-cü ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu 235 manat təşkil edir ki, artırılaraq müəyyən olunan 170 manat aliment yaşayış minimumunun 72.5% hissəsinə bərabərdir. Göründüyü kimi alimentin məbləğlərinin artım tempi zamanında qüvvədə olan yaşayış minimumlarına münasibətdə dəyişmişdir. Kollegiya alimentin miqdarının artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin maddi imkanının aşağı olmasını, kirayədə yaşamasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini və bunun da öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını nəzərə alan birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərək, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarını artırıb hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, yaxud dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (170X12=2040; 235X12=2820; 2820-2040=780) 780 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(057)-519/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar