Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1072/2024 01.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X2 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-154/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulması qət edilmiş hər ay hər uşağa görə 175.00 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa görə 220.00 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440.00 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş əvvəlki məhkəmə iclasında iştirak etmiş və hazırkı məhkəmə iclasına maddi imkanı olmadığından gələ bilməyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş və göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuş və xx.xx.2008-ci il tarixdə Beyləqan rayon İHB-nın Yuxarı Aran kənd Ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. İlk əvvəl cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuşdir. Beyləqan rayon məhkəməsinin 2(020)- 1275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulması qət edilmiş, lakin uşaqların hansı valideynin yanında qalması və aliment tutulmasına dair hissəsi baxılmamış qalmışdır. Bundan sonra, Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı “Uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tutulması tələbinə dair” iddia ərizəsi qismən təmin edilməklə cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt şəhərində kirayədə yaşayır, uşaqlar da onun himayəsindədirlər və Sumqayıt şəhər 14 saylı Tam Orta Məktəbdə təhsil alırlar. Özü işləmir, evdar qadındır, maddi vəziyyəti ağırdır. Yaşayış şərtlərinin daha da çətinləşməsi, qiymətlərin qalxması və digər səbəblərdən uşaqların gündəlik maddi tələbatını lazımınca ödəyə bilmir. Ona görə də himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulması qət edilmiş hər ay hər uşağa görə 175.00 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa görə 220.00 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440.00 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan telefonqramadan görünür ki, Cavabdeh istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmış, cavabdeh iddiaçının iddiasını qəbul etmədiyini, hər ay hər uşağa 175 manat aliment ödədiyi, maddi imlkanın aşağı olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən və işə onun iştirakı olmadan baxılması mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-154/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev), iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-154/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Beyləqan Rayon Məhkəməsinin 2(020)-154/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-154/2024 saylı, 19 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. İşdə olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı qaldırdığı “Uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tutulması tələbinə dair” iddia ərizəsi qismən təmin edilməklə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009cu il təvəllüdlü X1 İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci ildə Ülvü, xx.xx.2009-cu ildə Vüsal adlı uşaqları anadan olmuşdur. Beyləqan rayon məhkəməsinin 2(020)-1275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)- 72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı məhkəmədə Cavabdeh qarşı qaldırdığı “Uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tutulması tələbinə dair” iddia ərizəsi qismən təmin edilməklə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin kollegiya onu da nəzərdən qaçırmır ki, iddiaçı aliment tələbi ilə bağlı Şumqayıt şəhir məhkəməsinə müraciət etmiş Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin həmin vaxtdan uzun bir müddət keçməmiş iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin məbləğlı razılaşmış, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Ümumiyyətlə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək müəyyən edir ki, Cavabdeh maddi vəziyyətində dəyişiklik olması, yəni onun gəlirlərinin artması müəyən edilməmiş, həmçinin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həmçinin uşaqlara münasibətdə alimentin miqdarının artırılması səbəblərini əsaslandıra bilməmişdir. Belə bir vəziyyətdə alimentin müəyyən olunmuş miqdarının artırılması cavabdehin çətin maddi duruma düşməsinə gətirib çıxaracaqdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1080 ((440-350)x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-154/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.