Məhkəmə qərarları › İş №2(106)-1076/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1076/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1076/2024 27.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)- 82/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 45000 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlərdən cəmi 17370,00 manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.. Həmin qətnamədən iddiaçı və onun nümayəndəsi X1, cavabdehlər və onun nümayəndəsi Nümayəndə2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində həmin nümayəndələrin adlarına yaradılmış elektron kabinetlər vasitəsilə apelyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli, 2(106)826/2024 nömrəli qərardadı ilə “Elektron məhkəmə” informasiya sistemində cavabdehlərin nümayəndəsi Nümayəndə2 adına yaradılmış elektron kabinet vasitəsilə verilmiş apelyasiya şikayəti həmin qətnamənin surətinin sonuncunun şəxsi elektron kabinetinə 19 fevral 2024-cü il tarixdə yerləşdirildiyi halda, Nümayəndə2 apelyasiya şikayətini şəxsi elektron kabineti vasitəsilə “Novruz bayramı” ilə əlaqədar qeyri-iş günlərindən sonrakı birinci iş günü olmuş 27 mart 2024-cü il tarixdə deyil, 28 mart 2024-cü il tarixdə, beləliklə də qətnamənin surətinin ona rəsmi qaydada təqdim edildiyi gündən qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti 1 gün ötürməklə verməsinə, amma həmin müddətin bərpa edilməsi barədə ərizə verməməsinə görə qeyri-mümkün hesab edilmiş, mülki iş göstərilən apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinə uyğunluğunun yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra cavabdehlər 11 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh2 adına yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, onlar tərəfindən həmin qətnamədən apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, ərizələrinə həmin qətnamədən ikinci dəfə verdikləri apelyasiya şikayətini əlavə etmişlər. Cavabdehlər həmin ərizəni onunla əsaslandırmışlar ki, onlar həmin qətnamənin surətini 06 mart 2024-cü il tarixdə rəsmi qaydada almışlar. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli qərardadı ilə onların apelyasiya şikayəti nümayəndələri Nümayəndə2 tərəfindən verilmiş kimi qəbul edilib, qanunla müəyyən edilmiş, ötürülmüş müddətin bərpa edilməsi zərurətinin olması qənaətinə gəlinərək geri qaytarılsa da, onlar həmin qətnamədən apelyasiya şikayətini 27 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində onların nümayəndəsi Nümayəndə2 adına yaradılmış elektron kabinet vasitəsilə sonuncu ilə birlikdə vermişlər. Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı (hakim: Aqil Musayev) ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, cavabdehlər tərəfindən həmin qətnamədən apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə elektron məhkəmə informasiya sisteminə 19 fevral 2024cü il tarixdə yerləşdirildiyinə, cavabdehlər etibarnamə əsasında nümayəndələri Nümayəndə2 qətnamədən apelyasiya şikayəti vermək hüququnu etibar etdiklərinə və sonuncu həmin qətnamənin surətini elektron kabinetinə yerləşdirildiyi 19 fevral 2024-cü il tarixdə rəsmi qaydada aldığına görə cavabdehlərin həmin qətnamədən apelyasiya şikayəti vermə müddəti müvafiq dövrdə elektron məhkəmə informasiya sistemində onların adına elektron kabinet mövcud olmasa da, həmin qətnamənin surətini poçt vasitəsilə aldıqları vaxtdan deyil, elektron məhkəmə informasiya sisteminə yerləşdirildiyi və nümayəndələri tərəfindən rəsmi qaydada alındığı 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-82/2024 (Hakim: Aqil Musayev) qərardadı ilə, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı şikayət verərək, Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadını ləğv etməklə cavabdehlər tərəfindən həmin qətnamədən apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)- 82/2024 saylı qərardadında göstərilənləri qanuni hesab edərək qeyd edir ki, cavabdehlər və onların nümayəndəsi Nümayəndə2 həmin qətnamədən ilk dəfə apelyasiya şikayətini bununla bağlı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti həmin qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra həmin müddətin “Novruz bayramı” ilə əlaqədar qeyri-iş günlərindən sonrakı birinci iş günü olmuş sonuncu günündə - 27 mart 2024-cü il tarixdə deyil, 28 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində sonuncunun adına yaradılmış elektron kabinet vasitəsilə verməklə, həmin müddəti 1 gün ötürdüklərinə, cavabdehlər həmin qətnamədən ikinci dəfə apelyasiya şikayətini 11 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh2 adına yaradılmış elektron kabinet vasitəsilə verdiklərinə görə cavabdehlərin həmin qətnamədən apelyasiya şikayətini qanunla nəzərdə tutulmuş qaydada vermə müddətini buraxmalarının səbəbi üzrlü hesab edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan istifadə etmişdir. cavabdeh məhkəmə qətnaməsindən 1 gün gecikməklə apellyasiya şikayəti vermiş və apelyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır. Cavabdeh isə şikayətin verilməsinin son gününün Novruz bayramından sonrakı 1-ci iş günü olduğunu hesab etməmiş, yəni şikayəti bir gün gecikdirməklə vermişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin ötürülməsinin üzürlü hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, apellyasiya şikayəti nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə verilməsi mahiyyət etibarilə yeni verilmədir və bu MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər anlayışına tamamilə uyğundur. Əks halda apellyasiyanın mümükünlüyü üçün prosessual əsaslar yaranmamış olur ki, bu da buraxılmış müddət bərpa edilmədən apellyasiya şikayəti üzrə apellyasiya icraatın davam etməsini mümükünsüz edir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə qənaətə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar