Məhkəmə qərarları › İş №2(106)-108/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-108/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-108/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun nümayəndələri və vəkilləri X1 və Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(071)-446/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 31 may 2021-ci il tarixdə saat 16 radələrində Cavabdeh1 idarə etdiyi AZ 10 R 338 dövlət qeydiyyat nişanlı "JCB 3CX4T” markalı ekskavator - yükləyici ilə Qusar-Xudat yolunun Ləyər-qışlaq kəndi ərazisindən keçən 26-cı kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin və 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni ekskavator-yükləyicinin kabinasında adam aparmamalı, idarə etdiyi ekskavatorda yerdəyişmə, dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda qanunun bu tələblərini pozaraq ekskavator-yükləyicinin kabinasında tanışı Hacıqabul rayonu Navahi qəsəbəsində yaşayan X4 əyləşdirmiş, eləcə də əvvəlcədən Qusar rayonu Ləyər-qışlaq kəndində yaşayan X10 ilə aralarında olan razılaşmaya əsasən sonuncuya məxsus yaşayış evinin həyətində kanalizasiya quyusu qazma işləri görmək üçün asfalt yoldan sonuncunun yaşadığı məhəlləyə, yəni sol tərəfə qəfil dönərək həmin istiqamətdə hərəkət etməyini davam etmiş və buna görə də arxadan Xudat şəhəri istiqamətində hərəkətdə olan və həmin vaxt əks istiqamətli hərəkət zolağına çıxmış və artıq ötmə əməliyyatını yerinə yetirən X5 idarə etdiyi "DAF XF95480” markalı C0007 OC 96 rus dövlət qeydiyyat nişanlı qoşqulu avtomobillə əks istiqamətli hərəkət zolağında toqquşaraq asfalt yolun üzərinə aşmış, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Qubad Baxşıyevin sağlamlığına “sol dirsək oynağının arxa səthinin cərrahi tikilmiş yarası, sağ sağrı nahiyyəsinin qançırı, aralıq və xaya nahiyyəsinin qançırı, döş qəfəsinin sol hissəsində 10-cu, 11-ci qabırğalarının yerdəyişən sınığı və hemotoraks” ilə ifadə olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Hazırkı mülki iş üzrə iddiaçı "DAF XF95480” markalı C0007 OC 96 rus dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin mülkiyyətçisidir, həmin avtomobilin zədələnməsi ilə əlaqədar ona dəymiş maddi zərəri tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 31.105 manat və ödənilmiş 213 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan "DAF XF95480” markalı C0007 oc 96 Rus qeydiyyat nişanlı yük avtomobilini müqavilə əsasında Astara rayonu Siyaku kəndində yaşayan sürücü X7 idarə edərək, 31 may 2021-ci il tarixdə saat 16 radələrində Qusar-Xudat yolunun 26-cı km-də hərəkətdə olarkən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisindən keçən hissədə qarşı tərəfdə onunla eyni istiqamətdə hərəkətdə olan Cavabdeh1 idarə etdiyi AZ 10R-338 dövlət qeydiyyat nişanlı "JCB 3CX4T” markalı ekskavator - yükləyicinin asta sürətlə hərəkətdə olmasını görüb, dönmə işıq siqnalını qoşaraq əks istiqamətli hərəkət yoluna çıxaraq ötmə əməliyyatı aparmaqla öz hərəkətini davam etmişdir. Həmin vaxtı ekskavator-yükləyiçinin sürücüsü - Cavabdeh1 sola dönmə işıq siqnalını işlətmədən idarə etdiyi ekskavatoru yolun sol tərəfdə yerləşən Qusar rayonu Ləyər-qışlaq kəndinə tərəf istiqalmətləndirmiş və bunu görən "DAF XF95480” markalı avtomobilin sürücüsü X8 baş verə biləcək hadisənin qarşısını almaq ücün əyləci sıxaraq səs siqnalı verib, sükanı sol tərəfə yönləndirmişdir. Buna baxmayaraq, yol-nəqliyyat hadisəsinin qarşısını almaq mümkün olmamış və toqquşma baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsi vaxtı ekskavator-yükləyicidə olan X6 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarəti, X7 və Cavabdeh1 isə sağlamlığa zərər vurmayan bədən xəsarəti almışlar, İddiaçı məxsus olan nəqliyyat vasitəsinə ciddi zərər dəymişdir. Həmin hadisə ilə əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdə Qusar RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi AZ 10R-338 dövlət qeydiyyat nişanlı "JCB 3CX4T” markalı ekskavatoryükləyicinin sürücüsü Cavabdeh1 təqsiri üzündən baş vermişdir. Buna görə də, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayətə görə ittiham elan edilmiş, lakin zərər çəkmiş şəxs X6 istintaq zamanı vermiş olduğu ərizəsində təqsirləndirilən şəxs Cavabdeh1 şikayəti olmadığını bildirmiş, eyni zamanda təqsirləndirilən şəxs Cavabdeh1 da istintaq orqanına ərizə ilə müraciət edərək, bəraətverici əsaslar olmadan onun barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmin əsasa görə istintaq orqanı xx.xx.2021-ci il tarixli qərarla Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CPM-nin 40.3-cü maddəsinə əsasən xitam vermiş, lakin baş vermiş yolnəqliyyat hadisəsi zamanı yük avtomobilinin zədələnməsi nəticəsində İddiaçı dəyən zərərin ödənilməsi təmin edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında atası Cavabdeh2 məxsus olan 10-R-338 dövlət qeydiyyat nişanlı "JCB 3CX4 T” markalı ekskavator-yükləyicini etibarnamə olmadan idarə edərək qəza törətmişdir. Cinayət işi üzrə qəbul edilmiş qərardan görünür ki, Cavabdeh1 atası Cavabdeh2 məxsus olan ekskavatorla Qusar rayonu ərazisində yeni inşa edilən yolda işləmək üçün etibarnaməsi olmadan getmişdir. Cavabdehlər Cavabdeh1 təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan "DAF XF95480” markalı C0007 OC 96 Rus qeydiyyat nişanlı avtomaşına Qusar rayonunda yerləşən "VAZ” kooperativində komissiya tərəfindən baxış keçirilmiş və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən avtomaşının sahibinə 31.105 manat ziyan dəyməsi müəyyən edilmişdir. Ötən müddət ərzində yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan nəqliyyat vasitəsinin sıradan çıxmış hissələri dəyişdirilmiş və bəzi hissələri isə təmir edilərək bərpa edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehlərə xx.xx.2022-ci il tarixdə sifarişli məktub göndərilmiş, lakin həmin məktub bu günə qədər cavabsız qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Əlmurad oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(071)-446/2022 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus olan "DAF XF95480” markalı C0007 OC 96 Rus qeydiyyat nömrə nişanlı yük avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 31.105 manat və ödənilmiş 213 manat dövlət rüsumu olmaqla, cəmi 31.318 (otuz bir min üç yüz on səkkiz) manat pul tutalaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 atası Cavabdeh2 məxsus olan AZ 10 R 338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T” markalı ekskavator - yükləyicini etibarnamə olmadan idarə etməklə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olduğu, həmçinin Cavabdeh2 etibarnamə olmadan ekskavator - yükləyicini idarə etmək üçün oğlu Cavabdeh1 verməsi qanuni qüvvəyə minmiş qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə onların mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini zərər vurandan və yüksək təhlükə mənbəyi olan ekskavator - yükləyicinin sahibindən tələb etməkdə haqlıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1108.1-1108.2, 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsini səhv tətbiq etmişdir. Çünki qanunvericilik yalnız yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda zərərin əvəzini ödəmək vəzifəsini eyni zamanda mənbə sahibinin üzərinə qoyulmasını ehtiva edir. İş materialında isə Cavabdeh2 təqsirli olması barədə heç bir sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozaraq sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iddianın Cavabdeh2 aidiyyəti olmadığı halda iddianı ona aid hissədə də təmin etmişdir. Göstərilənlərə əsasən Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(071)-446/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun nümayəndələri və vəkilləri X3 və Vəkil2 apellyasiya şikayətini müdafiə edərək Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(071)-446/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(071)-446/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini qəbul etməyərək Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(071)-446/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.6.Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, yol-nəqliyyat hadisəsində cavabdehlərin təqsirli olması onların təhqiqat zamanı verdiyi ifadələrlə, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X.Dadaşovun xx.xx.2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə sübuta yetirilmişdir. İş materiallarında olan Qusar Rayon Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 327.2-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehlərin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcuddur və iş materialında olan sübutlarla öz təsdiqini tapmışdır. Kollegiya zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən, tədqiq edilən “DAF XF 95480” markalı, C0007 OC 96 Rus dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 26905,00 manat müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti -18205,00 manat. 2.Təmir-bərpa işlərinin qiyməti -8700,00 manat. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Cavabdeh2 apellyasiya şikayətində özünün təqsirli olması barədə sübut olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə qeyd edir ki, Cavabdeh2 etibarnamə olmadan AZ 10 R 338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T” markalı ekskavator - yükləyicini idarə etmək üçün Cavabdeh1 vermişdir. Məhkəmə kollegiyası bu səbəbdən hesab edir ki, iddiaçı ona vurulmuş zərərin ödənilməsini zərər vurandan və yüksək təhlükə mənbəyi olan ekskavator-yükləyicinin sahibindən tələb etməkdə haqlı olmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan maddi zərərin məbləği və dövlət rüsumuna aid hissədə dəyişdirilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus olan "DAF XF95480” markalı C0007 OC 96 Rus qeydiyyat nömrə nişanlı yük avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 26905,00 (iyirmi altı min doqquz yüz beş) manat və dövlət rüsumuna görə ödənilmiş 213 (iki yüz on üç) manatın 180 (yüz səksən) manatı tutalaraq İddiaçı verilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 20 (iyirmi) manatı isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(071)-446/2022 nömrəli qətnaməsi tutulmalı olan maddi zərərin məbləği və dövlət rüsumuna aid hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus olan "DAF XF95480” markalı C0007 OC 96 Rus qeydiyyat nömrə nişanlı yük avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 26905,00 (iyirmi altı min doqquz yüz beş) manat, dövlət rüsumuna görə 180 (yüz səksən) manat pul tutularaq İddiaçı verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 80 (səksən) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 20 (iyirmi) manatı isə İddiaçı tutularaq (Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********000003944, SWİFT Bik CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Allahyarov Hakimlər Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar