Məhkəmə qərarları › İş №2(106)-108/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-108/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-108/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(073)- 1438/2023 saylı qətnaməsindən (hakim E.Əmirəliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, 22 yanvar 2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsi üzrə 1924.87 manat əsas borc, 22 yanvar 2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 16% dərəcəsi ilə hesablanmış 525.98 manat adi faiz borcu, 22 yanvar 2023 cü il tarixdən 19 iyun 2023 cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanmış 128.94 manat məbləğində zərərin əvəzi, 19 iyun 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə ilik 15% dərəcəsi ilə hesablanmış 358.55 manat məbləğində penya, cəmi 2938.34 manat və 19 iyun 2023-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanan penya və ərizənin verilməsinə görə 49.39 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbin həcmini artıraraq 1924.87 manat əsas borc, 22 yanvar 2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 16% dərəcəsi ilə hesablanmış 444.22 manat adi faiz borcu, 22 yanvar 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanmış 218.76 manat zərərin əvəzi, 04 oktyabr 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 442.76 manat məbləğində penya, cəmi 3030.61 manat və 4 oktyabr 2023-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanan penya və ərizənin verilməsinə görə 50.31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh (borc alan) X2 aralarında bağlanmış 22 yanvar 2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsinə müvafiq olaraq 24 ay müddətinə, illik 16% ödənilməsi şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin verilməsi müddətinin bitdiyi tarixə, yəni 22 yanvar 2023-cü il tarixinə kredit üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu 2450.85 manat olmuşdur ki, bunun da 1924.87 manatı vaxtı keçmiş əsas borc, 444.22 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditləşmə müddətinin bitdiyi 22 yanvar 2023-cü il tarixindən sonra cavabdeh banka ümumilikdə 180 manat məbləğində ödəniş etmişdir ki, bununda 80 manatı faiz borcunun, 100 manatı isə vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi ilə penya da ödəməlidir ki, 4 oktyabr 2023-cü il tarixinə bu məbləğ 442.76 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzrəinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair 20 avqust 2021-ci il tarixli 373 nömrəli, 14 sentyabr 2021-ci il tarixli 404 nömrəli, 04 oktyabr 2021-ci il tarixli 437 nömrəli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borc alan borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstutisiyası Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. X3 məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir.” Yuxarıda qeyd edilənləri nəzərə alınaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mərkəzi Bankının kapitalının və onun adekvatlığının hesablanması Qaydaları tələbindən irəli gələrək istehlak kerditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kteditlərinin illik faiz 19% təşkil etməyinə baxmayaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 22 yanvar 2023 cü il tarixdən 4 oktyabr 2023 cü il tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldən çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş 16 % əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək olan dövr üçün bu məbləğ 218.76 manat təşkil edir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(073)-1438/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 22 yanvar 2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsi üzrə 1924.87 manat əsas borc, 22 yanvar 2023-cü il tarixinə kimi illik 16 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş 444.22 manat kreditdən istifadəyə görə adi faizlər üzrə borc, 4 oktyabr 2023-cu il tarixinə qədər hesablanmış 100 manat penya olmaqla, cəmi 2469.09 manat məbləğində borc və 49.39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı ASC “Xalq” Bankına verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı ASC “Xalq” Bankı apellyasiya şikayəti verərək qismən ləğv olunması və iddia tələblərinin tam təmin edilməsinə, həmçinin apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 25.16 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş aşağıdakı halları qəbul etmirik: 1. İddia ərizəsinin penya tələbi üzrə hissəsinin tənasübsüz surətdə azaldılmasını, yəni qismən təmin edilməsi; 2. İddia ərizəsinin xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinəillik 16 % dərəcəsi ilə hesablanmış 218.76 manat məbləğində zərərin əvəzinin tutulması hissəsində təmin edilməməsi; 3. İddia ərizəsinin xx.xx.2023-cü iltarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın tutulmasına dair hissəsinə münasibət bildirməyərək təmin etməməsi barədə gəldiyi nəticəni. Aşağıda qeyd edilən əsaslara görə hesab edirik ki, məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin qətnamənin qismən ləğv edilməsinə və bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamədə xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 218.76 manat məbləğində zərərin əvəzinin cavabdehdən tutulmasına dair hissədə iddia tələbini rədd edərkən öz mövqeyini bununla əsaslandırmışdır ki, “Məhkəmə eyni zamanda hesab edir ki, iddianın 22 yanvar 2023-cü tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 04 oktyabr 2023-cu il tarixinə qədər illik 16% dərəcəsi ilə hesablanmış 218.76 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin cavabdehdən tutulması hissəsi təmin olunmamalıdır. Belə ki, iddiaçı bank cavabdeh tərəfindən həmin krediti banka faktiki qaytarma tarixinədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı məhkəmə tərəfindən mülki iş materiallarında hər hansı bir sübut növü müəyyən edilməmişdir” (qətnamənin 5-ci səhifəsinin 9-10-cu abzasları). Bildiririk ki, məhkəmə həmin mövqeyi sərgiləməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Bankın yuxarıda göstərilən tələbinin əsaslı və buna görə də, təmin edilməli olmasını göstərmək üçün aşağıda qeyd olunanları apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istərdik. Belə ki, kredit müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir ki, kreditdən istifadəyə görə faizlər borcun tam ödənildiyi tarixədək hesablanır. Bu faizlər kreditor tərəfindən əldə edilibsə onun gəlirinə (mənfəətinə), əldə edilməyibsə əldən çıxmış faydaya çevrilir. Bundan əlavə, iddiaçının kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2023-cü il) iddiaya dəyişiklik edilməsinə dair ərizənin məhkəməyə təqdim edildiyi tarixə (xx.xx.2023-cü il) qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış məhkəməyə təqdim edilmişdir və iddia ərizəsində də qeyd edilmişdir ki, “iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 6 (altı) aya yaxın müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 19% təşkil etməyinə baxmayaraq, bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldə çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş (16 %) əldə rəhbər tutmağı əsaslı hesab edir.” İddiaçının əldən çıxmış faydanı hesablamaq üçün istifadə etdiyi yuxarıda göstərilən hesablama metodu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarından irəli gəlir. Həmin qərara görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman Konstitusiya Məhkəməsi istinad edilən qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirməsi kifayətdir. Yəni, kreditor tərəfindən həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi yetərlidir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Bizim halda da, kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2023-cü il) iddiaya dəyişiklik edilməsinə dair ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə (xx.xx.2023-cü il) qədər xeyli müddət keçmişdir və Konstitusiya Məhkəməsinin yuxarıda istinad etdiyimiz qərarına uyğun olaraq bank bu müddət ərzində əldən çıxmış faydanın tələb edilməsində tamamilə haqlıdır. Lakin Cəlilabad Rayon Məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, iddiaçı tərəfindən əldən çıxmış fayda şəklində zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq (Mərkəzi Bankın rəsmi internet səhifəsindən çıxarışlar - 2 ədəd), həmin sübutların iş materiallarına əlavə edilməməsini əsas gətirərək əldən çıxmış faydanın tutulması hissəsində bankın iddiasını əsassız olaraq təmin etməmişdir. Beləliklə məhkəmə əldən çıxmış fayda hissəsində iddia tələbini təmin etməməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur. Azərbaycan Respublikasında bank fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Banklar haqqında» Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli 25/1 №-li Qərarı ilətəsdiq edilmiş «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları»na əsasən bank öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsəvvür etmək üçün öz aktivlərini qiymətləndirir və bu aktivlər üzrə müvafiq ehtiyatlar yaradır. Qeyd edilən Qaydalar banklar tərəfindən aktivlərin təsnifləşdirilməsi və yaradılacaq ehtiyatların minimum miqdarını müəyyən edir. Qaydalara uyğun olaraq aktivlər (o cümlədən kreditlər) qənaətbəxş, nəzarət altında olan, qeyriqənaətbəxş, təhlükəli və ümidsiz aktivlər kimi təsnifləşdirilməli və həmin aktivlər (o cümlədən kreditlər) üzrə müvafiq olaraq bir, bir/iki, iyirmi beş, əlli və yüzfaiz miqdarında ehtiyatlar yaradılmalıdır. Qaydaların 4.3-cü bəndinə uyğun olaraq ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır. Başqa sözlə müvafiq aktiv (o cümlədən kredit) üzrə yaradılmış ehtiyatlar müvəqqəti olaraq mülki dövriyyədən çıxarılmış olur və bank həmin məbləğlərdən istifadə edərək kreditləri verə bilmədiyi üçün fayda əldə etmək imkanından da məhrum olur. Xüsusilə qeyd etmək istərdik ki, yaradılan ehtiyatların məbləği borc alanın müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini icra intizamından bilavasitə asılıdır. İddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit də iddiaçı tərəfindən Qaydalara uyğun olaraq təsnifləşdirilmiş və müvafiq ehtiyatlar yaradılmışdır (müvafiq arayış əlavə edilib). Belə ki, qeyd edilən kredit üzrə xx.xx.2023-cü il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 1924.87 manat məbləğinə bərabər olan vəsait təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla bank Cavabdeh təqdim olunmuş şərtlərlə, yəni illik 16% dərəcəsi ilə başqa şəxsə kredit versə idi, 687.66 manat məbləğində gəlir əldə etmiş olardı. Göründüyü kimi bu məbləğ kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə tələb olunan penyadan çoxdur. Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 100 manat məbləğində penya isə bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının birinci instansiya məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. Qeyd etmək istərdik ki, qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Göründüyü kimi, məhkəmə iddianın 442.76 manat məbləğində penya tələbinə dair hissəsinə qiymət verərkən müəyyən edilmiş 100 manat məbləğində penyanın necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. Bu hal isə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin nəzərə alınmasına dair müddəalarının məhkəmə tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Lakin məhkəmə iddia ərizəsində iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın cavabdehdən tutulması tələbinə dair hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №- li Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, məhkəmə MPM-in 220.4-cü maddəsinin və Ali Məhkəmənin müvafiq qərarının tələblərini kobud şəkildə pozmuşdur. Digər tərəfdən məhkəmənin iddia tələbi üzrə münasibət bildirmədiyi həmin hissəyə dair isə qeyd edirik ki, “xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsiilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasına dair bankın tələbləri Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına əsaslanır. X3 Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə: “Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir”. Məhz Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyindən çıxış edərək bir daha vurğulayırıq ki, xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasına dair hissədə bankın tələbləri təmin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişdir, kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin olunmayan hissələrində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə 22 yanvar 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanmış 218.76 manat zərərin əvəzinin tutulması hissədə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Kreditor ASC “Xalq” Bankı ilə borc alan Cavabdeh arasında xx.xx.2021-ci ildə bağlanmış DKM/**********31821 saylı kredit müqaviləsinə əsasən, borc alana illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə qaytarılması şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir; Kredit müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən borc alan almış olduğu krediti xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 146.89 manat məbləğində ödənişlər etməklə xx.xx.2023-cü il tarixinədək qaytarmalı idi; Tələbin həcmi artırılandan sonra təqdim olunan maliyyə arayışına əsasən borc alanın xx.xx.2023-cü il tarixinə kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi 1924.87 manat əsas borc, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 16% dərəcəsi ilə hesablanmış 444.22 manat adi faiz borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanmış 218.76 manat zərərin əvəzi, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 442.76 manat məbləğində penya olmaqla, cəmi 3030.61 manat təşkil edir; xx.xx.2021-ci il tarixli 373 saylı, xx.xx.2021-ci il tarixli 404 saylı və xx.xx.2021-cil tarixli 437 saylı xəbərdarlıqlardan görünür ki, kreditor borc alandan yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq emişdir; Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7446 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2021-ci il tarixli DKM/**********31821 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 2410.61 manat, illik 5%-lə hesablanan əldən çıxmış fayda 98.02 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya şikayətlərinin dəlillərini qətnamə ilə müəyyən olunan maliyyə arayışının tarixinə xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 218.76 manat əldən çıxmış faydanın tutulması hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitutsiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Kollegiya hesab edir ki, sadalanan qanunvericilik aktı normaları, Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqelər baxımından borc alan kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu kredit öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, kreditorun öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əssasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəllləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan şərhi baxımından borc alan kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə və kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşan hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının maliyyə arayışının tarixinə xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 218.76 manat əldən çıxmış faydanın tutulması tələbi, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın tutulması formada təmin oluna bilər. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2023 tarixinə kredit müqaviləsi üzrə illik 5%-lə hesablanan əldən çıxmış faydanın məbləği 98.02 manat müəyyən olunmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri qeyd olunan hissədə qismən əsaslıdır. Apellyasiya şikayətlərinin dəlillərini qətnamə ilə müəyyən olunan cərimə məbləği hissədə tədqiq edən kollegiya aşığıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Hesablanmış dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edib 100 manata qədər azaldan birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır və hesab edir ki, bütün əsaslı mənafeləri birinci instansiya məhkəməsi nəzərə almışdır. İddiaçının hesablayaraq ödənilməsini tələb etdiyi 442.76 manat dəbbə pulunun 100 manata qədər azaldılması, işin halları (borc alanın ödənişlər etməsi, müqavilə müddəti üçün müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faiz borcunun da olması) nəzərə alınaraq tənasübsüz surətdə yüksək dəbbə pulunun ədalətli azaldılması kimi qəbul edilə bilər. Kollegiya 4 oktyabr 2023-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması kimi tələbin qeyri-müəyyən olmaqla, təmin oluna bilməməsi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Apellyasiya şikayətlərinin dəlillərini qətnamə ilə müəyyən olunan maliyyə arayışının tarixinə xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 218.76 manat əldən çıxmış faydanın tutulmasının təmin olunmaması hissədə qismən əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət nəfinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 372.6, 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(073)-1438/2023 saylı qətnaməsi xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 218.76 manat əldən çıxmış faydanın tutulmasının təmin olunmaması hissədə ləğv olunsun və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh əlavə olaraq xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 98.02 manat əldən çıxmış fayda tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar