Məhkəmə qərarları › İş №2(106)-1080/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1080/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1080/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, Cavabdeh iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank Olmayan Kredit Təşkilatının (BOKT-nin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 369/13 saylı «Vakala» borc müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Kirby firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) alınması üçün cavabdehə 24 ay müddətinə, illik 20 faiz ödənilməsi şərtilə, 3061 manat məbləğində kredit verilmişdir. Azərbaycan Beynəlxlq Bankı ASC ilə İddiaçı QSC arasında tələb hüququnun güzəşt edilməsi barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən problemli kreditlərin, o cümlədən Cavabdeh ilə bağlanmış müqavilə üzrə tələb hüququ İddiaçı QSC BOKT-yə keçmişdir. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh banka olan əsas borcu üzrə 1631.46 (bir min altı yüz otuz bir manat, 46 qəpik) manat, faiz borcu üzrə 81.81 (səksən bir manat, 81 qəpik) manat, cəmi 1713.27 (bir min yeddi yüz on üç manat, 27 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 37.13 (otuz yeddi manat, 13 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub "Aqrarkredit” QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir. Borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-126 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh Banka hazırda olan əsas borcu üzrə 1631.46 (bir min altı yüz otuz bir manat, 46 qəpik) manat, faiz borcu üzrə 81.81 (səksən bir manat, 81 qəpik) manat, cəmi 1713.27 (bir min yeddi yüz on üç manat, 27 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, idianın rədd olunmasını xahiş etmiş, iddia müddətinin ötürülməsinin tətbiqi ilə bağlı ərizə vermiş və bildirmişdir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 368, 372.1, 372.2, 375.2, 377.2, 385, 386.1, 739-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianı rədd etmişdir. Lənkəran Rayon Мəhkəməsinin (hakim N.Ağabəyov) 28 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı QSC BOKT apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüşdür. Şikayətə görə, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət Bankların ziyanına ola bilməz. Bu baxımdan iddia müddəti ötürülməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasına iş çoxluğu ilə əlaqədar olaraq gələ bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, xx.xx.2013-cü il tarixli, 369/13 saylı «Vakala» borc müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20 faiz ödənilməsi şərtilə, 3061 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə cavabdehdən borcunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından görünür ki, xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra üç il ərzində kreditor borcluya qarşı iddia irəli sürməmişdir. İddiaçı ilkin olaraq xx.xx.2019-cu il tarixdə müraciət etmiş, həmin iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı hələ ilkin olaraq xx.xx.2019-cu il tarixdə müraciət edərkən artıq qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddiaçı apellyasiya şikayətində iddia müddətinin ötürülməsini onunla əsaslandırmışdır ki, cavabdehin krediti Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Ona görə müddətin ötürülməsi üzrlü sayılmalıdır. Kollegiya, iddiaçının arqumentini əsaslı saymır. Belə ki, kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsi müqavilə müddətində, habelə müqavilə müddətinin bitməsindən sonra üç il müddətində kreditin tələbinə dair iddia ərizəsinin məhkəməyə ünvanlanmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı QSC BOKT-nin apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(049)-401/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar