Məhkəmə qərarları › İş №2(106)-1083/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1083/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1083/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, Cavabdeh iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank Olmayan Kredit Təşkilatının (BOKT-nin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx"ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 454/13 saylı “Vakala” Borc Müqaviləsinə görə Bank tərəfindən Cavabdeh illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə, 3065 manat məbləğində kredit verilmişdir. Azərbaycan Beynəlxlq Bankı ASC ilə İddiaçı QSC arasında tələb hüququnun güzəşt edilməsi barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən problemli kreditlərin, o cümlədən L.Əsgərova ilə bağlanmış müqavilə üzrə tələb hüququ İddiaçı QSC BOKT-yə keçmişdir. Hazırkı tələbində İddiaçı QSC BOKT Cavabdeh kredit müqviləsi üzrə əsas borca görə 908.84 (doqquz yüz səkkiz manat, 84 qəpik) manat, faiz borcuna görə 129.61 (bir yüz iyirmi doqquz manat, 6l qəpik) manat, cəmi 1038.45 (bir min otuz səkkiz manat, 45 qəpik) manat və 30.38 (otuz manat otuz səkkiz qəpik) məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaya görə, cavabdeh Bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmiş, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş, bununla yanaşı izahatında göstərmişdir ki, borc müqaviləsi əsasında “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avtomatik yuyucu aparatı almışdır. 2015-ci ilədək həmin borca dair banka ödənişlər etmişdir. Sonradan həmin aparat yararsız hala düşdüyü üçün onu iddiaçı təşkilata qaytararaq təhvil vermişdir və bu səbəbdən banka olan ödənişlərini dayandırmışdır. Lakin hazırda onda həmin aparatı qaytardığına dair təhvil-təslim aktı qalmamışdır. 2019-cu ildə bank ona qarşı Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və məhkəmənin qətnaməsi ilə həmin tələbə dair iddia müddəti keçdiyinə görə iddia tələbi rədd edilmişdir. Sonradan həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və iddia tələbi baxılmamış saxlanılmışdır. Hazırda İddiaçı ASC BOKTnin ona qarşı olan iddia tələbi üzrə iddia müddəti keçmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 3851, 442, 445.2.1, 448.1, 739-cu maddələrinə, «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianı rədd etmişdir. Lənkəran Rayon Мəhkəməsinin (hakim A.Pənahov) 05 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı X4 Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC BOKT apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüşdür. Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o, cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət Bankların ziyanına ola bilməz. Hesab edirlər ki, iddia müddəti ötürülməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında göstərmişdir ki, kreditlə tozsoran almışdır, pulu ödəyə bilmədiyi üçün malı qaytarmışdır. İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasına iş çoxluğu ilə əlaqədar olaraq gələ bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, xx.xx.2014-cü il tarixli, 454/13 saylı “Vakala” Borc Müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə, 3065 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə cavabdehdən borcunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra üç il ərzində kreditor borcluya qarşı iddia irəli sürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddiaçı apellyasiya şikayətində iddia müddətinin ötürülməsini onunla əsaslandırmışdır ki, cavabdehin krediti Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Ona görə müddətin ötürülməsi üzrlü sayılmalıdır. Kollegiya, iddiaçının arqumentini əsaslı saymır. Belə ki, kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsi müqavilə müddətində, habelə müqavilə müddətinin bitməsindən sonra üç il müddətində kreditin tələbinə dair iddia ərizəsinin məhkəməyə ünvanlanmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı QSC BOKT-nin apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(049)-1347/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar