Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1084/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi ilə, Əsədli Mahir Abdulla oğlu və X1 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(064)-851/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 26017,82 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168,05 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 1300 manat olmaqla, cəmi 27485,87 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında 27 dekabr 2022-ci il tarixli AA/27-12-33 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı – "xxxx" MMC alıcının sifarişləri əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində qeyd olunan adlara uyğun malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə malların dəyəri tam şəkildə satıcıya ödənilmişdir. Beləliklə, müqavilə öhdəliklərini hər iki tərəf tam şəkildə yerinə yetirmişlər. Belə ki, dəyəri ödənilmiş mallar Göygöl rayonuna daşınması və çatdırılması üçün **-FG-*** dövlət qeydiyyat nişanlı **-VC- *** dövlət qeydiyyat nişanlı və **-DY-*** dövlət qeydiyyat nişanlı olmaqla 3 ədəd yük avtomobilinə yüklənməklə sürücülərə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli SS2300001 №-li nəzarət buraxılış sənədi ilə 26017,82 manat dəyərində, cəmi 240 ədəd “send dam və divar” panelləri X3 təhvil verilmişdir. Cavabdehin idarə etdiyi **-FG-*** dövlət qeydiyyat nişanlı yük maşını Şamaxı rayonunda qəzaya uğramış və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yük maşınında olan iddiaçıya məxsus mallar məhv olmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya məhv olan 240 ədəd mal dəyərini təşkil edən 26017,82 manat məbləğində maddi zərər vurulmuşdur. Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(064)-851/2023 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 22048,95 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, məhkəmə xərci olan cəmi 1468,05 manatın 1244,11 manatının cavabdehdən alınaraq iddiaçıya verilməsi, qalan 224,94 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İş materiallarına əsasən “ARCHİMOD" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında 27 dekabr 2022-ci il tarixli AA/27-12-33 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı, yəni "xxxx" MMC alıcının sifarişləri əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində qeyd olunan adlara uyğun malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə malların dəyəri tam şəkildə satıcıya ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cii il tarixli SS2300001 №-li nəzarət buraxılış sənədi ilə 26017,82 manat dəyərində, cəmi 240 ədəd "send dam və divar" panelləri X3 təhvil verilmişdir. İş materiallarında olan tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh-daşıyıcı Cavabdeh iddiaçı-yük göndərən "xxxx" MMC-yə məxsus 240 ədəd panel (639,1 kv.m sendviç panel divar H 50 olmaqla hər kv.m-nin dəyəri 34,5 manat olmaqla) Bakı şəhərindən Göygöl rayonuna daşımağı barədə üzərinə öhdəlik götürmüş, lakin bu öhdəliyini lazımınca yerinə yetirməmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin 18 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən qeyd olunan yükü Cavabdeh **- FG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində daşıyarkən 17 yanvar 2023-cü il tarixdə Şamaxı rayon ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə yük avtomobili dərəyə aşmaqla orada olan mallar yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “MERCEDES YÜK” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü ildən 460651 nömrəli gömrük vəsiqəsi əsasında Nümayəndə2 adına qeydiyyatdadır. Etibarnamə ilə xx.xx.2022-ci il tarixdə xx.xx.2032-ci il tarixədək nəqliyyat vasitəsi Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktda göstərilir ki, 17 yanvar 2023-cü il tarixində H 50 üst 0.35/9002, alt 0.35/9002 X5 Cavabdeh idarə etdiyi “X9” markalı **-FG- *** dövlət qeydiyyat nişanlı yük maşınına yüklənmiş mallar Şamaxı rayonu ərazisində qəzaya uğraması nəticəsində məhv olmuş və yarasız hala düşmüş vəziyyətdə Şamaxı rayonu, Çöl-Göylər kəndi ərazsinin giriş hissəsində, dərənin aşağı hissəsində yığılaraq **- VC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklənərək İddiaçı MMC-nin mülkiyyətində olan və 0.248 ha torpaq sahəsində yerləşən anbara yığılmış, hazırda da həmin anbarda saxlanılır. İş materiallarında olan Yol hərəkət Qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 18:19-da Şamaxı rayonunda “Mercedes Yük” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 195 saylı “‘X2” MMC-nin mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində "xxxx" MMC-yə məxsus 240 ədəd H-50 panel qalınlıqlı X6 yük maşınının qəzaya uğraması nəticəsində fiziki zədələnməyə məruz qaldığına, termal vəziyyətinin pozulduğuna, qoruyucu səthinin zədələnməsinə, su keçirməzliyinin itməsinə, deformasiyaya uğramasına və estetik görünüşün itməsinə görə istifadəyə yararsız olduğu müəyyən edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iştirakı təmin olunmamış və onlar bildirişi alaraq məhkəməyə gəlməsələr belə, bu halda işə qiyabi icraat qaydasında işə baxmalı idi. Çəkişmə prinsipi pozulmuş, onlar cavabdeh kimi məhkəməyə müraciət edərək iddiaya qarşı etiraz edərdilər. O zaman iş iddia icraatına keçərdi. qətnamə çıxarılandan 4 ay sonra belə bu qətnamədən xəbərləri olmamış, yalnız 2023-cü ilin dekabr ayının 4-də Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru mobil telefonla ona zəng edərək həmin işin icraata yönəldiyini bildirən zaman yuxarıdakı qətnamənin çıxdığını bilmişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə o imza edərək qətnaməni götürmüşdür. Doğrudur, yuxarıdakı avtoqəzanı cavabdeh - onun oğlu törətmişdir və törənmiş avtoqəzada qeyd olunan "send və dam divar panellərində” cuzi zədələnmələr olmuşdur ki, bu da iş üçün yararsız deyil, qismən yararlı hesab olunmalı idi. Bunun üçün mütəxəsis dəvət olunmalı, iddiaçı və cavabdehin iştirakı ilə ziyan aktı bağlanmalı və zədələnmiş panellərin qismən yararlılıq dərəcəsi nəzərə alınmaqla ekspert-mütəxəsis rəyi tərtib olunaraq iddia ərizəsinə əlavə olunmaqla surəti cavabdehə göndərilməli idi. Cavabdehin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, hadisə günü malları iddiaçı tərəf aparmışdır. Hazırda malların harada olması və nə qədər malın zədələnməsi ilə bağlı məlumatı yoxdur. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 əvvəlki məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək həmin malların hal-hazırda “ARCHİMOD" MMC-nin anbarında saxlanıldığını bildirmişdir. İddiaçının nümayəndəsi hazırkı məhkəmə iclasında bildirmişdir ki, hadisə baş verdikdən sonra cavabdeh tərəfə dəfələrlə yararsız vəziyyətə düşmüş mallara birlikdə baxış keçirilməsi və onların dəyərinin ödənilməsi təklif edilmişdir. Lakin cavabdeh tərəf bundan imtina edərək malların dəyərini ödəməkdən boyun qaçırmışdır. Hazırda mallar həmin ərazidən götürülərək Bakı şəhərinin inzibati ərazisində İddiaçı MMCnin mülkiyyətində olan 0.248 ha torpaq sahəsində yerləşən anbara yığılmışdır. İddiaçı təşkilatın X5 alınması üçün digər şirkətə pul borcunun olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(064)-851/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. MM-in 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. MM-in 859.1 və 859.2-ci maddələrinin tələblərinə görə yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə olaraq şikayətin avtoqəza zamanı malların qismən yararlı olması barədə dəlilinə dair qeyd edir ki, 31 iyul 2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Qeyd edilən qərardadda ekspert qarşısında 17 yanvar 2023-cü il tarixdə Şamaxı rayon ərazisində Cavabdeh tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **- FG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan İddiaçı MMC-yə məxsus 240 ədəd panel (639,1 kv.m sendviç panel divar H 50 olmaqla) həmin qəzadan sonra və ya hal-hazırda, habelə tam və ya qismən istifadəyə yararlı olub-olmaması barədə sual qoyulmuşdur. Ekspertin 30 avqust 2024-cü il tarixli Məlumat xarakterli məktubundan görünür ki, onun qarşısında qoyulmuş suala yalnız həmin sahə üzrə mütəxəssis cavab verə bilər. Kollegiya diqqətə çatdırır ki, xx.xx.2024-cü il tarixli 195 saylı “X2” MMC-nin mütəxəssis rəyinə əsasən aparılmış tədqiqatlar nəticəsində "xxxx" MMC-yə məxsus 240 ədəd H-50 panel qalınlıqlı X6 yük maşınının qəzaya uğraması nəticəsində fiziki zədələnməyə məruz qaldığına, termal vəziyyətinin pozulduğuna, qoruyucu səthinin zədələnməsinə, su keçirməzliyinin itməsinə, deformasiyaya uğramasına və estetik görünüşün itməsinə görə istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan fotoşəkillərdən və videoçəkilişdən adıçəkilən malların həqiqətən yararsız vəziyyətdə olduğunu müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh tərəf məhkəmə iclaslarında əsasən iştirak etməmiş, etirazının əsası olaraq adıçəkilən malların qismən yararlı olması barədə hər hansı sübut təqdim etməmiş, habelə mütəxəssis rəyinin tərtib edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Hətta, iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatlarında cavabdehin həmin rəyin tərtibi üçün dəfələrlə dəvət edildiyini, lakin qarşı tərəfin buna laqeyd yanaşdığını bildirmişdir. Bununla yanaşı, kollegiya apellyasiya şikayətinin cavabdehin məhkəmədə iştirakının təmin olunmaması barədə dəlili üzrə qeyd etməyi zəruri hesab edir ki, bu hal iş materialları ilə təsdiq edilmir. Əksinə, cavabdeh tərəfin məhkəmə iclaslarında iştirak etmədiyi və bunun da işin uzadılması ilə nəticələndiyi aşkar görünür. Beləcə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri üzrə hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün və əsaslıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(064)-851/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023- cü il tarixli 2(064)-851/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1084/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1084/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver