Məhkəmə qərarları › İş №2(106)-1084/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1084/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1084/2025 09.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-948/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli DKM/009N11A01668122 nömrəli Kredit müqaviləsi üzrə 7643,73 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 572,51 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 66,95 manat məbləğində penya, cəmi 8283,19 manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penya və ödənilmiş 103 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/009N11A01668122 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 ay müddətinə illik 12 % ödənilməsi şərtilə 12400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə Cavabdeh Kreditor qarşısında gecikdirilmiş borcu 8216,24 manat təşkil edir ki, bunun da 7643,73 manat vaxtı keçmiş əsas borcdan, 572,51 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 66,95 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli SHL-XO-xx.xx.2024-005 nömrəli xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-948/2025 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli DKM/009N11A01668122 №-li Kredit müqaviləsi üzrə 7643,73 manat əsas borc, 235,29 manat faiz borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 11,94 manat məbləğində penya olmaqla, ümumilikdə 7890,96 manat borc və ödənilmiş 98,91 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun 235.29 AZN məbləğində faiz borcu, 11.94 AZN məbləğində cərimə (penya), 98.91 AZN məbləğində dövlət rüsumu hissəsində dəyişdirilərək yalnız əsas borcun (7643,73 AZN) qüvvədə saxlanılması və əlavə maliyyə sanksiyalarının real maliyyə vəziyyətinin, ailəsinin yaşayış minimumun və sosial ədalət prinsiplərinin nəzərə alınaraq ləğv olunmasını, apellyasiya instansiyası tərəfindən borclunun sosial vəziyyəti və ödəmə qabiliyyəti baxımından hüquqi qiymətləndirmə aparılaraq daha ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/009N11A01668122 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 ay müddətinə illik 12% ödənilməsi şərtilə 12400 manat məbləğində kredit verilmişdir. Maliyyə cədvəlindən görünür ki, Cavabdeh borcu 7643,73 manat vaxtı keçmiş əsas borc, 572,51 manat hesablanmış və ödənilməmiş adi faiz borcu, xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 66,95 manat penya olmaqla, cəmi 8283,19 manat təşkil edir. İş yerinə dair arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı məbləği 825 manat məbləğ təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən cavabdehin ailə vəziyyətini, azyaşlı övladlarının mövcudluğunu və onların gündəlik ehtiyaclarını, həmçinin faktiki gəlir imkanlarını lazımi səviyyədə araşdırmamışdır. Aylıq gəliri 689 AZN olduğu halda, ailəsinin minimum ehtiyacları rəsmi yaşayış minimumuna əsasən 980 AZN-dən çox təşkil edir. Həmçinin, digər banklara qarşı 2206 AZN dəyərində aylıq öhdəliyi mövcuddur. Bu halların nəzərə alınmaması nəticəsində cavabdehin faktiki sosial və iqtisadi vəziyyəti məhkəmə tərəfindən yetərincə aydınlaşdırılmamış və qərarın ədalətli çıxarılmasına mane olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin sosial və maddi vəziyyətini qiymətləndirmiş, lakin bu halların sübutları - iş yerindən arayış, ailə tərkibinə dair məlumat və gəlir-xərc balansını əks etdirən hesabatlar tam şəkildə nəzərə alınmamış və araşdırılmamışdır. Qətnamədə göstərilmiş nəticələr - faiz (235.29 AZN), penya (11.94 AZN) və dövlət rüsumu (98.91 AZN) üzrə ödənişlərin tətbiqi - cavabdehin real maliyyə imkanları və sosial vəziyyəti ilə uyğun gəlmir. İşin hallarına görə bu əlavə maliyyə öhdəlikləri onun və ailəsinin minimum yaşayış səviyyəsinə ciddi təhlükə yaradır və proporsionallıq prinsipinə ziddir. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, qarşı tərəf hazırkı mülki işin baxılmasını uzadır və ödənişin yubadılmasına nail olmaq istəyir. Hazırda əsas borc 7643,73 manatdır. Nümayəndə digər mübahisələndirilən məbləğlər üzrə də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Habelə mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Bu baxımdan, Mülki Məcəllənin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-948/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar