Məhkəmə qərarları › İş №2(106)-1085/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1085/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1085/2024 15.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X3 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-134/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.500 (on iki min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun illərdir ki, tanıyır. Cavabdeh ondan 2015-ci ildə borc pul istəmiş, münasibətləri yaxşı olduğu üçün daimi lazım olan zamanlarda cavabdehə borc vermişdir. O, cavabdehə ayrı-ayrı vaxtlarda pullar vermiş və bu günə cavabdehin ona olan cəmi borcu 12500 manat təşkil edir. Aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdeh birinci dəfə məhkəmə iclasında iştirak edəndə ondan borc almadığını, iddia ərizəsində göstərilənlərin yalan olduğunu bildirmiş, daha sonra məhkəməyə etiraz ərizəsi göndərmiş və o, ərizə ilə tanış olmuşdur. Bundan sonra o, cavabdehlə apardığı telefon danışıqlarını qeydə almış, həmin səs yazılarında cavabdeh ona borcu olmasını danmamış, əksinə, ondan işi məhkəmədən geri götürməsini istəmiş, bunun səbəbini onu tutacaqları ilə izah etməyə çalışmış və ona pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmin səs yazısını məhkəməyə təqdim edir. İddia ərizəsində qeyd etdiyi kimi, o, 12500 manat pulu cavabdehə birdəfəyə verməmişdir. Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə ondan borc pul almış, ödəmədiyi üçün borcunun cəmi məbləği 12500 manat təşkil etmişdir. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Çünki o, iddiaçını tanımış olsa da, ondan borc pul almamışdır. İddia ərizəsində göstərilənlərin hamısı yalandır. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə həmçinin iddia ərizəsinə etiraz etirazı ünvanlamış və həmin ərizədə göstərmişdir ki, iddiaçı tərəf iddia tələbinə dair borcla bağlı hər hansı mötəbər hüquqi əsaslandırıcı əqd və ya qeyd olunan borc müqaviləsi əlavə etmədən belə bir tələb irəli sürmüşdür. Belə ki, həmin ərəfələr onun iddiaçı ilə əlaqəsi olmuşdur. Lakin o, sonuncudan borc pul almamışdır. Onun belə bir iddia qaldırması absurddur. Çünki borca dair sənədlər və ya yazılı əqdlər iddia ərizəsinə əlavə olunur. İddiaçının iddia ərizəsində qeyd etdiyi şahidlər onun qohumlarıdır. Belə olan halda məhkəmə bu iddia tələbini rədd etməlidir. İddiaçı qərəzli mövqe üçün belə bir iddia tələbi ilə müraciət etmişdir. Bundan başqa, əgər tələbin məbləği 3000 manatdan çoxdursa, bu halda tərəflər arasında kredit və ya borc müqaviləsi notarial qaydada bağlanmalıdır. O, iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-134/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (X2), iddia təmin edilərək Cavabdeh 12.500 (on iki min beş yüz) manat borc pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cavadov X1 Rayon Məhkəməsinin 2(056)-134/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında 2018-ci ilin may ayında bazarda borca düşdüyü üçün iddiaçıdan 6800 manat və 850 ABŞ dolları aldığını, həmin pulların əvəzində 2019-cu ilin yanvar ayının 2-də Mehmana dəyəri 3500 manat olan 2.2 ha torpaq verdiyini, bundan sonra Mehmanın bacanağı Zaura Mehmana verməsi üçün 1000 ABŞ dolları verdiyini, daha sonra Mehmana dəyəri 350 manat olan 750 kq arpa və 400 manat pul verdiyini bildirmişdir. İddiaçı apelyasiya icraatı zamanı izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdeh 2019-cu ilin mart ayında 4000 dollar, daha sonra 850 dollar verdiyini, 2021ci ilin iyun ayında 1700 dəyərində quzu, daha sonra bir kilosu 8.5 manat olan 278 kq dana verdiyini, qeyd edilənlərlə bağlı səs yazısının olduğunu, ona görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 2(056)-134/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən hallar iddiaçının izahatı, həmçinin məhkəməyə təqdim edilmiş səs yazıları ilə də öz təsdiqini tapmaqdadır. Səs yazısından da aydın olur ki, tərəflər arasında telefon danışıqları getdiyi ərəfələrdə cavabdeh heç bir vaxt borc məbləğini mübahisələndirməmiş, əksinə, imkan etdiyi hədlərdə ona olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflər arasında mövcud olan mülki hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq norması kimi qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsini yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmamış, apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İddiaçı tərəfindən məhkəməyə tərəflər arasında telefon danışığını əks etdirən Flash-kart təqdim edilmiş, həmin Flash-kart tədqiq edilmiş, tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə “sən məhkəmədə dedin sənin mənə borcun yoxdu, gedirik məhkəməyə sən boyun alırsan ki, mənim bu adama borcum var, nə sən şahid aparırsan, nə mən, ikimiz gedirik ora, istəmərəm sənə heç 10 sutka da verilsin”, cavabdeh “mən Probasiya şöbəsinə gedən deyiləm, ora söhbət getsə, and olsun Allaha məni tutacaqlar, krupnu summanı boynuma alsam orada mənə 2 il iş kəsəcəklər, sən tək deyilsən şikayət edən, sən bilmirsən, mən nə məhkəməyə gələcəm, 200-300 manatdan verəcəm, 500 olacaq 500 verəcəm, dəqqi demirəm nə qədər verəcəm, sənin kartın məndə var, atacam kartına”, iddiaçı “gərək sən bu oyunu mənim başıma gətirməyəydin” demiş, cavabdeh “mən oyuna düşdüm, yavaş-yavaş altından çıxıram, bir sən qalmısan, sənə olan borcumun da altından çıxacam, oturub üz-üzə söhbət edərik” demiş, “nə etdin Cəmil” deyə sual vermiş, cavabdeh “atacam narahat olma” deyə cavab vermiş, iddiaçı ardınca “nə qədər atacaqsan” deyə sual vermiş, cavabdeh “500 manat atacam” deyə cavab vermiş, iddiaçı ardınca “500 manat nədi, gətir mənə 5000-6000 ver, mən batıram” demiş, cavabdeh “başqa yerdəyəm 27-cən danışarıq” deyə cavab vermiş, sonrakı səs yazısında iddiaçı “nə oldu dünən pul göndərirdin” deyə sual vermiş, cavabdeh “başım qarışıqdı sabah həll edəcəm” deyə cavab vermiş, digər səs yazısında iddiaçı cavabdehdən “nə oldu bəs 31cən mənə 500 manat pul atırdın” deyə sual etmiş, iddiaçı Allaha and içərək “bir-iki günə atacağını, narahat olmamasını” bildirmiş, başqa səs yazısında iddiaçı “sən mənə ayın 25-dən 500..” deyəndə sonra cavabdeh “qardaş nə etdim olanım odu onu atıram, hamıya atıram da 50 manat 50 manat” demiş, iddiaçı “hamıya niyə atırsan ki, məndən apardığın kimi məni yola sal də, ayın 15-i məhkəmədi, mən sənin tutulmağını istəmirəm, sənin balaların var”, cavabdeh “tutulmağı zadı kənara qoy, bilirəm mənim borcumdu, mən sənə verməliyəm, narahat olma, mən də əlimdə iş olanda 200 olanda 200, 500 olanda 500, 300 olanda 300 atacam, kartın da burdadı, narahat olma, vurmuşam yaddaşa qalıb, 2 gündən sonra 100-dən, 200-dən atacam”, iddiaçı “sən mənə ayın 25-də dedin 31-cən sənə 500 manat atacam, bu gün ayın 11-dir”, cavabdeh “dekabr ayının axırı idi, o gəldi dirəndi bu gəldi dirəndi 50-20-30 manat verdim, sənə də atacam də, mənə dirənmə” iddiaçı “bəs mən nə etdim, sən krupnı pulu götürüb çıxıb getmisən, mən indi o pulu 100 manat, 50 manat səndən almalıyam” sual etmiş, ardınca mən sənə 1000 manat, 600 manat, 6800 manat verdim, 850 Dollar Ağasəlimin pulunu bankdan çıxarıb verdim, dedin məni qaldır 1600 manatlıq qoyun verdim” demişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, tərəflərin də izahatlarından görünür ki, tərəflər arasında mövcud olan hüquq münasibəti onların dediklərinə görə 2018-2019-cu illərə təsadüf edir. İddiaçı həmin illərdə cavabdehə borc verdiyini, cavabdeh isə həmin illərdə iddiaçıdan borc aldığını bildirir. Bunu əsas götürən kollegiya qeyd edir ki, tərəflər arsında yaranan hüquq münasibətinə mübahisəli hüquq münasibəti yaranan zaman həmin hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması kimi MM-nin 740.1 və 740.2-ci maddələrinə uyğun deyil, MM-in əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia tələbində cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə ümumilikdə 12.500 (on iki min beş yüz) manat borc pul verdiyini bildirmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi məhkəməyə səs yazıları təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin səs yazıları tədqiq edilmiş və məhkəmə həmin səs yazıları əsasında cavabdehin iddiaçıya həqiqətən də 12.500 (on iki min beş yüz) manat borcu olduğu qənaətinə gəlmişdir. Lakin apelyasiya icraatı zamanı cavabdeh yazılı qaydada etiraf təqdim edərək, 2018-ci ilin may ayında bazarda borca düşdüyü üçün iddiaçıdan 6800 manat və 850 ABŞ dolları aldığını, həmin pulların əvəzində 2019-cu ilin yanvar ayının 2-də Mehmana dəyəri 3500 manat olan 2.2 ha torpaq verdiyini, bundan sonra Mehmanın bacanağı Zaura Mehmana verməsi üçün 1000 ABŞ dolları verdiyini, daha sonra Mehmana dəyəri 350 manat olan 750 kq arpa və 400 manat pul verdiyini bildirmişdir Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırkı iddia tələbi üzrə Cavabdeh iddianı qismən etiraf etsə də aldığı 6800 manat və 850 ABŞ dollarının qarşılığında müəyyən vaxtlarda məsələn 3500 manat olan 2.2 ha torpaq verdiyini və.s bildirsə də artıq bununla bağlı sübutetmə yükü onun üzərində olduğundan cavabdeh həmin aldığı pulun müqabilində iddiaçıya torpaq sahəsi verməsini və ya bacanağı Zaura Mehmana verməsi üçün 1000 ABŞ dolları verdiyini yaxud digərlərini apelyasiya icraatı zamanı sübut edə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh iddianın yalnız etiraf etdiyi həddində, yəni iddiaçıdan 6800 manat və 850 ABŞ dolları aldığı pul həddində məsuliyyət daşıya bilər. Çünki əksi iddiaçı tərəfindən sübut edilmir, cavabdeh isə həmin hissəsini etiraf etmir. İddiaçı tərəfindən səs yazısına nəzər yetirdikdə də ümumiyyətlə cavabdehin iddiaçıdan 12500 manat almasını etiraf edən səs yazısı müəyyən edilmir. Kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin birbaşa göstərişi 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanması tələb olunurdu. Belə olan halda qanunvericiliyin tələbləri baxımından cavabdeh yalnız 3000 manat həddindəmi məsuliyyət daşımalıdır? Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin işlərinin yaxşı getmədiyi vaxt 6800 manat və 850 ABŞ dolları məbləğində pulu iddiaçıdan alması, daha sonra həmin pulları qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-134/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat və ödəniş gününə məzənnəyə uyğun olaraq 850 ABŞ dolları pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-134/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat və ödəniş gününə məzənnəyə uyğun olaraq 850 ABŞ dolları pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar