Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1085/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada cəmi 3640,73 manat məbləğində borcun və ödənilmiş 56,41 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1983,7 (min doqquz yüzsəksən üç) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 1983,7 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1551 gün üçün hesablanmış faiz borcu 76,43 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1551 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1580,6 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən şəxsin ölməsini təsdiq edən arayışdan borclu X3 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəfat etmiş cavabdehin vərəsələrinin müəyyən edilməsi üçün müvafiq notariat ofislərinə sorğular ünvanlanmışdır. X1 adına daşınmaz əmlakın olub-olmaması, həmin əmlakda faktiki yaşayaraq ona sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Füzuli rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X3 adına vərəsəlik işinin açılmasına dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X3 adına Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən ümumi sahəsi 99,02 kvm, yaşayış sahəsi 50,31 kvm olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli 01/567 saylı arayışından müəyyən olunur ki, X3 adına olan Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evində onun arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Bundan başqa, qeyd edilir ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 (X3 hüquqi varisləri) və X7 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1983,7 manat məbləğində kredit borcu, 28,02 manat məbləğində faiz borcu və 1065,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 3076,95 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50,77 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilərək X6 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinin xx.xx.2021-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, cavabdeh X5 İddiaçı QSC-nin xeyrinə 1983,7 manat əsas borc, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borc və 50,77 manat qabaqcadan ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilərək kredit borcunun cavabdehlər (vərəsələr) Cavabdeh2 və Cavabdeh1 da tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)- 857/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 qarşı rədd edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmçinin o da bildirilir ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı QSC Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadından şikayət verərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadının ləğv olunaraq işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsi qanuni qüvvəyə minməmişdən əvvəl apellyasiya şikayəti verilmiş və apellyasiya məhkəməsi tərəfindən X4 qarşı sonuncu vəfat etdikdən sonra Füzuli Rayon Məhkəməsinə müraciət edildiyindən və mülki prosessual qanunvericiliyin tələbləri baxımdan həmin vaxt X6 tərəf statusunu əldə etmədiyindən icraata xitam verilmişdir və bundan sonra isə bank tərəfindən onun vərəsələri müəyyən olunaraq yenidən Füzuli Rayon Məhkəməsinə müraciət olunmuşdur. Ona görə də Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadı ləğv olunaraq işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməlidir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-cı il tarixli, 2(064)-503/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 2(064)-503/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-503/2025 saylı qərardadından İddiaçı QSCnin nümayəndəsi Nümayəndə2 tərəfindən verilən xx.xx.2025-ci il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə nə tərəflər, nə mübahisənin predmeti, nə də ki, iddianın əsasları dəyişmədiyi halda iddiaçı yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan icraata xitam verilməlidir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə icraata xitam vermək barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmiş, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-ci maddəsinə görə işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsindən görünür ki, X6 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin xx.xx.2019-cu il tarixdə ləğv edilmiş hesab edilməsi, cavabdeh X5 İddiaçı QSC-nin xeyrinə 1983,7 manat əsas borc, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borc və 50,77 manat qabaqcadan ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilərək kredit borcunun cavabdehlər (vərəsələr) Cavabdeh2 və Cavabdeh1 da tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-857/2024 saylı qərardadından görünür ki, Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə - iddia tələbinin “X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 qarşı rədd olunması” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin hissədə qanuni qüvvəyə minmiş qətnamə yoxdur və eyni predmet, eyni tərəflər, eyni əsaslar üzrə baxılmış və nəticələnmiş iş mövcud deyil. Hazırkı halda isə belə qətnamə yoxdur, çünki əvvəlki iddia prosessual səhv (ölmüş şəxsə qarşı iddia) səbəbilə xitamla nəticələnmişdir, mahiyyəti üzrə baxılıb rədd edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılmanın davam etdirilməsi üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Həmçinin birinci instansiya məhkəməsinin nəzərinə çatdırılmalıdır ki, qanuni qüvvəyə minmiş Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsinə əsasən X5 İddiaçı QSC-nin xeyrinə 1983,7 manat əsas borc, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borc və 50,77 manat qabaqcadan ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Ona görə də hazırki işə mahiyyəti üzrə baxılması zamanı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməli, iddia təmin ediləcəyi halda, borcluların mənafeyinin pozulmasının qarşısının alınması məqsədilə qəbul ediləcək qətnamənin Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsi nəzərə alınmaqla icraya yönəldilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-503/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılmanın davam etdirilməsi üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1085/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1085/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver