Məhkəmə qərarları › İş №2(106)-1088/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1088/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1088/2025 02.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə İmişli Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(036)-518/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3950 manat məbləğdə pulun və ödədiyi 60 manat məbləğdə dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində yerləşən “Moskva” Ticarət Mərkəzində qızıl satılan mağazalardan birində işləyir. Cavabdeh dəfələrlə ondan nisiyə qızıl məmulatları götürmüş, sonradan həmin qızılların dəyərinin müəyyən hissəsini ödəsə də, həmin dəyəri tam şəkildə ödəmədiyindən ona 3950 manat borcu qalmışdır. O, bu halı bacısı ilə arasında olan məhkəmə mübahisəsi zamanı təsdiqləmiş və bu İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır. İmişli Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(036)-518/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 3950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3025/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X2 apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(036)-1096/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və Cavabdeh 103 qram çəkidə qızıl-zinət əşyalarının dəyərini təşkil edən 9785 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X3 ödənilməsi qət edilmişdir. Eyni zamanda qətnamədən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi izahatında İddiaçı aldığı qızılların müqabiləndə 3950 manat borcu olduğunu bildirmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına görə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri qismən pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İmişli Rayon Məhkəməsinin hazırkı qətnaməsi düzgün araşdırılmamış və əsaslandırılmamışdır. İddiaçı və onun bacısı ilə aralarındakı razılaşma 2019-cu ildə baş vermişdir. Bu səbəbdən də, iddiaçının iddia qaldırma müddəti bitmişdir və hakim işə düzgün qiymət verərək işi baxılmamış saxlamalı idi. Hazırki iş üzrə isə məhkəmə həmin eyni borcun yenidən cavabdehdən alınaraq Sevil adlı şəxsə verilməsi barədə qətnamə qət etmişdir. Sübut kimi isə Gülnarın iddiaçı olduğu məhkəmələrdə cavabdehin Gülnara deyil, Sevilə borclu olduğunu bildirməsi olmuşdur. Həmçinin iddiaçının şikayəti əsasında cavabdeh polisə dəvət olunan zaman polis ona hədə-qorxu gəlmiş, hüquqları pozulmuş, ona ağ və boş vərəqə imza atdırılmış, daha sonra isə kağız onun sözləri olmayan ifadələrlə doldurularaq adından guya ki, borc etiraf edilmişdir. Hazırda borcla bağlı yalan və hədə-qorxu ilə iddia qaldırdıqlarını sübut edən və aralarında olan səsyazma da var. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə ki, MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, ödənilmiş dövlət rüsumları cavabdehin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(036)-518/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar