Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1090/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ona düşən payı hissəsində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması, torpağı kordinantlarının müəyyən edilməsi, gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Z.Bünyadov küçəsi, ev 10-da yerləşən 0.06 hektar torpaq sahəsində ona düşən payının hissəsində onun mülkiyyət hüquqlarının həyata keçirilməsində, koordinatların və gedişgəliş yolunun müəyyən edilməsi Cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək eyni zamanda 0.06 hektar torpaq sahəsində ona düşən payının ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun və Cavabdeh birgə mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi vardır. Bu barədə xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Lakin cavabdeh süni maneələr törədərək torpaq sahəsinin ona çatan hissəsində mülkiyyət hüquqlarını həyata keçirməyinə imkan verməmişdir. Cavabdehdən törədiyi maneələrin aradan qaldırılmasını dəfələrlə tələb etsə də, bu onun mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Halbuki yuxarıda qeyd etdiyi Çıxarışa əsasən onun mübahisəli torpaq sahəsində 1/7 hissə payı vardır. Astara şəhəri, Z.Bünyadov küçəsi, ev 10-da yerləşən 0.06 hektar torpaq sahəsində ona düşən payının hissəsində onun mülkiyyət hüquqlarının həyata keçirilməsində, koordinatların və gediş-gəliş yolunun müəyyən edilməsi Cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Cavabdeh bildirmişdir ki, mülki işə mahiyyəti üzrə baxılmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsi ilə (Hakim: İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı “ona düşən payı hissəsində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması, torpağı kordinantlarının müəyyən edilməsi, gediş-gəliş yolunun açılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Z.Bünyadov küçəsi, ev 10-da yerləşən 0.06 hektar torpaq sahəsində ona düşən payının hissəsində onun mülkiyyət hüquqlarının həyata keçirilməsində, koordinatların və gedişgəliş yolunun müəyyən edilməsi Cavabdeh tərəfindən edilən süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehdən törədiyi maneələrin aradan qaldırılmasını dəfələrlə tələb etsə də, cavabdeh onun mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Halbuki onun mübahisəli torpaq sahəsində 1/7 hissə payı vardır. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı şikayət daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)- 49/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-ci maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 20 dekabr 2024-cü il tarixli Qərardadı Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia tələbini artıraraq payın ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün, ilk növbədə, “paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi” və “mülkiyyətçinin əşyadakı payının ayrılması” anlayışlarına aydınlıq gətirmək lazımdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 20 dekabr 2024-cü il tarixli Qərardadında qeyd olunur ki, Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, “bölünmə” və “ayrılma” anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi, maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir.Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Bu baxımdan məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. Beləliklə, aydın olur ki, İddiaçı iddianın həcminin artırılması barədə ərizəsində payının ayrılmasını xahiş etsə də, əldə etmək istədiyi hüquqi nəticə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsindən ibarətdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9791 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2013-cü il tarixli, **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən X1 və qeyrilərinin paylı mülkiyyətlərində olmuş 0.06 ha torpaq sahəsindən digər mülkiyyətçilərin paylarına düşən hissələri X3 tərəfindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında əldə edilməsi müəyyən olunmuşdur. Son olaraq sözügedən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh (6/7 hissə - 0.05142 ha) və X2 (1/7 hissə - 0,00857 ha) hüquqlarının xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və 27.05 2022-ci il tarixli, **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuş və həmin 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X2 mülkiyyətində olan qeyd olunan 0,00857 ha torpaq sahəsinin isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olması va torpaq sahəsinin bölünməsinə dair "Bölgü eskizi” mövcud olmadığından həmin 0.00857 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müǝyyən etmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli, **********14-10301 reyestr nomreli Texniki Pasporta əsasən Cavabdeh və X2 paylı mülkiyyətlərində olan 0.08 ha həyətyanı torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınmış 728 kv m ölçüdən ibarət fərdi yaşayış evinin və köməkçı tikililərin (fərdi yaşayış evinə bitişik qarajın, ayaqyolunun) mövcud olmasını, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən torpaq sahəsinin yalnız bir istiqamətdən yol ilə həmsərhəd olmasını, digər istiqamətlərdən isə qonşu sahələr ilə həmsərhəd olmasını və tikililərin planlı yerləşməsi nəzərə alındıqda boş qalan hissəyə ayrıca yolun mövcud olmamasını nəzərə alaraq, Cavabdeh və X2 paylı mülkiyyətlərində olan 006 ha həyətyanı torpaq sahəsinin paylara uyğun ölçüdə naturada təcrid şəklində bölunməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cu il tarixli, 3-21-3-43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.06 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və 27 05.2022-ci il tarixli, **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh və X2 paylı mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payının 0.00857 ha olması müəyyən olunmuşdur. Qeyd olunan 0.00857 ha torpaq sahəsinın sözügedən Çıxarışla paylı mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olması və torpaq sahəsinın bölünməsinə dair "Bölgü eskizi" mövcud olmadığından həmin 0,00857 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və eyni zamanda, gediş-gəliş yolunu müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli, **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh və X2 paylı mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsinin naturada bölünməsi mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsi torpağın naturada bölünməsi tələbini təmin etməməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı X4 iddia tələbində 06 hektar torpaq sahəsindən ona düşən pay hissəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını xahiş etsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, eyni zamanda ekspert rəyi ilə də torpaq sahəsinın bölünməsinə dair "Bölgü eskizi" mövcud olmadığından həmin 0,00857 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yeri və eyni zamanda, gediş-gəliş yolunu müəyyənləşdirmək mümkün olmadığından iddiaçıya cavabdeh tərəfindən hansı maneələrin törədilməsini müəyyən etmək də mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi mahiyyəti üzrə mülki hüquq normalarını düzgün tətbiq edərək qanuni qətnamə qəbul etsə də, İddiaçı hazırki hüquq münasibətindən irəli gələn hüquqlarını və etməli olduğu sonrakı hərəkətlərin nədən ibarət olmasını izah etməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 20 dekabr 2024-cü il tarixli Qərardadında qeyd olunur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ona görə də İddiaçı izah olunur ki, əşyanın hərracdan satılması barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-49/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı izah olunur ki, əşyanın hərracdan satılması barədə iddia qaldırmaq hüququ vardır. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1090/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1090/2025
30.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver