Məhkəmə qərarları › İş №2(106)-1095/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1095/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1095/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Cavabdeh5 iştirakı ilə, İddiaçı "xxxx" MMC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli, 2(049)2360/2015 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla bağlanmış xx.xx.2013-cü il tarixli MAS-521/2 saylı kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin bu müqavilənin şərtləri əsasında tam ödənilməsinə qədər öz qüvvəsini saxladığını nəzərə alaraq borcluların "xxxx" MMC BOKT-yə olan 1.473 manat 78 qəpik əsas, 80 manat 54 qəpik faiz borcu, 246 manat 75 qəpik cərimə, cəmi 1.801 manat 07 qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun borclulardan alınıb "xxxx" MMC BOKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, borclularla "xxxx" MMC BOKT arasında bağlanmış xx.xx.2013-cü il tarixli MAS- 521/2 saylı kredit müqaviləsinə əsasən borclularla birgə borclular kimi Ümumdünya Bankının və Azərbaycan Hökümətinin birgə vəsaiti hesabına 4.100 manat məbləğində qısa müddətli kredit verilmişdir. Borclularla bağlanmış kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən borclular birgə borclular kimi cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasını birgə öhdəliyin tam icrasında iştirak etməyə birgə borclu şəkildə həyata keçirməlidirlər. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə "xxxx" MMC BOKT qalan digər birgə borclulardan həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Borclularla bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyırlar. Onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin müddətinin başa çatmasına baxmayaraq borclular tərəfindən xx.xx.2015-ci il tarixə 1.473 manat 78 qəpik əsas, 80 manat 54 qəpik faiz borcu ödənilməmiş qalmışdır. Bu rəqəmlər təqdim olunmuş hesabatda aydın şəkildə öz əksini tapmışdır. Bununla da onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduqları zərər nəticəsində "xxxx" MMC BOKT-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə borclulara dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onlar tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Borclulara göndərilmiş xx.xx.2014-cü il tarixli pretenziya məktubu da cavabsız qalmışdır. Hökümət zəmanəti ilə alınan kreditlərin qaytarılması dövlətin daimi nəzarəti altındadır və təsadüfi deyildir ki, bu barədə müvafiq fərman da imzalanmışdır. «Hökümət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli fərmanında göstərilir: «İnvestisiya layihələri iqtisadiyyatın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Belə layihələrin maliyyələşdirilməsi əsasən hökümət zəmanəti ilə alınan kreditlər hesabına aparılır. Lakin bəzi hallarda hökümət zəmanəti ilə kredit alanların yarıtmaz işi üzündən həmin kreditlərin vaxtında qaytarılması təmin edilmir və nəticədə bu kreditlərin dövlət büdcəsi hesabına ödənilməsi büdcənin yükünü xeyli ağırlaşdırır». Borcluların xx.xx.2013-cü il tarixli MAS-521/2 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT-yə olan əsas borc və ona hesablanmış faiz borucunun cəmi 1.554 manat 32 qəpik təşkil edir ki, bu borcun da borclular tərəfindən ödənilməsi təmin edilməlidir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablamaq hüququna malikdir. Cərimə faizi ödənişlərin gecikdirilmə vaxtının ilk günündən hesablanır ki, bu da 246 manat 75 qəpik təşkil edir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli, 2(049)2360/2015 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.İsayev) iddia təmin edilmiş, 1.473 manat 78 qəpik məbləğində əsas borc, 80 manat 54 qəpik məbləğində faiz borcu, 200 manat məbləğində dəbbə pulu, cəmi 1.754 manat 32 qəpik məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" MMC BOKT-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh5 qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya onun məhkəmə iclasında iştirakını təmin etmədən, heç bir araşdırma aparmadan və tərəflərin izahatını dinləmədən iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə çıxarılmış qətnaməni tərəflərə çatdırmalı olsa da, məhkəmə qətnaməsi barədə ona yalnız icra məmurunun onu məlumatlandırmasından sonra məlum olmuşdur. Hazırkı iş üzrə beş nəfər cavabdeh vardır. Müəyyən ehtiyaclar səbəbindən 2013-cü ildə iddiaçıdan ümumi 4100 (dörd min yüz) manat məbləğində kredit götürmüşlər. Qarşılıqlı razılaşmaya əsasən məbləğ aralarında bölünmüş və hərə özünə düşən hissəni gecikdirmədən müqavildə göstərilən müddətdə iddiaçıya ödəməli idi. O, öz üzərinə düşən öhdəliyi vaxtında icra etmiş və bütün borclarını ödəmişdir. İddiaçının tələbində qeyd etdiyi 1473,78 manat məbləğində hissə iş üzrə digər Cavabdeh2 aiddir. Hazırda özü tərəfindən aparılmış araşdırmadan ona məlum olmuşdir ki, iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 dünyalarını dəyişiblər. Digər cavabdeh X1 isə onun tanışıdır və uzun illər bundan əvvəl ödənişini bitirdiyini ona bildirmişdir. Cavabdeh2la əlaqə saxlayan zaman o, borcunu ödəmədiyini, borcunun çox olduğunu və hazırda borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Bütün borcunu ödəməsinə və məhkəmənin qərarında borcun bütün cavabdehlərdən müştərək qaydada tutulmasına dair qeyd olmasına baxmayaraq həmin borc məbləği hal-hazırda onun əmək haqqına yönəlmişdir. Göstərilənlərə əsasən Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli, 2(049)2360/2015 saylı qətnaməsinin ləğv edilməsini, borcun Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli, 2(049)2360/2015 saylı qətnaməsinin ləğv edilməsini, borcun Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-372.7-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldildikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxalayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 28 iyun 2013-cü il tarixli MAS-521/2 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC BOKT tərəfindən birgə borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 4.100 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. ■ Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, birgə borclular iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair BOKT qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişlər. Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qarşılıqlı razılaşmaya əsasən məbləğ aralarında bölünmüş və hərə özünə düşən hissəni gecikdirmədən müqavildə göstərilən müddətdə iddiaçıya ödəməli idi. O, öz üzərinə düşən öhdəliyi vaxtında icra etmiş və bütün borclarını ödəmişdir. İddiaçının tələbində qeyd etdiyi 1473,78 manat məbləğində hissə iş üzrə digər Cavabdeh2 aiddir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış MAS-521/2 saylı, 28 iyun 2013-cü il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bu müqavilənin şərtləri əsasında Kredit verən Birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, Birgə borclular isə hər biri alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər Birgə borcluların üzərinə keçir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 öz üzərinə düşən öhdəliyi icra etməsi onu iddiaçı "xxxx" MMC qarşısında kredit müqaviləsi üzrə ümumi borcun ödənilməsi öhdəliyinin icrasından azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ona qarşı qaldırılmış iddia tələbinə qarşı öz etirazlarının əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən iddianın əsassızlığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli, 2(049)-2360/2015 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ 1.754 manat 32 qəpik olmaqla, yəni Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli, 2(049)2360/2015 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar