Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-110/2023 16.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaç İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(020)229/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 4220 manat məbləğində maddi ziyanın və ödənilmiş 62,20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o özünə məxsus "Kamaz 55111” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə mişar daşı yüklənmiş halda, Bakı şəhərindən gələrkən xx.xx.2021-ci il tarixdə saat 23:30-da Beyləqan rayonu Xalac kəndi ərazisində Xalac dairəsi adlanan yerdə cavabdeh özünə məxsus “Mercedes Benz E-230” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtoqəza törədərək onun yük maşınını vuraraq yaxınlıqdakı kanala aşırmışdır. Beyləqan rayon Polis Şöbəsində bu barədə araşdırma aparılaraq 20 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş və artıq qərar qüvvəyə minmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası İXM-nin 327.8 maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi üçün material Beyləqan rayon DYPB-nə daxil olaraq nəticədə Beyləqan rayon Məhkəməsinə verilmişdir. Beyləqan rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2021 -ci il tarixli, 3(020)-352/2021 saylı qərarı ilə təqsirləndirilən bu mülki iddia üzrə cavabdeh olan Cavabdeh 200 manat cərimə edilmişdir. Həmin qərarın 2-ci səhifəsi, 3-cü abzasında işdə olan “Sərxan" Avto Servis və ticarət Firmasının 23 avqust 2021-ci il tarixli, 113 nömrəli dəymiş maddi ziyanın müəyyən edilməsi barədə "ziyan aktına" əsasən onun "Kamaz 55111" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 7090 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Ziyanın 4970 manatını ona Sığorta Təşkilatı ödədiyindən cavabdeh ona 2120 manat pul ödəməlidir. O, Kamaz markal maşını ilə hər ay ailəsini dolandırmaq üçün minimum 350 manat pul qazanmışdır. Hadisədən 6 ay vaxt ötdüyünə görə 2100 manat əldən çıxmış fayda Azərbaycan Respublikası MM-nin 21.2 maddəsinin tələbinə əsasən ona ödənilməlidir. Maşınına dəyən zərər 2120 manat və əldən çıxmış fayda 2100 manat hesablanmaqla ona cəmi 4220 manat ziyan ödənilməlidir. Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(020)229/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş ziyana görə 2120 (iki min yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 32.20 (otuz iki manat iyirmi qəpik) manat pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(020)229/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı iddia tələbini müdafiə edib yuxarıda göstərilmiş qaydada izahat vermişdir. Birinci instansiya məhkəməsində cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul eməyərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:40 radələrində Beyləqan rayonu, Əhmədli kəndi ərazisindən Beyləqan rayonu, Dünyamalılar kəndi istiqamətində özünə məxsus “Mercedes Benz E-230” markalı, **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Xalac” dairəsi adlanan yol ayrıcında saxlayaraq sol və sağ tərəfdən avtomobilin gəlib-gəlmədiyinə baxmışdır. Sağ tərəfdən avtomobil işığının yandığını görmüş, lakin həmin işığı yanan avtomobilin çox uzaqda olduğuna əmin olub hərəkətinə davam etmişdir. Elə həmin vaxt qəza baş vermişdir. Hadisə nəticəsində İddiaçı Kamaz markalı avtomobilinə dəymiş zərər sığorta tərəfindən ödənilmişdir. İddiaçı Kamaz markalı avtomobilin öz kapotunu dəyişdirərk evro kapot qoydurmuşdur ki, bu da pulun şişirdilməsinə gətirib çıxarmışdır. Onun hazırda iddiaçıya pul ödəməyə maddi imkanı yoxdur. Həmçinin iddiaçı əsassız olaraq əldən çıxmış fayda ilə bağlı ondan 2100 manat pul tələb edir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(020)-229/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş ziyana görə 2120 (iki min yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 32.20 (otuz iki manat iyirmi qəpik) manat pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Beyləqan rayon məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtı "Kamaz 55111" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 23 avqust 2021-ci il tarixli, 113 nömrəli dəymiş ziyanın müəyyən edilməsi barədə ziyan aktından başqa hər hansı bir sübutun olmamasına məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Ziyan aktından da göründüyü kimi mövcud preyskurant olmamışdır. Ən başlıcası da odur ki, "Kamaz 55111" markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin apellyasiya şikayətinə tərəfindən əlavə edilmiş iki ədəd foto şəkillərindən də göründüyü kimi avtomaşına hesablanmış zərər həddindən artıq şişirdilmişdir. Bunu avtomaşının kabinasının sağ tərəfini açıq-aydın əks etdirən foto şəkilə baxmaqla da görmək mümkündür. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıya məxsus olan avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı ekspertiza rəyi ilə razı deyildir. Hesab edir ki, sığorta təşkilatı iddiaçıya zərərlə bağlı ödəniş etdiyindən ondan iddiuaçıya hər hansı məbləğ tutlmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabeh ona dəymiş ziyanı ödəməkdən yayınmaq üçün işi süni şəkildə uzatmağa çalışır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəfləri izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(020)-229/2022 nömrəli qətnaməsi dəymiş ziyanın məbləğinə münasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İş materiallarında olan inzibati xəta haqqında protokladan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 23:40 radələrində Cavabdeh sürücülük vəsiqəsi olmaqla Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu, Əhmədli kəndi ərazisindən keçən hissəsində 2.4 yol nişanı tələblərinə riayət etmədiyindən İddiaçı idarə etdiyi “Kamaz 55111” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə toqquşmuşdur. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan "xxxx" avtomotoservis və ticarəti firmasının 23 avqust 2021-ci il tarixli, 113 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı İddiaçı müraciətinə əsasən “Kamaz-55111” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşınına dəymiş zərərin ümumi məbləği 7090.00 (yeddi min doxsan) manat olaraq qiymətləndirilmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli, 9/8170 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Firmasının xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1991-ci il buraxılışlı “Kamaz 55111” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6390.0 manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, adhüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın və apellyasiya şikayətinin dəlillərinin əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş “Kamaz-55111” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin yararsız vəziyyətdə olmasını, həmin avtomobilin yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, həmçinin işə baxılan zaman apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək dəymiş ziyanın məbləği dəqiqləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlar, o cümlədən də ekspert rəyinə əsaslanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində həmin şikayətin dəlillərində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. İkincisi, cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğini “şişirdiyildiyini” bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Kollegiya cavabdehin bu dəlili ilə əlaqədar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və verilmiş rəy üzrə dəymiş ziyanın məbləği 6390.0 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu sübut edən məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarı mövcuddur və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(020)- 229/2022 saylı qətnaməsi ekspert rəyi əsas götürülməklə dəyişdirilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində ona 7090 manat ziyan dəydiyini bildirmiş, həmin ziyanın 4970 manat hissəsinin sığorta təşkilatı tərəfindən ödənildiyini bildirərək qalıq qalan (7090-4970=2120) 2120 manat maddi ziyanı və 2100 manat əldə çıxmış faydanı tələb etmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza rəyində iddiaçının avtomobilinə dəymiş zərərin 6390.0 manat müəyyən edilmişdir. Belə olduqda 6390.0 manatın 4970 manatı atrıq sığorta təşkilatı tərəfindən iddiaçıya ödənildiyindən ekspert rəyinə uyğun olaraq yerdə 1420 manat maddi ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qeyd olunan məhkəmə xərci cavabdehə aid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən göründüyü kimi iddiaçı iddia tələbində maddi ziyanın məbləğini 4220 manat tələb etsə də, sonda tələbi 2120 manat təmin edilmişdir. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 5000 manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(020)-229/2022 saylı qətnaməsi - “Cavabdeh İddiaçı xeyrinə tutulması müəyyən edilmiş 2120 manat maddi ziyanın” məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan maddi ziyanın məbləği 1420,0 manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə “32.20 manat ödənilmiş rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-110/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-110/2023
16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver