Məhkəmə qərarları › İş №2(106)-1102/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1102/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1102/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” barədə iddia ərizəsi üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 9540,41 manat məbləğində əsas və 1558,2 manat məbləğində faiz borcunun, 466,87 manat məbləğində cərimə borcunun, cəmi 11565,48 manat borcun və 125 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə illik 24% olmaqla 9727 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (zaminlər) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krediti qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. İddiaçı ASC-nin nümayəndəsi Elvin Quliyev elektron ərizə ilə məhkəmə müraciət edərək iddia tələbini müdafiə edib, məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh3 vəkili Vəkil məhkəməyə elektron ərizə ünvanlayaraq, cavabdehlərdən Cavabdeh1 mülkiyyətində əmlaklar olduğunu düşündüyünü, bu məqsədlə sorğular verdiyini, sübutlarının təqdim edilə bilinməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsi ilə (Hakim: Səlim Allahverdiyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9540,41 manat məbləğində əsas borc, 1558,2 manat məbləğində faiz borcu, 466,87 manat məbləğində cərimə borcu və 125 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11690,48 (on bir min altı yüz doxsan manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayəti verərək bildirmişdir ki, tərəfindən xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlanmış və cavabdeh X1 mülkiyyətində əmlakların olması barədə müvafiq orqanlara sorğular ünvanlandığı bildirilmişdir. Məhkəməyə sübut təqdim edə bilməyi məqsədilə isə xx.xx.2025-ci il, saat 10:50-yə təyin olunmuş baxış iclasının təxirə salınması məhkəmədən xahiş olunmuşdur. Lakin məhkəmə onun ərizəsini nəzərə almamış və xx.xx.2025-ci il tarixində 2(056)- 407/2025 saylı yekun məhkəmə aktını qət etmişdir. Məhkəmə qətnamə qəbul etdiyi üçün onun sübut təqdim edə bilmə hüququ pozulmuşdur. Həmçinin məhkəmə prosesinin çəkişmə prinsipinə əsasən aparılması qaydasını da pozmuşdur. Bildirmək istəyir ki, onun ünvanladığı sorğular nəticəsində əldə edəcəyi cavablar işin mahiyyətində mühüm əhəmiyyət kəsb edir və həmçinin İddiaçı ASC-nin də pozulmuş hüquqlarını bərpa edə bilərdi. Odur ki, onun ərizəsi nəzərə alınmadan qəbul edilən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsi qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC cavabdehin apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayət üzrə 2(106)-1102/2025 saylı iş vardır. Apellyator öz şikayətində məhkəmə prosesinin çəkişmə prinsipinə əsasən aparılması tələbinin pozulduğunu, birinci instansiya məhkəməsinin digər Cavabdeh1 müxtəlif təyinatlı əmlaklarının mövcudluğu barədə Cavabdeh3 vəkili tərəfindən bir sıra qurumlara ünvanlanmış sorğuların cavablarının əldə olunmasını gözləmədən yekun qərar qəbul etdiyini bildirmişdir. Apellyator Cavabdeh1 əmlak vəziyyəti barədə ünvanlanmış sorğuların işin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, lakin bu halların nədən ibarət olması məsələsini, ümumiyyətlə, əsaslandırmamışdır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borclulara 36 ay müddətinə illik 24% olmaqla 14999 manat məbləğində kredit vermiş, həmin müqavilə daxilində Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə xx.xx.2024-cü il tarixdə verilmiş kredit məbləği 9727 manat olmaqla 36 ay müddətinə illik 24% dərəcəsi ilə restrukturizasiya edilmiş, yeni müqavilə çərçivəsində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" ASC arasında təkrar zaminlik müqaviləsi bağlanmışdır. İmzalanmış müqavilələrin mahiyyətindən aydın olduğu kimi, zaminlər kredit borcundan irəli gələn öhdəliklərin icrasına münasibətdə solidar məsuliyyət daşıyır ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminlərə və ya onlardan birinə qarşı yönəldə bilər. Belə olduğu halda Cavabdeh1 Tarşı qızının mülkiyyətində əmlakların mövcud olubolmaması, dəyəri, yaxud təyinatı barəsində mübahisə olunan hüquq münasibətlərinin həlli müstəvisində heç bir əhəmiyyət daşımır və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 saylı qətnaməsinin ləğv olunması tələbi üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Sabirabad Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq göstərmişdir ki, kredit alanın adına olan müəyyən əmlaklar var və borcun onlara yönəldilməsi təşkil oluna bilər. Lakin buna baxmayaraq məhkəmə iclası onun iştirakı olmadan keçirmiş və təqdim olunmuş ərizəyə baxılmadan birbaşa qərar qəbul etmişdir. Tərəflərindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu verilmişdir, lakin heç bir cavab gəlməmişdir. Odur ki, kredit alanın əmlaklarının siyahısı barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu verib cavabları almağı Şirvan Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Eyni zamanda, səhhətində yaranan problem ilə bağlı olaraq xx.xx.2025-ci il tarixində, saat 17:00-a təyin olunmuş baxış iclasında iştirak edə bilməyəcəkdir. Bu səbəbdən məhkəmə iclasının avqustun 15-dən sonra istənilən tarixə təxirə salınmasını xahiş etmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada digər tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən(köhnə redkasiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə(köhnə redkasiyada) əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, tərəfindən xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlanmış və cavabdeh X1 mülkiyyətində əmlakların olması barədə müvafiq orqanlara sorğular ünvanlandığı bildirilmişdir. Məhkəməyə sübut təqdim edə bilməyi məqsədilə isə xx.xx.2025-ci il, saat 10:50-yə təyin olunmuş baxış iclasının təxirə salınması məhkəmədən xahiş olunmuşdur. Lakin məhkəmə onun ərizəsini nəzərə almamış və xx.xx.2025-ci il tarixində 2(056)- 407/2025 saylı yekun məhkəmə aktını qət etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsindən görünür ki, bank borclulara 36 ay müddətinə illik 24% olmaqla 14999 manat məbləğində kredit vermiş, həmin müqavilə daxilində Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə xx.xx.2024-cü il tarixdə verilmiş kredit məbləği 9727 manat olmaqla 36 ay müddətinə illik 24% dərəcəsi ilə restrukturizasiya edilmiş, yeni müqavilə çərçivəsində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" ASC arasında təkrar zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə isə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından aydın olur ki, zaminlər kredit borcundan irəli gələn öhdəliklərin icrasına münasibətdə əsas borclu ilə birgə məsuliyyət daşıyır ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminlərə və ya onlardan birinə qarşı yönəldə bilər. Bu halda Cavabdeh1 Tarşı qızının mülkiyyətində əmlakların mövcud olubolmaması, dəyəri, yaxud təyinatı heç bir əhəmiyyət daşımır və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Çünki zamin kimi Cavabdeh3 və digərləri kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar