Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1103/2025 07.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(056)-2082/2024 saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə 18 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 24000 manat pulun və ödədiyi 162 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti (qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən) geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət vermişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Sabirabad Rayon Məhkəməsi 17 aprel 2025-ci il tarixli qərardadında qeyd etmişdir ki, qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin "Elektron Məhkəmə" informasiya sistemində mövcud olan elektron kabinetində yerləşdirilmiş, cavabdeh isə qətnamədən apellyasiya şikayətini yalnız xx.xx.2025-ci il tarixdə, yəni qətnaməni rəsmi qaydada aldıqdan 4 ay 2 gün sonra vermişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM-in 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh şikayətində qeyd etmişdir ki, onun ünvanına məktub gəlmədiyindən, ona xəbərdarlıq edilmədiyindən və məhkəmə iclaslarında iştirak edə bilmədiyindən, belə bir qərarın çıxarılmasından xəbəri olmamışdır. Halbuki “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi, xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Qeyd edilməlidir ki, hüquq sistemində prosessual müddətlər mühüm rol oynayır. Onlar hüquqi müəyyənliyi, sabitliyi və ədalətin effektiv icrasını təmin edən əsas prinsiplərdəndir. Prosessual müddətlərin əsas məqsədi hüquqi proseslərin mütəşəkkil şəkildə aparılmasını təmin etmək, hüquq subyektlərinin maraqlarını qorumaq və hüquq sisteminə inamı artırmaqdır. Hüquqi müəyyənlik hüququn əsas prinsiplərindən biridir və prosessual müddətlərin tətbiqi ilə bilavasitə bağlıdır. Əgər hüquqi proseslər qeyri-müəyyən müddət ərzində davam edərsə, bu, hüquqi xaosa və qeyri-sabitliyə səbəb ola bilər. Müddətlərin müəyyən edilməsi, hüquq subyektlərinə nə vaxt və necə hərəkət edəcəklərini əvvəlcədən bilməyə imkan verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərin qanuni gözləntilərini qoruyur və onların hüquqlarının müdafiəsini təmin edir. Prosessual müddətlər hüquq sisteminin əsas dayaqlarından biridir və ədalətin təmin olunmasında, hüquqi müəyyənlik və sabitlik prinsiplərinin qorunmasında və məhkəmə proseslərinin effektivliyinin artırılmasında mühüm rol oynayır. Onlar hüquqi münasibətlərin sabitliyini təmin edir, hüquqi süründürməçiliyin qarşısını alır, hüquq subyektlərinin gözləntilərini qoruyur və məhkəmə qərarlarının icrasının keyfiyyətini artırır. Bu səbəbdən, prosessual müddətlərin düzgün tətbiqi və onlara riayət olunması hər bir hüquq sistemində əsas prioritetlərdən biri olmalıdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 135.6-cı maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X3rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397- 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(056)-2082/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1103/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1103/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver