Məhkəmə qərarları › İş №2(106)-1106/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1106/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1106/2024 02.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 120 manat, cəmi 15120 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin axırlarında Tağıyev X7 Muradova müraciət edərək Kürdəmir rayonunda Mərkəzi rayon Xəstəxanasının yaxınlığında iki mərtəbədən ibarət ümumi sahəsi 240 kv.m sahəsi olan özünə məxsus qeyri-yaşayış sahəsi olan binanı təcili pul lazım olduğu üçün satır. Qardaşı İddiaçı1la məsləhətləşmiş və həmin binanı almaq qərarına gəlmişdir. Bununla bağlı Cavabdehlə görüşüb və binanın alqı satqısı ilə bağlı söhbətləşmişlər. Cavabdeh onlara bildirmişlər ki, satmaq istədiyi binanı banka girov qoyub pul götürüb. Hazırda onun banka borcu var. Cavabdeh bildirmişdir ki, binanı almaq istəyirlərsə qabaqcadan 10.000 (on min) manat beh verin həmin binanı bankdan giovdan çıxarıb və onlara satsın. Onlar cavabdehlə razılaşmış və xx.xx.2020-ci il tarixdə Cavabdeh 10.000 (on min) manat pul vermişlər. Cavabdeh onlara yazılı qəbz vermiş və bildirmişdir ki, alqı-satqı baş tutmayacağı halda 30 gün müddətində pullarını qaytarıb verəcəklər. Aradan bir müddət keçdikdən sonra cavabdeh onun yanına gələrək binanın giovdan çıxarılması üçün əlavə 10.000 (on min) manat lazım olduğunu bildirmişdir. Cavabdehlə mübahisə edərək ona iradını bildirmiş və sənədləşmə üçün əvvəl 10.000 manat pulun bəs etdiyi halda, nə səbəbə görə ondan 10.000 manat da yenidən istəyir. Cavabdeh ona bildirmişdir ki, onsuzda bina onlara satılacaq nə versəniz üstündən gedir. Onlar cavabədehlə binanın alqı satqısını 80.000 manata danışmışlar. Ona görə də fikrləşmişlər ki, qabaqcadan nə qədər pul versələr, verəcəkləri pulun üstündən bir o qədər azalar. Ona görə də Vasiflə razılaşıb ona əlavə 10.000 manat pul vermişlər. Cavabdehin binanı onlara satacağını gözləmişlər. Lakin cavabdeh onları aldadaraq həmin binanı onlara satmamışlar. Onlar cavabdehdən pullarını tələb etməyə başlamışlar. Onlar əvvəlcədən Cavabdeh verdikləri 10.000 manat pulun yarı hissəsi 5.000 manat pul Vasifin şəriki Tahir Məmmədəliyevə verildiyi üçün, həmin 10.000 manat pulun 5.000 manatını Tahir Məmmədəliyev qaytarıb onlara vermişdir. Lakin Cavabdeh əvvəl aldığı puldan 5.000 manatı və sonradan aldığı 10.000 manatı onlara qaytarıb verməmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq, Vasif hər dəfə onlara bildirmişdir ki, binanı girovdan çıxarıb onlara satacaq. Aradan bir müddət keçdikdən sonra Cavabdeh həmin binanı başqa bir şəxsə 90.000 manata satdığını və pulunu aldığını eşitmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, Cavabdeh onları aldadıb, onlardan aldığı pulu öz işləri üçün üçün xərcləyib, binanı girovdan çıxarıb və daha yüksək qiymətə satıb. Onlar Vasiflə görüşüb onları aldatdığı üçün ona iradlarını bildirmiş və pullarını geri qaytarmasını tələb etmişlər. Vasif yaxın vaxtlarda pullarını qaytaracağına söz vermişdir. Lakin Cavabdeh dəfələrlə müraciət etməklərinə baxmayaraq bu günə kimi onların pulunu qaytarmamışdır. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat pulun alınıb onlara verilməsi barədə qərar qəbul edilməsini istəyirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Xaliq İmanov), iddianın qismən təmin edilməsi, Cavabdeh 10000 (on min) manat və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat pulun tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Tağıyev X3 Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini və İddiaçı2 və İddiaçı1 beh kimi alınan 10 000 (on min) manat azn məbləğində pul əsl həqiqətdə Cavabdeh deyil, Tahir Məmmədəliyevə təhvil verildiyinə görə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini və İddiaçı2 və İddiaçı1 beh kimi alınan 10 000 (on min) manat azn məbləğində pul əsl həqiqətdə Cavabdeh deyil, Tahir Məmmədəliyevə təhvil verildiyinə görə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi qaydada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (hüquq münasibəti yaranan zaman qüvvədə olan Mülki Məcəllə maddə 491.2) Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. (maddə 491.3) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş, sadə yazılı iltizam aşağıdakı məzmunda tərtib edilmişdir: “ Mən Cavabdeh və iş ortağım X1 MRX-nın yanında Cavabdeh məxsus olan iki mərtəbəli 240 m2 binanı İddiaçı2 və İddiaçı1 satmaq müqabilində həmin şəxslərdən 10 000 (on min) manat azn pulu beh kimi aldıq. Alqı-satqı baş tutmayacağı təqdirdə 30 gün müddətində pulun sahiblərinə qaytarılmasını öhdəmizə götürürük. Tarix: xx.xx.2020. İmzalar: Tağıyev V, Məmmədəliyev T, Muradov M, İddiaçı1 və imzalar”. İddiaçıların iddia tələbindən müəyyən edilir ki, iddiaçılar Cavabdeh Kürdəmir rayonunda Mərkəzi rayon Xəstəxanasının yaxınlığında iki mərtəbədən ibarət ümumi sahəsi 240 kv.m sahəsi olan cavabdehə məxsus qeyri-yaşayış sahəsi olan binanının alqı-satqısı ilə bağlı ümumilikdə 20 000 manat beh vermişlər. Lakin cavabdeh onları aldadaraq həmin binanı onlara satmamış, və beh müqabilində aldığı pulu geri qaytarmamışdır. Bundan sonra həmin puldan 5.000 manat Tahir Məmmədəliyev tərəfindən qaytarılsa da qalan 15 000 manat geri qayıtmamışdır. Bundan sonra iddiaçılar məhkəmədə iddia qaldıraraq beh müqabilində verilmiş 15000 manat pulun geri qaytarılmasını xahiş etmişlər. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən təqdim edilmiş yazılı iltizamı sübut kimi qəbul edərək həmin puldan yalnız 10000 manatın beh qismində verilməsi göstərildiyindən iddianı qismən təmin etmiş və Cavabdeh 10000 (on min) manat pulun alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Həmin qətnamədən iddiaçılar şikayət etməmiş, yalnız cavabdeh apellyasiya şikayəti verərək həmin pulun ona verilməsinə baxmayaraq iş ortağı Tahir Məmmədəliyev tərəfindən "xxxx" MMC-in borcuna görə 10.000 manat pul vəsaiti AVROMED MMC-yə ödənilmişdir. Belə olan halda pulun təkcə ondan tələb edilməsi düzgün ola bilməz. Odur ki, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (hüquq münasibəti yaranan zaman qüvvədə olan Mülki Məcəllə maddə 491.2) Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Kollegiya ilk öncə qeyd edir ki, tərəflər arasında olan yazılı iltizamın mahiyyətindən görünür ki, Cavabdeh və iş ortağı X1 MRX-nın yanında Cavabdeh məxsus olan iki mərtəbəli 240 m2 binanı İddiaçı2 və İddiaçı1 satmaq müqabilində həmin şəxslərdən 10 000 (on min) manat azn pulu beh kimi aldıqlarını, alqı-satqının baş tutmayacağı təqdirdə 30 gün müddətində pulun sahiblərinə qaytarılmasını öhdələrinə götürdüklərini öz imzaları ilə təsdiq etmişlər. Kollegiya qeyd edir ki, tərəflər arasında alğı-satqı ilə bağlı beh verilməsi barədə razılaşmanın 30 dekabr 2020-ci ildə (hüquq münasibəti yaranan zaman qüvvədə olan Mülki Məcəllə maddə 491.2) imzalanması ilkin olaraq onlar arasında belə bir razılaşma olduğunu təsdiq edir. Bu halı həm iddiaçılar həm də cavabdeh də öz imzaları ilə təsdiq edərək cavabdehə məxsus qeyri-yaşayış sahəsinin alğı-satqısının 1 ay ərzində baş tutmayacağı halda beh qismində verilmiş 10000 manat pulun geri qaytarılması barədə razılaşdıqlarını bildirmişlər. Onu nəzərə almaq lazımdır ki, iddiaçıların qabaqcdan alğı-satqı ilə bağlı beh ödəməsi onların bu alğı-satqının baş tutmasında maraqlı olmasını təsdiq edir. Cavabdeh isə apelyasiya şikayətinin dəlillərində pulun Tahir Məmmədəliyevə təhvil verildiyinə görə iddianın əsassız hesab edir. Lakin kollegiya qeyd edir ki, beh alğı-satqı müqaviləsinin baş tutacağı şərti ilə alıcının satıcıya qabaqcdan ödədiyi pul məbləğidir. Göründüyü kimi, müqavilə üzrə tərəflər alıcı qismində iddiaçılar, satıcı qismində isə mübahisəli qeyri-yaşayış obyektinin sahibi Cavabdehdir. Cavabdeh yazılı iltizamda da özünə məxsus qeyri-yaşayış sahəsinin satılmaması müqabilində aldığı 10000 manat pulu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin işin hallarından görünür ki, iddiaçlar tərəfindən beh verildiyi halda həmin obyekt cavabdeh tərəfindən başqa şəxslərə satılmışdır. Ona görə də kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 10 000 manat tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 ödənilsin” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-127/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar