Məhkəmə qərarları › İş №2(106)-1109/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1109/2025

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1109/2025 12.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli və Heydərov Tofiq X2 ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İmişli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2011-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ##.##.2011- ci il tarixdən “xxxx” MMC-yə məxsus olan “Namlı Kebab” restoranında “salon şefi” işləyir və əmək haqqısı 1000 manat təşkil edir. 1 #.##.2015-ci il tarixdə ##/##/2015-ci il tarixdə İddiaçı QSC və Cavabdeh arasında bağlanmış Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1500 manat məbləğində 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə əsas məbləğ üzrə borc: 857.08 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 88.45 manat, cərimə borcu: 4,184.77 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0.00 manat olmaqla cəmi 5132.30 manat borcu yaranmışdır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRMASI: İddiaçı QSC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 857.08 manat əsas borcun, 88.45 manat faiz borcunun, 4184.77 cərimə borcunun, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat borc olmaqla cəmi, 5132.30 manat borcun və ödənilmiş 71.32 manat dövlət rüsumunun Cavabdeh alınaraq Banka ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1#.##.2015-ci il tarixdə tərəflər arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1500 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. İddiaçı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bоrcu ödəməmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: İmişli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin 857.08 manat əsas borcun, 88.45 manat faiz borcunun olması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan üzərində “kredit kart- hesab çıxarış” sözləri yazılan printer vasitəsi ilə çap edilmiş qeydlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin qeydlərin hansı kart hesabında çıxarışa məxsus olması və hansı sistemdən çıxarış edilməsi barədə həmin qeydlərdə məlumat yoxdur. Həmçinin, həmin qeydlər heç bir şəxs tərəfindən imza və möhürlə də təsdiq edilməmişdir. Halbuki, Azərbayacn Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə cavabdehin borclu barədə məhkəməyə sübut qisməndə təqdim etdiyi həmin qeydlər qeyd edilən normaların tələblərinə cavab vermədiyi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Mcəlləsinin (MM) 739.1-ci, 442-ci, 445-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, işin mahiyyətini əks etdirmir, forma yönümlü yanaşma ilə çıxarılmış və faktiki borc mövcudluğunu nəzərə almamışdır. Təqdim edilmiş “kredit kart-hesab çıxarışı” Bankın daxili əməliyyat sistemindən əldə olunmuş rəsmi çıxarışdır. Bu sənəd real zamanlı bank əməliyyatlarını əks etdirən məlumatlar əsasında tərtib olunmuş və “e-məhkəmə” sistemi vasitəsilə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi nə işin hazırlıq iclaslarında, nə də sonrakı mərhələlərdə Bank tərəfindən təqdim olunmuş sübutların o cümlədən elektron fotmada təqdim edilmiş çıxarış və hesab sənədlərinin etibarlılığının şübhə doğurması halında hər hansı bir rəsmi məktubla və ya məhkəmə protokolu ilə əsaslı şəkildə həmin sənədlərin əslinin və ya notarial qaydada təsdiqlənmiş surətinin təqdim edilməsini iddiaçı tərəfdən nə tələb etmiş, nə də təklif etmişdir. Bu baxımdan, məhkəmənin heç bir prosessual təşəbbüs göstərmədən, son nəticədə tədqim edilmiş sübutların dəyərsiz olduğu qənaətinə gəlməsi prosessual hüquq normalarının kobud pozuntusu olmaqla, işə birtərəfli və formal yanaşma təəssüratı yaratmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, vaxtilə kredit borcu olmuş, lakin həmin borc vaxtında tam ödənilmişdir. 2015-ci ildən bu günədək ona borcla bağlı hər hansı bildiriş, məlumat və ya çağırış təqdim edilməmişdir. Borc 2015-ci ildə kredit götürüldükdən 2-3 ay sonra ödənilmişdir. Kartın istifadə müddəti isə 2020-ci ilədək qüvvədə olmuşdur. Sonradan başqa banka kredit üçün müraciət etdikdə ona qara siyahıda olduğu bildirilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376-cı maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi barədə qənaətə gəlmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, cavabdeh özü belə iddiaçı ilə aralarında müqavilə münasibətinin olduğunu etiraf etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən məhz mübahisəli halların aradan qaldırılması məqsədilə 1#.##.2015-ci il tarixdə İddiaçı QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə müqavilə müddətinin sonuna faiz borcunun və ## ### 2025-ci il (qətnamə qəbul edilən) tarixə əsas borcunun məbləğinin müəyyən edilməsi məqsədilə ##.##.2025-ci il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Adıçəkilən qərardadın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin # ###### 2025-ci il tarixlik məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün İddiaçı QSC və Cavabdeh arasında bağlanılmış 1#.##.2015-ci il tarixli kredit müqavilələri üzrə kassa mədaxil orderlərinin, cari ssuda, faiz, cərimə, vaxtı keçmiş ssuda və faiz hesablarından çıxarışların (müqavilə tarixindən hal-hazıradək, Mərkəzi Bankın hesablar planına uyğun hesablar göstərilməklə) təqdim edilməsi barədə ekspert vəsatəti məhkəməyə daxil olmuşdur. Adıçəkilən məzmunda olan vəsatət dəfələrlə təmin edilməsi üçün iddiaçıya göndərilmişdir. Ancaq bütün bunlara rəğmən ekspert vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsinə dair Məlumatından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 2(106)- ****/**** nömrəli İş üzrə ##.##.2025-ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizası üzrə ##.##.2025-ci il tarixli vəsatət verilmiş və həmin vəsatət təmin edilmədiyi üçün iş materialları ##.##.2026-cı il tarixdə icrasız geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə *(***)-****/**** nömrəli iş materialları yenidən Mərkəzə daxil olmuş və iş materialları ilə tanışlıq zamanı ona əlavə edilmiş sənədlərin cədvəl məlumatları olduğu (Azərbaycan Respublikasının Bank Sistemi üçün Hesablar Planına uyğun tərtib edilmiş hesabdan çıxarış deyil) müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatı kredit (lizinq) münasibətləri üzrə ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Bundan başqa, ##.##.2026-cı il tarixdə Mərkəzə bankın 01 vərəq ərizəsi təqdim edilmişdir. Həmin ərizədə bank tərəfindən bütün çıxarışların məhkəməyə təqdim edildiyi və ekspertiza zamanı nəzərə alınması xahiş edilmişdir. Yuxarıda da qeyd edildiyi ki, təqdim edilmiş çıxarışlar cədvəl məlumatları olduğundan (Azərbaycan Respublikasının Bank Sistemi üçün Hesablar Planına uyğun tərtib edilmiş hesabdan çıxarış deyil) kredit müqaviləsi üzrə hesablamalar aparmaq mümkün olmadı. Odur ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə və “Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Beləliklə də, yuxarıdakılardan da göründüyü kimi, işin tam və hərtərəfli həlli üçün zəruri olan və müvafiq qərardadda qoyulmuş suallara aydınlıq gətirmək məqsədilə təyin edilmiş ekspertiza üzrə lazımi rəyi əldə etmək mümkün olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən (ekspert vəsatətində tələb edilən digər sübutlar) sənədlər təqdim edilməyibsə, icra edilməmiş öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bu tələb rədd edilməlidir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 35 manat 66 qəpik məbləğdə dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar