Məhkəmə qərarları › İş №2(106)-111/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-111/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-111/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-330/2022 saylı, 22 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanmaqla 23000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 238 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırda ailəsi ilə birlikdə Astara rayonunun Siyaku kəndində yaşayır. Əvvəllər o, Rusiya Federasiyasının Moskva şəhərində fərdi əməklə məşğul olmuş və arabir yaşadığı Astara rayonunun Siyaku kəndinə gedib-gəlmişdir. Növbəti dəfə, yəni 2019-cu ilin əvvəllərində yenidən kəndə gələrkən kənd sakini olan və əvvəllər bir müəllim kimi tanıdığı Sədəddin Fətəliyevin bikef vəziyyətdə olduğunu görmüş və ondan səbəbini soruşduqda bildirmişdir ki, kənddə mağaza icarəyə götürmüşdür və pulu yoxdur ki, həmin mağazanı təmir elətdirib işlətsin. İddiaçı ona bildirmişdir ki, əgər iddiaçı ona pul versə, o, həmin mağazanı təmir elətdirib işlədə bilər və bunun üçün ona 20000 ABŞ dolları bəs edər. Sədəddin Fətəliyev isə ona bildirmişdir ki, həmin məbləğ ona bəs edər, əgər iddiaçı ona həmin məbləğdə pul versə, o, iddiaçıya əlavə olaraq qazanc da verəcəkdir. İddiaçı isə onunla razılaşmış, lakin hazırda nağd pulu olmadığını, Rusiyaya gedib oradan ona hissə-hissə pul göndərəcəyini bildirmişdir. Sədəddin Fətəliyev də onunla razılaşmışdır. İddiaçı Rusiya Federasiyasına getdikdən sonra orada özünə məxsus olan avtomaşınlardan sataraq hissə-hissə qohumu X26 vasitəsilə Sədəddin Fətəliyevə ümumilikdə 23000 ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin 23000 ABŞ dolları məbləğində pulu Sədəddin Fətəliyevə verəndə Sədəddin Fətəliyev pulun alınması ilə əlaqədar Fətəli Fətəliyevə yazılı formada kağız yazaraq vermişdir. Sədəddin Fətəliyevin adı rəsmi sənədlərdə Sədəddin kimi qeyd olunsa da, onu hər kəs Sədrəddin kimi tanıyır. Ona görə də o yazıb verdiyi kağızda adını Sədrəddin kimi qeyd etmişdir. Arabir iddiaçı onunla əlaqə saxladıqda iddiaçıya mağazanı təmir elətdirdiyini və işlətdiyini bildirmişdir. Daha sonra iddiaçı ondan Azərbaycana gəlsə, həmin mağazanın gəlirlərindən ona çatan pulla özünü və ailəsini dolandıra biləcəyini soruşmuş, Sədəddin Fətəliyev isə ona narahat olmamasını, Azərbaycana gəlməsini bildirmişdir. Sədəddin Fətəliyev ona bildirmişdir ki, iddiaçının ona verdiyi pul hesabına mağazanın dövriyyəsini 70000 manata çatdırmışdır. İddiaçı 6 ay gözləsə də, Sədəddin Fətəliyev ona həmin müddət ərzində pul verməmişdir. İddiaçı ondan 70000 manat pulla bağlı soruşduqda, Sədəddin Fətəliyev ona həmin malları nisyə verdiyini və insanlardan bu yaxınlarda pulu alacağını bildirmişdir. İddiaçı gözləməyə başlasa da, ona hər hansı pul verilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Sədəddin Fətəliyev həmin pulları insanlardan alaraq oğlu üçün Bakı şəhərində ev almış və eyni zamanda Bakı şəhərində başqa bir qadın saxlayır. X30 vəfat etmişdir. İddiaçı verdiyi pulları onun oğullarından tələb edəndə onlar iddiaçıya hazırda imkanlarının olmadığını, lakin atalarının 40000 manat məbləğində nisyə verdiyi ərzağın pulunu insanlardan alıb verəcəklərini bildirmişlər. X12rı iddiaçının pulunu qaytarmırlar. Sədəddin Fətəliyev vəfat etdiyinə görə onun oğulları onun vərəsələri olduğu üçün onları cavabdeh qismində göstərmişdir. Astara Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(018)-330/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zamin İbrahimov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə) və 238 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 127 manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(018)-330/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə təsdiq olunur ki, pul Sədəddin X2 tərəfindən verilmiş və qəbzi də sonuncu almışdır. Buna görə də pulun tələb edilməsinə X1 hüququ var. İddiaçı tərəfindən pul verilməmişdir. İddiaçı Sədəddin Fətəliyevə pul verilməsinə dair sübutu yoxdur. X15 adına Rusiya Federasiyasından İddiaçı tərəfindən pul, yəni 23000 ABŞ dolları göndərilməsi sübutlarla təsdiq olunmur. Bunlara əsasən qəbzlərdəki yazının Sədəddin Fətəliyevə hansı şəraitdə yazdırılması müəyyən deyil. Məhkəməyə xx.xx.2022ci il tarixli ərizəsindəki suallarında bunlar əksini tapmış, lakin ekspert rəyində həmin suallar cavablandırılmamışdır. Həmçinin, 23000 ABŞ dollarının Azərbaycan Respublikasına hansı qaydada göndərilməsi sübutlarla təsdiq olunmur. Bunlar pozuntu hesab edilsə də, məhkəmə bu istiqamətdə araşdırma aparmamışdır. Ekspertiza rəyi ilə razı olmadığını məhkəmə iclasında bildirmiş və bunun əsası ekspertizaya təqdim edilməsi üçün verilmiş sualların cavablandırılmaması olmuşdur. Məhkəmə şahid X27 ifadəsindəki dəlillərə münasibət bildirməmişdir. Həmin dəlilləri iddiaçı da məhkəmədə nə təkzib, nə də təsdiq etmişdir. Qətnamədə atası Sədəddin Fətəliyevin adına nəqliyyat vasitələri və torpaq sahəsi olduğu göstərilir. Nəqliyyat vasitələri və torpaq sahəsi hazırda apellyatorun istifadəsində deyil, belə ki, atası sağ olan zaman etibarnamə əsasında nəqliyyat vasitəsini satmışdır. Mirasın qəbul edilməsi sübutlarla təsdiq edilmir. Həmin əmlakların mövcudluğu arayışla təsdiq olunsa da, cavabdehin istifadəsində deyil və istifadəsində olması təsdiq olunmur. X5 mirası indiyədək cavabdeh tərəfindən qəbul edilməmişdir və qəbul edilməmiş miras onun mülkiyyəti sayıla bilməz. Vərəsələrin məsuliyyəti qəbul edilmiş miras əmlakının qiyməti ilə müəyyən edilir. Sədəddin Fətəliyevin qəbul edilmiş miras əmlakının qiyməti məlum deyil və buna görə 23000 ABŞ dollarının ondan tələb edilməsi qanuni deyil. Vərəsələrin arasında borcun ödənilməsi onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən miras qiymətindən artıq borc tələb oluna bilməz. Həmçinin, mərhum Sədəddin Fətəliyevin miras əmlakında cavabdehin anasının da payı var və miras əmlakdan onun payı ayrılandan sonra qalan əmlaklardan borcun ödənilməsi tələb edilə bilər. Cavabdeh tərəfindən mirasın hər hansı üsulla qəbul edilməsi qətnamədə sübutlarla təsdiq olunmur. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməmişdirsə, həmin hüququ itirir. Cavabdehlər də mirası müvafiq müddətdə qəbul etmədiklərinə görə subyektiv vərəsəlik hüquqlarını itirmişlər. Sonradan Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, apellyasiya şikayətinə əlavədə Astara Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(018)-330/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddia təmin edilərkən məhkəmə heç bir notarial və hüquq müəyyənedici sənədlər (vəsiyyətnamə və ya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə) olmadan, cavabdehlər tərəfindən atalarına məxsus daşınar və daşınmaz əmlakların miras kimi qəbul edilməsi qənaətinə gəlmişdir. Halbuki, Cavabdeh1 atasından miras qalmış əmlakdan imtina etmiş, Cavabdeh2 özü isə atasından miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etməmişdir. Qətnamədə miras qalmış əmlaklara cavabdeh tərəfindən faktiki sahiblik edilməsi göstərilsə də, bu, hər hansı bir sənədlə sübut edilə bilməmiş, yalnız məhkəmənin öz mülahizəsi ilə belə ehtimal edilmişdir. Cavabdehin atasından miras qalmış əmlaklara dair mülkiyyət hüququnu tanıyan heç bir hüquqverici sənəd yoxdur. Məhkəmə özü də qətnamədə iddiaçının xeyrinə pul tutarkən həmin pulun atasından miras qalmış əmlakların hesabına tutulmasını qeyd edə bilməmişdir. Belə olan halda, iddiaçı ilə ataları arasında olan pul mübahisəsinə görə o cavabdehlik daşımır. Çünki onlar arasında olan pul söhbətində o, tərəf kimi iştirak etməmişdir. İddiaçı Cavabdeh2 apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz vermiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, o, Fətəli Fətəliyev vasitəsilə dörd dəfəyə - 16 aprel 2019-cu il, 10 may 2019-cu il, 22 may 2019-cu il və 06 iyun 2019-cu il tarixlərində cəmi 23000 ABŞ dolları pulu hissə-hissə Sədəddin Fətəliyevə vermişdir. Cavabdeh2 apellyasiya şikayətində atasının hansı şəraitdə qəbz yazmasının müəyyən olmadığını bildirir. X34 hər hansı narazılığı olsaydı, polis orqanına müraciət etmiş olardı. Bu onu göstərir ki, ona hər hansı təzyiq edilməmişdir. İddiaçının Sədəddin Fətəliyevlə pul söhbəti olanda sonuncu dükanında sadəcə un satırdı, həmin vaxt imkanı olmadığından dükanda başqa ərzaq sata bilmədiyini bildirmişdir. Onlar aralarında razılaşmışlar ki, iddiaçı Rusiyada olan maşınları satıb pulları evə hissə-hissə göndərərək Fətəli Fətəliyev vasitəsilə pulları Sədəddin Fətəliyevə çatdırsın. Apellyasiya məhkəməsinin 26 oktyabr 2022-ci il və 30 noyabr 2022-ci il tarixli iclaslarında iştirak edən Cavabdeh2 bildirmişdir ki, mərhum atası Sədəddin Fətəliyev sağlığında nə o, nə də qardaşı üçün Bakı şəhərində ev almamış, Cavabdeh1 Bakı şəhərindəki evi atası rəhmətə getdikdən sonra 2021-ci ilin dekabr ayında kreditlə almışdır və hal-hazırda da evin kreditini ödəyir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda atasından qalmış evdə o, anası və uşaqları birgə yaşayırlar. Lakin həmin evə dair hər hansı sənəd mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 07 aprel 2022-ci il tarixli məktubunda qeyd edilən Astara rayonu, Siyaku kəndində yerləşən 0,17 ha torpaq sahəsinin isə evin həyətyanı sahəsi olub-olmadığını bilmir. Reyestrdə qeydə alınmış qeyri-yaşayış binası isə hazırda boşdur, fəaliyyət göstərmir, heç kim ondan istifadə etmir. Həmçinin bildirdi, atasından miras qalmış əmlakın qəbul edilməsinə dair nə o, nə də qardaşı Cavabdeh1 hər hansı müraciət etməmişdir. Cavabdeh2 X15 ayrı-ayrı vaxtlarda hər dəfə 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində pulu mərhum atası Sədəddin Fətəliyevdən almasına dair yazılar olan dəftəri və üzərində “6000 $ Aldım” yazılaraq imzalanmış kağızı apellyasiya məhkəməsinə təqdim etmiş və bildirmişdir ki, apellyasiya məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli iclasında edilmiş məhkəmənin tövsiyəsinə əsasən, atasına aid olmuş evdə onun mülkiyyətində olan əmlakların sənədlərini axtararkən 10 vərəqdən ibarət yaşıl üzlü dəftər və ayrıca kiçik bir kağız tapmışdır. O, həmin məbləğlərin mərhum atası tərəfindən ya X26 vasitəsilə, ya da birbaşa olaraq İddiaçı verildiyini düşünür. Apellyasiya məhkəməsinin 26 oktyabr 2022-ci il və 30 noyabr 2022-ci il tarixli iclaslarında iştirak edən İddiaçı çıxış edərək bildirmişdir ki, o, yalnız mağazadan 6000 manat dəyərində olan ərzaq məhsulunu borcun əvəzi olaraq götürmüş, bundan başqa ona hər hansı pul məbləği ödənilməmişdir. Cavabdeh2 təqdim etdiyi dəftərdə və kağızdakı yazılar onun tərəfindən yazılmamış, imzalar onun tərəfindən icra edilməmişdir. İddiaçı məhkəmədən X15 şahid qismində dindirilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin 30 noyabr 2022-ci il tarixli iclasında dinlənilmiş şahid X26 bildirmişdir ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş dəftərdəki əlyazısı və çəkilmiş imzalar, həqiqətən də, ona məxsusdur. O, Sədəddin Fətəliyevdən 3 dəfə müxtəlif vaxtda hər dəfə 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində pulu X25 Əmənullayevə olan borcundan ödəniş kimi alaraq İddiaçı həyat yoldaşına vermişdir. Apellyasiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirmişdir ki, o, 6000 ABŞ dollarının ödənilməsinə dair qəbzi və 3000 manatın ödənilməsinə dair sübutu məhkəməyə təqdim etmiş, iddiaçı yalnız bundan sonra həmin məbləğlərin ödənildiyini qəbul etmişdir. O, hazırda dəqiq olaraq bilmir ki, mərhum atası Sədəddin Fətəliyev tərəfindən iddiaçıya başqa hər hansı pul məbləği ödənilmişdir, ya yox. O, verilmiş suala cavab olaraq bildirdi ki, 23000 ABŞ dolları borcdan qalan 11700 ABŞ dolları məbləğində pulun atası tərəfindən iddiaçıya qaytarılmasına dair sübutu yoxdur. O, qeyd olunanların və onun tərəfindən mirasın qəbul edilmədiyinin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı çıxış edərək bildirmişdir ki, o, 2019-cu ilin sentyabr ayından hissə-hissə olmaqla mağazadan mağazanın fəaliyyətindən ona çatacaq qazancın qarşılığında cəmi 6000 manatlıq ərzaq məhsulunu götürmüşdür. O, 6000 ABŞ dolları ilə bağlı olan qəbzi xatırlamasa da, ekspert rəyində qəbzin onun tərəfindən yazılaraq imzalandığı qeyd edildiyindən qəbzə əsasən borc məbləğindən 6000 ABŞ dolları məbləğində pulu aldığını qəbul edir. İddiaçı həmçinin borc müqabilində 3000 manat pulun həyat yoldaşı tərəfindən onun adına qəbul edildiyini də təsdiq edir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, mağazanın fəaliyyəti nəticəsində əldə edilmiş qazancdan ona pul verilməsi ilə bağlı Sədəddin Fətəliyevlə aralarında şifahi razılaşma olmuşdur və həmin razılaşma ilə bağlı hər hansı yazılı sübut təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, hazırda xəstə olduğunu, ambulator şəraitdə müalicə aldığını və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə və işin hallarının tam və hərtərəfli araşdırılmamasına istinad edərək, qətnamənin tam ləğv edilməsini xahiş etdiyini, həmçinin iddia tələbinin bölünməzliyini və tələb edilən məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasının tələb edildiyini, qətnamə ilə də 23000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasının qət edildiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, sübutları müqayisəli şəkildə təhlil etməmiş, şahid ifadələrində qeyd edilən məqamlara nəzər yetirməmiş, nəticə etibarilə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, birinci instansiya məhkəməsi tərəfindən, eləcə də, yeni əldə edilmiş sübutlar əsasında iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarının 8-ci vərəqində olan əlyazma qəbzdə, “xx.xx.2019 tarixdə Fətəlidən 4000 (dörd min) dollar ($) aldim, alan Fətəliyev Sədrəddindir”, “xx.xx.2019 tarixdə Fətəlidən 8000 (səkkiz min) dollar $ aldim, alan Fətəliyev Sədrəddin”, “xx.xx.2019 tarixdə Fətəlidən 8000 (səkkiz min) dollar $ aldim, alan Fətəliyev Sədrəddin”, “xx.xx.2019 il tarixdə Fətəlidən 3000 (üç min dollar) min dollar aldim, alan Fətəliyev Sədrəddin” ifadələri yazılmış, hər ifadənin altında isə imza icra edilmişdir. İş materiallarının 48-49-cu vərəqlərindən görünür ki, Astara rayonu, Siyaku kənd sakini mərhum X17 bələdiyyəsinin sədri vəzifəsindən istefa ərizəsi (yazı nümunəsi) və imzası Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. İş materiallarının 73 və 74-cü vərəqlərinə Astara RİHB-nin 2002-ci ilin əmr kitabının 64-65-ci vərəqləri əlavə olunmuşdur. Həmin vərəqlərdə X13 tərəfindən Astara RİHB-yə ünvanlanmış ərizələr əks olunmuşdur. İş materiallarında olan 24 may 2022-ci il tarixli, 4/620 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 12 vərəqdən ibarət olan milə-mil şagird dəftərinin 1-ci vərəqindəki yazılar və imzalar ilə Astara Rayon İcra Hakimiyyəti başçısının 2002-ci ilə dair əmrlər kitabının 64-cü və 65-ci vərəqlərində olan yazılar və imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 15 mart 2022-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş X26 çıxış edərək bildirmişdir ki, iddiaçı ona Rusiya Federasiyasına getdikdən sonra hissə-hissə pul göndərəcəyini söyləmiş, həmin pulu aldıqdan sonra onu həmkəndlisi Sədəddin Fətəliyevə verməsini və ondan da yazılı qəbz almasını tapşırmışdır. Bundan sonra, iddiaçı 16 aprel 2019-cu ildə 4000 ABŞ dolları, 10 may 2019-cu ildə 8000 ABŞ dolları, 22 may 2019-cu ildə 8000 ABŞ dolları və 06 iyun 2019-cu ildə 3000 ABŞ dolları pulu Fətəli Fətəliyevə göndərmişdir. Sonuncu da öz növbəsində həmin pulları qeyd edilən vaxtlarda Sədəddin Fətəliyevə vermiş, Sədəddin Fətəliyev pulları alan zaman öz xətti ilə qəbzlər yazmış və imzalamışdır. Ümumilikdə, iddiaçıya məxsus 23000 ABŞ dolları pulu Sədəddin Fətəliyevə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. MM-in 529.3-cü maddəsindən də göründüyü kimi, borclu tərəfindən kreditora verilən borc qəbzləri onlar arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı sənəd kimi çıxış edir. Beləliklə, qeyd edilənlərlə müəyyən edilir ki, İddiaçı şifahi razılaşma əsasında X26 vasitəsilə 4 dəfə - 16 aprel 2019-cu ildə 4000 ABŞ dolları, 10 may 2019-cu ildə 8000 ABŞ dolları, 22 may 2019-cu ildə 8000 ABŞ dolları və 06 iyun 2019-cu ildə 3000 ABŞ dolları olmaqla, cəmi 23000 ABŞ dolları məbləğində pulu borc vermiş, bununla bağlı, X13 tərəfindən qəbzlər yazılmışdır. Məhkəmə kollegiyası onu da bildirir ki, sözügedən qəbzlərdə Sədəddin Fətəliyevin adının “Sədrəddin Fətəliyev” kimi yazılması pulun məhz Sədəddin Fətəliyevə verilmiş olmasını təkzib edən hal kimi çıxış edə bilməz. Belə ki, 24 may 2022-ci il tarixli ekspert rəyi ilə də müəyyən edildiyi kimi, həmin qəbzlər məhz Sədəddin Fətəliyev tərəfindən yazılmış və imzalanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, iş materiallarının 8-ci vərəqində olan qəbzdəki imzalar məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. X13 da öz imzası ilə iradəsini bəyan etmiş və yazdığı qəbzlərin məzmununun həqiqiliyini təsdiq etmişdir. Cavabdeh2 apellyasiya şikayətində verilmiş borcun qaytarılmasını tələb etmək üçün subyektiv hüququn X19 məxsus olduğunu bildirsə də, iş materiallarından, iddiaçının və Fətəli Fətəliyevin izahatlarından göründüyü kimi, 23000 ABŞ dolları məbləğində pulu Sədəddin Fətəliyevə məhz İddiaçı borc vermiş, X26 isə sadəcə pulun verilməsində vasitəçi kimi çıxış etmişdir. Odur ki, verilmiş borc pulun geri tələb edilməsinə dair subyektiv hüquq da İddiaçı məxsusdur. Həmçinin, Cavabdeh2 apellyasiya şikayətində mərhum atası Sədəddin Fətəliyevin hansı şəraitdə qəbzləri yazıb imzalamasının müəyyən olmadığını bildirmişdir. Lakin iş materialları ilə Sədəddin Fətəliyevin həmin qəbzləri hər hansı təzyiq altında yazması, eləcə də bu barədə hər hansı hüquq mühafizə orqanına müraciət etməsi müəyyən edilmir. İşdəki AZ-İİ 207863 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2021-ci ildə ölmüşdür. İddiaçı 23000 ABŞ dolları məbləğində borc verdiyi X5 xx.xx.2021-ci ildə ölməsinə görə həmin borc məbləğini hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş mərhumun oğulları Cavabdeh2 və Cavabdeh1 tələb etmişdir. Cavabdeh tərəf isə tələbə onunla etiraz etmişdir ki, mərhum X4 onlara hər hansı əmlak miras olaraq qalmamış, onun miras əmlakı cavabdehlər tərəfindən qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Astara rayon Siyaku kənd sakini X5 adına xx.xx.1998-ci il tarixdə “UAZ-3962” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2001-ci il tarixdə “VAZ-21065” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 07 aprel 2022-ci il tarixli məktubundan görünür ki, publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X5 xx.xx.2018-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ ilə adına Astara rayonu, Siyaku kəndində yerləşən 0,17 ha torpaq sahəsi və xx.xx.2016-cı il tarixində tam mülkiyyət hüququ ilə Astara rayonu, Siyaku kəndində yerləşən qeyri-yaşayış binası qeydiyyata alınmışdır. İş materiallarında olan Astara rayon Notariat ofisinin 10 noyabr 2022-ci il tarixli, 749 nömrəli məktubundan görünür ki, Astara rayon Notariat ofisində hal-hazırkı tarixədək X5 adından vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Astara RİHB-nin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1460 nömrəli, 10 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Astara rayonunun Siyaku kənd sakini mərhum X5 adına Astara rayonunun Siyaku kəndində yerləşən qeyri-yaşayış binası hal-hazırda həyat yoldaşı X16 istifadəsindədir və ona məxsus olan fərdi yaşayış evi vardır, həmin evə və qeyri-yaşayış binasına aid nümayəndəlikdə heç bir sənəd yoxdur və həmin evdə aşağıda qeyd olunmuş ailə üzvləri qeydiyyatdadırlar və orada yaşayırlar: 1. X8; 2. Oğlu Cavabdeh2; 3. X6; 4. X7; 5. X10; 6. X11; 7. X9. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. MM-in 1273-cü maddəsinə əsasən, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Cavabdeh2 apellyasiya şikayətində məhkəmənin hər hansı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmadan miras əmlakın onun tərəfindən qəbul edilməsi qənaətinə gəldiyini bildirmişdir. Lakin Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən mövqeyindən görünür ki, vərəsəlik şəhadətnaməsi sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Astara RİHB-nin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1460 nömrəli, 10 noyabr 2022-ci il tarixli arayışından da göründüyü kimi, Cavabdeh2 mərhum atasından qalmış fərdi yaşayış evində yaşamaqla və həmin evin yerləşdiyi torpaq sahəsindəki payından istifadə etməklə həmin əmlakı faktiki olaraq qəbul etdiyini göstərən hərəkətlər etmiş, bununla da, MM-nin 1243.3-cü maddəsinin tələbləri baxımından mərhum atasından miras qalmış əmlakı tamamilə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız sayır və bildirir ki, cavabdehin adına vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli Qərarında həmçinin bildirmişdir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. İş materiallarında olan Cavabdeh2 tərəfindən Astara rayon Notariat ofisinə verilmiş 16 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh2, 09 sentyabr 2021-ci ildə ölmüş atası X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmişdir, etmir. Gələcəkdə pay tələbi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcək. Göründüyü kimi, Cavabdeh2 mərhum atası X4 miras qalmış əmlakdan imtina etməsinə dair ərizəsini 16 sentyabr 2022-ci il tarixində notariusa təqdim etmişdir. Lakin Mülki Məcəllənin 1256-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Cavabdeh2 tərəfindən isə miras əmlakdan qanunla nəzərdə tutulmuş müddət ərzində imtina edilməmişdir. Bundan əlavə, iş materiallarında digər Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş ərzində verilən və mərhum atası X4 miras qalmış əmlakın qəbulundan imtina edilməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə də mövcud deyil. Həmçinin, Cavabdeh1 ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsini qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmiş və hazırda Astara Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(018)-330/2022 saylı qətnaməsi ancaq Cavabdeh2 apellyasiya şikayətinə əsasən yoxlanılır. Məhkəmə kollegiyası Mülki Məcəllənin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutaraq belə qənaətə gəlir ki, X4 qalmış miras əmlak cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, cavabdehlər mərhum Sədəddin Fətəliyevdən miras qalmış əmlakı qəbul etdiklərindən, onun öhdəliklərini də qəbul etmişlər. Bu səbəbdən də, İddiaçı hazırkı tələblə cavabdeh kimi Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası tələb olunan borcun məbləği ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı cavabdehlərin mərhum atasına cəmi 23000 ABŞ dolları məbləğində borc pul verdiyini bildirərək həmin məbləğdə pulun cavabdehlərdən tutulmasını tələb etmiş, məhkəmə isə həmin borc puldan hər hansı ödənişlərin edilməsinə dair heç bir araşdırma aparmamışdır. Halbuki, birinci instansiya məhkməməsinin 22 iyun 2022-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş X35 çıxış edərək bildirmişdir ki, iddiaçı ona Sədəddin Fətəliyevin borclu olduğu puldan 10000 manatı qaytardığını, 6000 manat miqdarında da ərzaq məhsulları verdiyini söyləmişdir. Birinci instansiya məhkəməsi bu halı araşdırmadan iddia tələbini tam təmin etməklə yanlış nəticəyə gəlmişdir. Cavabdeh2 də apellyasiya şikayətində şahid Cəfər Maliyevin izahatının nəzərə alınmadığını vurğulamışdır. Apellyasiya məhkəməsinin 21 iyun 2023-cü il tarixdə keçirilən iclasında iddiaçı 23000 ABŞ dolları məbləğində borcdan çıxılması şərti ilə deyil, verilmiş borc ilə əlaqədar mağazanın fəaliyyətindən əldə edilmiş qazancdan 2019-cu ilin sentyabr ayından hissəhissə olmaqla mağazadan cəmi 6000 manatlıq ərzaq götürdüyünü bildirmişdir. O, verilmiş suallara cavab kimi qeyd etmişdir ki, mağazanın fəaliyyəti nəticəsində əldə edilmiş qazancdan ona pul verilməsi ilə bağlı Sədəddin Fətəliyevlə aralarında şifahi razılaşma olmuşdur və həmin razılaşma ilə bağlı hər hansı yazılı sübut təqdim edə bilmir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, götürülmüş ərzağın 23000 ABŞ dolları borc məbləğindən çıxılmaması və iddiaçıya qazancdan çatacaq pul olmasına dair razılıq ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, mağazadan cəmi 6000 manatlıq ərzağın götürülməsi halı iddiaçı tərəfindən etiraf edildiyindən, cavabdehlər həmin halı sübut etmək vəzifəsindən azad edilmişlər. Lakin cavabdehlər tərəfindən Cəfər Maliyevin ifadəsində qeyd etdiyi 10000 manat məbləğində pulun da qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmin hissədə şahid Cəfər Maliyevin ifadəsini mötəbər hesab etmir. Bununla yanaşı, apellyasiya məhkəməsinin 30 noyabr 2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 X15 ayrı-ayrı vaxtlarda hər dəfə 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində pulu mərhum atası Sədəddin Fətəliyevdən almasına dair yazılar olan dəftəri və üzərində “6000 $ Aldım” yazılaraq imzalanmış kağızı apellyasiya məhkəməsinə təqdim etmiş və bildirmişdir ki, apellyasiya məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli iclasında edilmiş məhkəmənin tövsiyəsinə əsasən, atasına aid olmuş evdə onun mülkiyyətində olan əmlakların sənədlərini axtararkən 10 vərəqdən ibarət yaşıl üzlü dəftər və ayrıca kiçik bir kağız tapmışdır. İş materiallarının 209-220-ci vərəqlərinə əlavə edilmiş 10 vərəqdən ibarət şagird dəftərinin 1-ci vərəqində kiril əlifbası ilə, “Mən X3 Sədrəddindən 1000 manat (min) pul aldım” yazılmış və “xx.xx.2019” qeyd edilməklə imza icra edilmişdir. Həmin vərəqdə həm də “Mən X3 Sədrəddindən 1000 manat (min) pul aldım” yazılmış və “xx.xx.2020” qeyd edilməklə imza icra edilmişdir. Eləcə də, həmin vərəqdə “Mən X3 Sədrəddin 1000 manat min manat pul aldım” yazılmış və “xx.xx.2020” qeyd edilməklə imza icra edilmişdir. İş materiallarının 222-ci vərəqində olan kağızda əl yazısı ilə “6000 $ Aldım” yazısı icra edilmiş və imza çəkilmişdir. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası MPM-in 372.2-ci maddəsinin tələblərini və hazırkı iş üzrə obyektiv və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətlərini nəzərə alaraq, Cavabdeh2 tərəfindən təqdim edilmiş həmin dəftəri və kağızı sübut olaraq qəbul etməyi zəruri hesab edir. Apellyasiya məhkəməsinin 30 noyabr 2022-ci il tarixli iclasında şahid qismində dinlənilmiş X26 bildirmişdir ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş dəftərdəki əlyazısı və çəkilmiş imzalar, həqiqətən də, ona məxsusdur. O, Sədəddin Fətəliyevdən 3 dəfə müxtəlif vaxtda hər dəfə 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində pulu X25 Əmənullayevə olan borcundan ödəniş kimi alaraq İddiaçı həyat yoldaşına vermişdir. Apellyasiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli iclasında iddiaçı da borc müqabilində 3000 manat pulun həyat yoldaşı tərəfindən onun adına qəbul edildiyini təsdiq etmişdir. Göründüyü kimi, 23000 ABŞ dolları məbləğində borcun müqabilində, 6000 manatlıq ərzaqla yanaşı, 3000 manat məbləğində pul da iddiaçıya ödənilmişdir. Bundan başqa, iş materiallarında olan 16 yanvar 2023-cü il tarixli, 4/1833 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(106)-2079/2022 saylı mülki işin 222-ci vərəqində kağız parçasında olan “6000 $ Aldım.” yazıları və həmin yazıların qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarının 222-ci vərəqində kağız parçasında olan “6000 $ Aldım.” yazılarının və həmin yazıların qarşısındakı imzanın İddiaçı tərəfindən icra edilməsi onu göstərir ki, tələb olunan borc məbləği üzrə 6000 ABŞ dolları məbləğində pul da ona ödənilmişdir. Beləliklə, müəyyən edilir ki, mərhum Sədəddin Fətəliyevin iddiaçıya olan 23000 ABŞ dolları məbləğindən aşağıdakı qaydada və məbləğdə ödənişlər edilmişdir: 6000 manatlıq ərzaq, 3000 manat və 6000 ABŞ dolları. 9000 manat isə ödəniş gününə olan məzənnəyə uyğun olaraq 5300 ABŞ dolları təşkil edir. Bu isə o deməkdir ki, iddiaçıya olan 23000 ABŞ dolları məbləğində borcdan cəmi 11300 ABŞ dolları pul ödənilmişdir. Həmin borc üzrə ödənilməmiş qalan məbləğ isə 11700 ABŞ dolları təşkil edir. Apellyasiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 qeyd edilən 11700 ABŞ dolları məbləğində pulun atası tərəfindən iddiaçıya qaytarılmasına dair sübutu olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası bildirir ki, hər bir tərəf öz tələb və etirazlarının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıyır. İddiaçı tərəfindən borcun verilməsi və məbləği ilə bağlı sübutlar təqdim edilsə də, cavabdeh tərəf qalan 11700 ABŞ dolları məbləğinin iddiaçıya qaytarılmasına dair hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 11700 ABŞ dolları ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 238 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 238 manat məbləğində dövlət rüsumunun yarısı, yəni 119 manat hissəsi iddiaçının özünə aid edilməli, digər yarısı olan 119 manat isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Bundan əlavə, iş üzrə 2 dəfə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. 24 may 2022-ci il tarixli, 4/620 saylı və 16 yanvar 2023-cü il tarixli, 4/1833 saylı ekspert rəylərinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 327 manat təşkil edir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyinə görə, 327 manat dəyərində ekspertiza xərci tərəflər arasında bərabər bölünməli, həmin xərcin yarısı, yəni 163,5 manat hissəsi iddiaçıdan, digər yarısı olan 163,5 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 387.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(018)-330/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11700 ABŞ dolları ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə müştərək qaydada tutularaq İddiaçı verilsin. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 238 manat məbləğində dövlət rüsumunun yarısı – 119 manat hissəsi İddiaçı özünə aid edilsin. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 238 manat məbləğində dövlət rüsumunun digər yarısı – 119 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 24 may 2022-ci il tarixli, 4/620 saylı və 16 yanvar 2023-cü il tarixli, 4/1833 saylı ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 327 manat məbləğində ekspertiza xərcinin yarısı – 163,5 manat hissəsi İddiaçı, digər yarısı – 163,5 manat hissəsi isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, X18, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: Zaur Allahyarov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar