Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1110/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)- 732/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 1870 manat və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)-732/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 1870 manat və mediasiya xərci üçün ödənilmiş 55 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə verərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin iş üzrə 29 aprel 2024-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin adıçəkilən qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti üçün verilmiş müddəti ötürmüşdür. Lakin müddəti ötürməyinin üzrlü səbəbləri olmuşdur. O qeydiyyatda olduğu ünvanda yaşamır, Bakı şəhərində kirayədə qalaraq taksi fəaliyyəti ilə məşğul olur və rayonda qalmadığından qətnamənin çıxarılmasından və məhkəmə iclaslarından məlumatı olmamışdır. Qətnamə rəsmi qaydada qeydiyyatda olduğu ünvana göndərilmiş, xəstə və əlil olan atası tərəfindən qəbzə imza etdirilərək ona verilmişdir. Atası gözdən əlil və ağır dərəcəli şəkər və həmçinin insult keçirmişdir. Məhkəmə iclaslarından və qətnamənin gəlməsi barədə ona məlumat verməmişdir. Mülki iş icra edilməsi üçün Masallı rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra İcra məmuru tərəfindən məcburi gətirilmə və onun istifadəsində olan mobil telefona zəng vurulması nəticəsində onun məhkəmənin qətnaməsindən məlumatı olmuşdur. Qərardadda qeyd edir ki, guya onun tərəfindən qəbzə imza edilməklə qətnamə alınmışdır. Qətnaməni gözləri görməyən ikinci qurup əlil atası tərəfindən alınmışdır. Həmçinin İddiaçıdə işləyərkən ona qarşı cinayət hadisəsi baş vermiş, o psixoloji travma keçirmişdir. Həmçinin atasının əlil olması barədə arayışı da məhkəməyə təqdim etmişdir ki, məhkəmədə daxili inam yarada bilsin. Lakin məhkəmə heç bir əsaslandırma aparmadan ədalətsiz bir qərardad qəbul etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)- 732/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 146-cı maddəsinin tələbinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası qeyd edir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Cavabdeh məhkəmənin yuxarıda adıçəkilən qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Belə ki, iş materiallarına əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)-732/2024 saylı qətnaməsi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qətnamə qəbul edilmişdir. Cavabdehin şikayətində göstərdiyi hallar, yəni məhkəmə bildirişinin və qətnamənin surətinin atası tərəfindən qəbul edildiyini bildirmişdir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh müddətin bərpasına dair vəsatətində qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti üzrlü səbəbdən buraxdığını bildirmişdir. MPM-in 133.1-ci maddəsindən aşkar görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiya iş materiallarını ətraflı şəkildə və müqayisəli təhlil edərək ötürülmüş prosessual müddətin bərpasına dair göstərilən dəlilləri əsaslı hesab etmir. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Kollegiya eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(050)-732/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)- 732/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)-732/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1110/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1110/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver