Məhkəmə qərarları › İş №2(106)-1117/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1117/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1117/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Cavabdeh ilə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(048)-39/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2160.16 ABŞ dolları əsas borcun, 556,92 ABŞ dolları faiz borcunun, 448,34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3165,42 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, tərəflər arasında bağlanmış 27 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10220 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2016-cı il tarixə qədər Cavabdeh 27 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcunun məbləği 2160,16 ABŞ dolları, faiz borcunun məbləği 556,92 ABŞ dolları, cərimə borcunun məbləği 448.34 ABŞ dolları olmaqla, cəmi 3165,42 ABŞ dolları təşkil edir. Bu barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən boyun qaçırır. Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(048)-39/2017 saylı qətnaməsi (hakim Firdovsi Əliyev) ilə Cavabdeh 2160,16 ABŞ dolları əsas borc, 556,92 ABŞ dolları faiz borcu, 448,34 ABŞ dolları cərimə olmaqla, cəmi 3165 ABŞ dolları 42 sent (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh X4 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 27 iyun 2014-cü ildə İddiaçı ASC-nin Bərdə filialından 10 220 ABŞ dolları kredit götürüb. 2015-ci ilin fevral ayına qədər bankın qrafikinə uyğun olaraq qrafik üzrə ödənişləri ödəyib. 2015-ci ilin fevral ayının 20-də banka gedib, borcunu tam hesablayaraq borcu bağlamaq üçün kassaya yaxınlaşıb və hassir ona bildirdi ki, artıq kassa bağlanmaq ərəfəsindədir və o tezdən gəlib borcunu bağlaya bilər. O tezdən banka yaxınlaşanda məlum oldu ki, Azərbaycanda ilk devolvasiya olub və o əlavə pul ödəməlidir. Bildirdi ki, o borcu dünən hesablatdırmış və kassir ondan pulu götürməyib. Bankdakı videogörüntülərə baxandan sonra onunla razılaşdılar və pulu götürərək, ona borcunun tam bağlanmasını dedilər. Lakin üstündən bir ildən çox keçəndən sonra ona İddiaçıdan zəng gəldi ki, borcunu dolların yeni kursu ilə hesablayırlar və banka əlavə borcu qalmışdır. Bir müddət keçəndən sonra bilib ki, İddiaçı onu məhkəməyə verib ki, krediti tam bağlamayıb. Məhkəmə iclasında həmin videogörüntüləri tələb edib sonrakı məhkəmələrə İddiaçı öz nümayəndələrini göndərmədi və məhkəmə bir neçə dəfə təxirə salındı, yekun məhkəmə iclasına isə cəbhə bölgəsində vəziyyətin ağırlaşması səbəbindən gedə bilməyib və məhkəmənin necə sonlanmasından ümumiyyətlə xəbəri olmayıb, nə yaşadığım ünvana, nə də qeydiyyatda olduğum ünvana məhkəmə qətnaməsi gəlmədiyi üçün o qənaətə gəlib ki, məhkəmə işi baxılmamış saxlayıb. Cəbhə xəttində vəziyyətin ağırlaşması, 44 günlük müharibə, daha sonra karantin dövrü ona məhkəmə ilə maraqlanmağa imkan verməyib. Ümumiyyətlə, 2023-cü ilin sentyabr ayınacan nə Lerik Rayon Məhkəməsindən, nə də İddiaçı ASC-dən həmin kreditlə bağlı hər hansı bir sənəd qətnamə, akt, təklif və ya xəbərdarlıq bildirişləri almışdır. 2023-cü ilin sentyabr ayında həmin işin aqibəti ilə maraqlananda ona bildirdilər ki, hələ də İddiaçıa ödənməmiş kredit borcu qalır. Mərkəzi Bankın “Problemli Kreditlərin Kompensasiyası” səhifəsinə daxil olub, İddiaçı ASC-yə 707.34 manat borcunun qaldığını öyrəndi və bu borcu ödəmək üçün Mərkəzi Banka müraciət edib və müraciəti aidiyyəti üzrə Əmanətlərin Sığortalanması Fonduna yönləndirildi və Fondun 06 oktyabr 2023-cü il tarixli cavabında Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına yox, Lerik Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qətnaməsinə istinad edərək ondan 1421.34 ABŞ dolları və 30 manat ödəməyi tövsiyyə olunur. Onunla İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür və həmin Fərmana 7.1-ci bəndinə əsasən İddiaçı ASC ona kreditin restrukturizasiya edilməsi ilə bağlı təklif verməli idi. Lakin İddiaçı ASC ona bu barədə heç bir təklif verməyib. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya ödəniş etmiş, lakin ödəniş etdiyi gün dolların məzənnəsi qalxmışdır. Birinci instansiya məhkəməsindən xəbəri olmayıb. Ona məhkəmə iclası barədə xəbər verilməmişdir. Hərbçi olmuş və həmin zaman istehlak məqsədi ilə bağlı kredit göürmüşdür. İddiaçıya hazırda qalan borcu olaraq 707,34 manat məbləğdə pul vəsaitini ödəməyə razıdır. İddiaçı ASC ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Beləcə, məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan 27 iyun 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 25% olmaqla 10220 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas kredit borcuna görə 2160,16 ABŞ dolları, faiz borcuna görə 556,92 ABŞ dolları, cərimə borcuna görə 448,34 ABŞ dolları olmaqla, cəmi 3165.42 ABŞ dolları borcu vardır. Habelə MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etməmişdir. Belə ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin araşdırılması və onlara lazımi hüquqi qiymət verilməsi zəruridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülki işin apellyasiya baxışı zamanı problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan müəyyən olunur ki, hazırkı mübahisənin predmetini təşkil edən kredit müqaviləsi üzrə yaranan borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarix 551 nömrəli Fərmanının təsiri altına düşmüş, cavabdehin adıçəkilən müqavilə üzrə qalıq borcunun məbləği 707 manat 34 qəpik məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Adıçəkilən Fərmanın 3-cü bəndinə görə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 manat məbləğədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Bundan başqa, Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırkı iş üzrə cavabdehlərə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, borcun məbləğinin azaldılması nəzərə allınmalı və iddia tələbi yalnız azaldılan borc məbləği həddində təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(048)-39/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh borc qismində 707 (yeddi yüz yeddi) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar