Məhkəmə qərarları › İş №2(106)-1118/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1118/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1118/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 16800 (on altı min səkkiz yüz) manat pulun və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(073)-14/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 50.000 (əlli min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq ona (İddiaçı) verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə icra sənədi verilməklə icraya yönəldilmişdir. Lakin Cavabdeh məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə qətnaməsini icra etmədiyindən onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində olan cinayət işinə Cəlillabad Rayon Məhkəməsində baxılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 1(073)-27/2020 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddətinə şərti hesab edilmişdir. Məhkəmə hökmündə Cavabdeh üzərinə, həmçinin 50000 (əlli min) manat borcunun İddiaçı hökmlə müəyyən olunmuş 2 illik sınaq müddəti ərzində ödəmək vəzifəsi qoyulmuşdur. Lakin Cavabdeh sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifəsini icra etməmişdir və məhkəməyə müraciət edərək sınaq müddətinin 1 (bir) il artırılmasını xahiş etmişdir. Məhkəmənin 13 iyul 2022-ci il tarixli, 7(073)-76/2022 saylı qərarı ilə sınaq müddəti 1 (bir) il artırılmışdır. Yenə də Cavabdeh məhkəmə hökmünə və qərarına əməl etməmişdir. Cəlilabad rayon İcra və probasiya şöbəsi tərəfindən məhkum Cavabdeh barəsində olan şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin edilmiş cəzasının icra olunması barədə Cəlilabad Rayon Məhkəməsinə təqdimat verilmişdir. Həmin təqdimata məhkəmədə baxılaraq Cəlilabad rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməməsi barədə xx.xx.2023-cü il tarixli 7(073)-21/2023 saylı qərar qəbul edilmişdir. Cavabdeh bu günə kimi müxtəlif tarixlərdə hissə-hissə olmaqla cəmi 2000 (iki min) manat ödəmişdir. Hazırda onun 48000 manat borcu vardır. Göründüyü kimi, Cavabdeh qanunların, məhkəmə qətmanəsinin, hökmünün, qərarının tələblərini icra etməmişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçıya zərər vurmuşdur və hazırda da davam edir. O, qeyd olunduğu kimi, dövlətin adından qəbul edilmiş qətnamə, hökm və qərarları saymadığını açıq-aşkar hərəkətləri ilə nümayiş etdirir. Məhkəmə qətnaməsi 2017ci ildə qəbul edilmişdir. Həmin vaxtdan artıq 7 ildən çox vaxt keçir. Bu müddət ərzində ölkədə minumum əmək haqları dəfələrlə qaldırılmış və eyni zamanda, bütün malların qiymətləri dəfələrlə artmışdır. Nəticədə 50.000 manat pulun alıcılıq qabilliyyəti dəfələrlə aşağı düşmüşdür. Ona (iddiaçıya) məxsus 50.000 manat inflyasiyaya uğrayaraq reallıqda alıcılıq qabliyyəti 25000 manat səviyyəsinə düşmüşdür. Cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçını Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarından məhrum etmişdir. Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməməklə, ona birbaşa ziyan vurmaqla mülki hüquq pozuntusu yaradan hərəkətləri etmişdir. Vurulmuş zərərin əvəzinin ödənilməsi tələb edilməsi Mülki Məcəllənin maddəsi ilə təsdiq edilmişdir. Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməyərək öz maddi təminatlarını təmin etmək kimi hərəkətlərinin arxasında varlanmaq məqsədi olması artıq aşkar görünür. Cavabdeh onun hesabına özünə məxsus problemlərini həll etməklə rahat həyat yaşayır. Qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehin ona hazırda 49280 manat pul ödəməlidir. Lakin artıq 7 ildir ki, cavabdeh həmin pulu ödəməmiş və nəticədə ona zərər vurmuşdur. Dəymiş zərəri tələb etmək hüququ vardır. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsindəki məlumata əsasən Mərkəzi Bank tərəfindən uçot dərəcəsi 7,25 faiz müəyyən edilmişdir. Mülki Məcəlləsinin 493.3-cü maddəsinə əsasən ildə ən azı beş faiz olmaqla dəymiş zərəri aşağıdakı qaydada hesablanır. Qətnamə üzrə borcun tarixi: 2017-ci il, borcun ödənilmədiyi illərin sayı: 7 il, hazırda mövcud borcun məbləği: 48.000 manat, illik uçot dərəcəsi üzrə hesablanacaq faiz: 5%, bir il üzrə uçot dərəcəsi əsasında məbləğ: 48.000 manat, x 5% = 2400 manat, bir il üzrə dəymiş zərərin məbləği: 2400 manat, 7 il müddət ərzində dəymiş zərər: 2400 manat x 7 il = 16.800 manat. Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmiş 48000 manat məbləğində pulu 7 il müddəti ərzində ödəməməsi nəticəsində ona 16.800 (on altı min səkkiz yüz) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması ilə bağlı ittiham üzrə məhkəmə tərəfindən ona qadın olması nəzərə alınaraq ittihamın sanksiyasında nəzərdə tutulmamış CM-in 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilmiş, göründüyü kimi, cavabdeh dövlətin adından qəbul edilmiş məhkəmə hökmü ilə ona təyin edilmiş cəzanı da icra etməmişdir. Onun bu qanunsuz hərəkətlərinə sonda yenə də loyal yanaşaraq cəzalandırmamışdır. Cavabdeh tərəfindən ona vurulmuş 16800 (on altı min səkkiz yüz) manat məbləğində ziyanı tələb edir. Cavabdehdən dəfələrlə ona dəymiş maddi ziyanı ödəməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdehin bu hərəkətləri nəticəsində o (iddiaçı), bütün əmlakından məhrum olmuşdur, nəyisə yenidən başlamaq üçün isə vəsaiti yoxdur. 2017-ci ildən, yəni mübahisə ilə bağlı məhkəmə qətnaməsi çıxarılan vaxtdan indiyə qədər olan 7 illik müddət üçün gecikdirilmiş məbləğə illik 5 faiz ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarı var və orada göstərilir ki, bank uçot dərəcəsi yalnız kredit müqaviləsində göstərildiyi halda tələb edilə bilər. Həmçinin iddiaçı ona Mülki Məcəllənin 21 və 1096-cı maddələri ilə zərər dəydiyini göstərir, lakin dəymiş zərərlə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh hazırda yataq xəstəsidir, tələb edilən vəsaiti ödəmək gücündə deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsi ilə (Hakim: Osman Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh 16800 (on altı min səkkiz yüz) manat pul və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi əsaslı olmamış, qanunvericiliyin, xüsusən maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cəlilabad Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(073)-14/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 50.000 (əlli min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq ona (İddiaçı) verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi bu günədək tam icra olunmamışdır. Cavabdeh bu günə kimi borcundan cəmi 2000 (iki min) manat ödəmişdir. Hazırda onun 48000 manat borcu vardır. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ötən 7 il ərzində göstərilən borcu ödəməməklə ona zərər vurduğunu bildirmişdir. Həmin müddət ərzində ölkədə minumum əmək haqlarınıın dəfələrlə qaldırıldığını, bazarda qiymətlərin artdığını, ona məxsus 50.000 manat pulun inflyasiyaya uğrayaraq reallıqda alıcılıq qabliyyətinin düşməsini, cavabdehin borcu ödəməyərək ona ziyan vurmaqla mülki hüquq pozuntusu yaradan hərəkətləri etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsində məlumata əsasən Mərkəzi Bank tərəfindən uçot dərəcəsi nəzərə alınmaqla, ildə beş faiz olmaqla hesablanaraq, cavabdeh tərəfindən ona vurulmuş 16800 (on altımin səkkiz yüz) manat məbləğində ziyan tələb etmişdir. İddiaçı pul məbləğinin ödənilməsinin gecikdirildiyinə görə ona zərər dəydiyini bildirmişdir. İddiaçıya zərər vurulması iş üçün mühüm əhəmiyyət kəsb edən haldır. Məhkəmə iddiaçının sübutetmə vəzifəsinin olmamasını qeyd etməklə həmin halı müəyyən olunmuş hesab etmişdir. İddiaçı ona zərər dəydiyini təsdiq edən hər hansı sübuta istinad edə bilməmiş, bununla da iş üçün mühüm əhəmiyyət kəsb edən zərər vurulması halı sübut edilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh Nurəddin qızına qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak etmək üçün səhər saatlarından Şirvan Apellyasiya Məhkəməsində olsa da, lakin sonradan fövqəladə baş vermiş üzrlü səbəblərdən ötrü Cəlilabad rayonuna qayıtmalı olmuşdur. Məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir”). 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası gəlinəcək nəticənin daha aydın olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(073)-14/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 50.000 (əlli min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 1(073)-27/2020 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddətinə şərti hesab edilmiş, Cavabdeh üzərinə 50000 (əlli min) manat borcunun İddiaçı hökmlə müəyyən olunmuş 2 il sınaq müddəti ərzində ödəmək vəzifəsi qoyulmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 7(073)-76/2022 saylı qərarından görünür ki, Cavabdeh sınaq müddəti 1 il uzadılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(073)-21/2023 saylı qərarından görünür ki, Cavabdeh barəsində olan şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında Cəlilabad rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Bu hal, yəni müqavilənin bağlanması və onun tərəflərinin öhdəliklərinin həcmi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Müqaviləyə əsasən iddiaçı 50 min manat pulu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə borcu xx.xx.2015-ci ilədək qaytarmaq öhdəliyi daşısa da, öhdəliyini icra etməmişdir. Bundan sonra iddiaçı “pul” tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamənin qərəzli olaraq icra edilməməsinə görə cavabdeh cinayət məsuliyyətinə də cəlb edilmiş, məhkəmə tərəfindən cəza şərti hesab edilməklə sınaq müddəti müəyyən edilmiş və digər vəzifələrlə yanaşı sınaq müddəti ərzində pulu ödəmək vəzifəsi də cavabdehin üzərinə qoyulmuşdur, hətta sınaq müddəti əlavə 1 il də uzadılmışdır, lakin cavabdeh 50 min manat borcdan müxtəlif zamanlarda, müxtəlif məbləğlərdə olmaqla cəmi 2 min manat ödəniş edilmiş, hazırda borc məbləği 48 min manat təşkil edir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı pul məbləğinin ödənilməsinin gecikdirildiyinə görə ona zərər dəydiyini bildirmişdir. İddiaçıya zərər vurulması iş üçün mühüm əhəmiyyət kəsb edən haldır. Məhkəmə iddiaçının sübutetmə vəzifəsinin olmamasını qeyd etməklə həmin halı müəyyən olunmuş hesab etmişdir. İddiaçı ona zərər dəydiyini təsdiq edən hər hansı sübuta istinad edə bilməmiş, bununla da iş üçün mühüm əhəmiyyət kəsb edən zərər vurulması halı sübut edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edib birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilən hal - pul məbləğinin ödənilməsinin gecikdirilməsi halı mübahisələndirilməyən hal olduğundan və iddia tələbi həmin gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsindən ibarət olduğundan iddiaçının, ümumiyyətlə, sübutetmə yükü olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə əsaslandırılmamış və formal mülahizələrdən ibarətdir. Əvvəla, işin mübahisəsiz halıdır ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 50000 manat pulun alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönlədilsə də, icra olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas məhkəmə qətnaməsinin icra edilməməsi deyil, pul öhdəliyinin icra edilməməsi təşkil edir. Hazırkı halda isə cavabdehin öhdəliyini tələbdə qeyd olunan dövrdə icra etməməsi işin mübahisəsiz halıdır. Belə ki, maddənin məzmunundan görünür ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, həmin norma borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə bu faizi tələb etmək hüququnu əks etdirir. İddiaçı cavabdehin öhdəliyini icra etməli olduğu xx.xx.2015-ci il tarixdən deyil, məhkəmə qətnaməsinin qəbul edildiyi 2017-ci ildən bəri illik beş faiz ödənilməsini tələb edir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsində də icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir ki, indiki halda da kreditor olan iddiaçının daha böyük məbləğ tələb etmək imkanı yoxdur. Gecikdirilmiş puldan daha böyük məbləğdə pul tələb edilməsi imkanı olmadığı halda belə kreditorun minimal faiz – illik beş faiz tələb edə bilməsi hüququ qanunvericinin ona verdiyi hüquqi müdafiə vasitəsi, eyni zamanda, icranı gecikdirmiş borclu barəsində mülki-hüquqi məsuliyyət tədbiridir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-558/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar