Məhkəmə qərarları › İş №2(106)-1123/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1123/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1123/2024 16.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(020)-416/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2019-ctı il tarixli 2(020)-1287/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərdoğan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödədiyi 90 manat alimentin miqdarının artırılaraq hər ay 250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(020)-416/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(020)-1287/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərdoğan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 90 manat alimentin miqdarının dəyişdirilərək hər ay 190 manat məbləğində müəyyən edilməklə artırılması, alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsi, Cavabdeh 42.80 manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək onun dəyişdirilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını 28 noyabr 2018-ci ildə 3 saylı Bakı Asan Xidmət qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 oktyabr 2020-ci ildə Ərdoğan adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-1287/2023 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından anadan olan Ərdoğan adlı uşağı onun yanında saxlanılmaqla cavabdehdən həmin uşağın saxlanması üçün sabit pul məbləğində 90 manat və qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin bir müddət sonra cavabdeh saxta şəkildə məhkəməyə təqdim eldiyi arayışa əsasən guya Bakı şəhərində yerləşən X3 məxsus Texniki servisdə məişət avadanlıqları və elektron cihazların təmiri üzrə usta işlədiyini və aylıq 350 manat əmək haqqı aldığını bildirmişdir. Hazırda işdən çıxmasına dair saxta arayış icra şöbəsinə təqdim edərək qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında kəsilən alimenti ödəməkdən yayınır. Belə ki, bir uşağın saxlanması üçün yalnız 90 manat aliment verməklə məhkəmə qətnaməsinin icrasından yayınır. Hazırki vəziyyətdə, 90 manat məbləğlə uşağı saxlamaqda çox çətinlik çəkir. Həmin məbləğlə uşağı saxlamağa, gündəlik tələbatlarını ödəməyə kifayət etmir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(020)-416/2024 saylı qətnaməsinin qəbul edildiyi vaxt Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərdoğan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aylıq əmək haqqının ¼ hissəsi miqdarında əmək haqqından tutulmaların olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması halı yaddan çıxarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(020)-416/2024 saylı qətnaməsinin qəbul edildiyi vaxt iş yerinin olması və aylıq əmək haqqımın 345 manat olması halı məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh Nərimanov rayonunda telefon işi ilə məşğuldur və özünün bildirdiyinə görə gəliri kifayət qədər yaxşıdır. Öz maşını və evi var. Alimenti vaxtında ödəmir. Belə ki, aprel ayında ödənilməli olan 90 manat məbləğində alimenti iyulda ödəmişdir. 190 manat məbləğində alimenti isə ümumiyyətlə ödəmir. Cavabdehə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 oktyabr 2020-ci ildə Ərdoğan adlı bir uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-1287/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 28 noyabr 2018-ci ildə 3 saylı Bakı Asan Xidmət qeydiyyat şöbəsində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olan Ərdoğan adlı uşağın İddiaçı yanında saxlanılmaqla Cavabdeh həmin uşağın saxlanması üçün sabit pul məbləğində 90 manat və qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyində göstərmişdir ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi və gündəlik xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşağın mənafelərini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də uşaqlarını saxlamaq vəzifəsinin olmasını və sair diqqətəlayiq halları nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair hazırkı iddiasının qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(020)-416/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsby Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(020)-416/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar