Məhkəmə qərarları › İş №2(106)-1139/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1139/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1139/2023 20.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X6 ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-164/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14418,99 manat əsas, 2554,8 manat faiz, 981,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2746 manat faiz borcu olmaqla, 20700,85 manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 152,1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh2, X3, Cavabdeh1 və X7 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh2, X3, Cavabdeh1 və X1 və istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kv.m olan fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka əmlakına yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, X3, Cavabdeh1 və X7 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialı ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4830 (BLS**********1920002) saylı kredit müqaviləsinə əsasən X8 6 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə ilkin məbləğ 14500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriya nömrəli, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X8 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kv.m olan fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kv.m olan fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulması barədə Bank ilə X10 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsi Biləsuvar rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri X10 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Borclunun kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini nəzərə alaraq Bank məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)- 395/2020 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsinin qaytarılmasına səbəb o olmuşdur ki, X10 xx.xx.2018-ci ildə vəfat etmişdir. İddia ərizəsinin geri qaytarılmasından Bank şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsi Bankın şikayətini təmin etməyərək şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsi 11 avqust 2020-ci il tarixli, 2(106)-2055/2020 saylı qərardadla Bankın şikayətini təmin etməmişdir. Bank tərəfindən vəfat etmiş X4 hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmışdır. Müəyyən edilmişdir ki, vəfat etmiş X4 mümkün hüquqi varisləri qanuna müvafiq rəsmi şəkildə Bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakı qəbul etməsələr də, faktiki olaraq həmin miras əmlakı qəbul etmişlər və hal-hazırda da həmin əmlak onların sərəncamında və istifadəsindədir. Bu faktı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə və Biləsuvar RİHB-nin Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış sorğular üzrə Banka daxil olmuş xx.xx.2022-ci il tarixli, **********31 saylı və xx.xx.2022-ci il tarixli, 3893 saylı cavab məktubları təsdiq edir. Belə olan halda kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə X4 Bank qarşısında olan öhdəlikləri mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh2, X3, Cavabdeh1 və X15 tərəfindən icra olunmalı və Bank qarşısında birlikdə cavabdehlik daşımalıdırlar. X10 ilə imzalanmış xx.xx.2015-ci il tarixli, 4830 (BLS**********1920002) saylı kredit müqaviləsi üzrə 14418,99 manat məbləğində əsas borc, 2554,8 manat məbləğində faiz borcu, 981,06 manat məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2746 manat faiz məbləği, ümumilikdə isə 20700,85 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə X4 Bank qarşısında olan öhdəlikləri mirası faktiki qəbul edən və hüquqi varis kimi qiymətləndirilən Cavabdeh2, X3, Cavabdeh1 və X15 tərəfindən icra olunmalıdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlər təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən Banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. İddiaçı tərəfindən mediasiya sessiyasında iştirak edilmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili, eləcə də Cavabdeh2 vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə iddia müddəti tətbiq edilərək, iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi 8 ildən də artıq müddət əvvəl yaranmış tələbdir və iddiaçı qanunun tələbinə görə iddia müddətini buraxmışdır. İddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(022)-164/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cəmi 20700,85 manat, bundan 14418,99 manat əsas, 2554,8 manat faiz, 981,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2746 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 152,10 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 və X7 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varisi Cavabdeh2, X3, Cavabdeh1 və X1 və istifadəsində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 138,8 kvm olan fərdi yaşayış evinə 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka əmlakına yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, X3, Cavabdeh1 və X7 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(022)-164/2023 saylı qətnaməsinin tamamilə ləğv olunması, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında 14418,99 manat əsas, 2554,8 manat faiz, 981,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2746 manat faiz borcu olmaqla, 20700,85 manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 152,1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh2, X3, Cavabdeh1 və X7 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varis kimi qiymətləndirilən Cavabdeh2, X3, Cavabdeh1 və X1 və istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kv.m olan fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka əmlakına yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, X3, Cavabdeh1 və X7 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artmasını, bank tərəfindən qanunvericiliklə müəyyən olunmuş iddia müddətləri çərçivəsində məhkəməyə müraciət etməsini, habelə mediasiya prosesinin Azərbaycan Respublikası hüquq müstəvisində yeni bir institut olmasını və bununla da bu institutun spesifikası və praktikasını nəzərə almamışdır. Məlum olduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Nəticədə iş yükü kəskin artmışdır. Digər tərəfdən işin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq bank mediasiya prosesi üçün müvafiq tədbirlər görmüşdür və bununla da iddia müddətinin axımı kəsilmişdir. İş materiallarında olan kredit müqaviləsi xx.xx.2015-ci il tarixində imzalanmışdır. Müqavilə müddəti 36 ay müəyyən edilmişdir. Yəni kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmiş, bankın məhkəməyə ilk müraciəti isə 2020-ci ilin fevral ayına təsadüf edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə tələb müddəti bitməmişdir. Borclunun yaxınlarının banka borclunun vəfat etməsi barədə məlumat verməməsi və bankın da borclunun vəfatı barəsində məlumatı yalnız məhkəmə prosesi zamanı alması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Nəticədə məhkəmə bankın iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Məhkəmə iddianın qaldırılmasının borclu X4 vərəsələrinə qarşı mümkünlüyünü qərardadda qeyd etmişdir. Bank qanunvericiliklə müəyyən edilmiş prosedurları həyata keçirmiş və təkrarən məhkəməyə eyni predmetlə borclunun vərəsələrinə qarşı iddia qaldırmışdır. Açıq-aydın göründüyü kimi, məhkəmənin gəldiyi nəticə əsassızdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)-395/2020 saylı qərardadında göründüyü kimi, bank vaxtında müəyyən olunmuş qaydada məhkəməyə müraciət edərək iddia irəli sürdüyündən iddia müddətinin axımı kəsilmişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, bankla borclu X10 arasındakı kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmiş, bank tərəfindən iddia müddəti ərzində 2020-ci ildə borclu X8 qarşı iddia qaldırılmışdır. Lakin iddia ölmüş şəxsə qarşı qaldırıldığına görə Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra, borclunun vərəsələrinin müəyyən olunması üçün sorğular verilmişdir. Sorğular nəticəsində müəyyən olunmuşdur ki, borclu Zahrəli Mahmudovun əmlakı olmuşdur, həmin əmlakı isə faktiki olaraq vərəsələri istifadə edirlər. Bundan sonra, 24 noyabr 2022-ci il tarixində borclunun hüquqi varisi kimi qiymətləndirilən cavabdehlərə qarşı iddia qaldırılmışdır. Hesab edir ki, bank tərəfindən iddia müddəti ötürülməmişdir və mərhum Zahrəli Mahmudovun borcu ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edən vərəsələri olan cavabdehlərdən tutulmalıdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, bank tərəfindən iddia müddəti ötürüldüyünə görə birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək iddia tələbini rədd etmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İşdəki İddiaçı ASC-nin Biləsuvar filialı ilə borcalan X10 arasında bağlanmış 4830 saylı, 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bu müqavilə üzrə bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 14500 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Borcalan bu kreditdən istifadəyə görə illik 6 faiz olmaqla faiz ödəyir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinin surətindən görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi xx.xx.2018-ci il olaraq müəyyən edilmişdir. İşdəki İddiaçı ASC-nin Biləsuvar filialı ilə ipoteka qoyan (borcalan) X10 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 138,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini) 4830 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 23000 manat məbləğində müəyyən edilmişdir. İşdəki AZ-İ 930007 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə surəti olan Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)- 395/2020 saylı qərardadından görünür ki, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığına görə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X8 qarşı iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(106)-2055/2020 saylı qərardadından görünür ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(022)-395/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Union” Vəkil Bürosuna göndərilmiş və iddia ərizəsinə əlavə edilmiş 23 avqust 2022-ci il tarixli məktubdan görünür ki, İdarəyə xx.xx.2022-ci il tarixində 49/04 nömrəli sorğu verilmişdir. Məktubda qeyd edilmişdir ki, X2 adına Biləsuvar şəhərində yerləşən 2,2134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X2 adına ünvan 4 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşdəki Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncu tərəfindən nümayəndəliyə xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktub göndərilmişdir. Cavab məktubunda qeyd edilmişdir ki, mərhum X5 məxsus ünvan 4 saylı fərdi yaşayış evini aşağıdakı ailə üzvləri istifadə edir: 1) Cavabdeh2 – arvadı; 2) X3 – qızı; 3) Cavabdeh1 – oğlu; 4) X15 – gəlini; 5) X11 – nəvəsi; 6) X13 – nəvəsi; 7) X14 – nəvəsi. Məhkəmə kollegiyası ilk öncə iddiaçı apellyasiya şikayətində qeyd etdiyi işin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq bankın mediasiya prosesi üçün müvafiq tədbirlər görməsi ilə bağlı dəlili ilə əlaqədar onu qeyd edir ki, iddiaçı işin kommersiya məhkəməsinə aid olmasını bildirsə də, bu halın təsdiq edilməsi üçün hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verilməsi və iddia müddətinin tətbiqi barədə cavabdehlərin vəkili tərəfindən ərizə verilməsi səbəbi ilə iddianı rədd etmişdir. İddiaçı da apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini bildirmiş, bunu bir sıra dəlillərlə əsaslandırmağa çalışmışdır. İddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə kollegiyası bildirir ki, 4830 saylı, 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı sonuncu ödəniş tarixi olan 29 dekabr 2018-ci ildən etibarən başlamışdır. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2020-ci ildə cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-395/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi qəbul edilməkdən imtina edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(106)-2055/2020 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-395/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəblə də, Mülki Məcəllənin 381.1-ci maddəsinə uyğun olaraq, iddia irəli sürülənədək 29 dekabr 2018-ci ildən başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulmuş hallar iddia müddətinin kəsilməsi üçün əsas hesab edilir. Həmin hallardan birincisi isə müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsidir. Lakin iddia ərizəsi qəbul edilməkdən imtina edildiyinə görə bu halda müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsindən bəhs etmək mümkün deyil. Bu səbəbdən də 2020-ci ildə iddia qaldırılması nəticəsində iddia müddətinin axımının kəsilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili MM-in 380-381-ci maddələri baxımından əsaslı hesab edilə bilməz. Bundan başqa, qeyd edilməlidir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərardadından sonra iddiaçı borclu Zahrəli Mahmudovun vəfat etməsindən xəbərdar olsa da, bundan 2 ildən artıq müddət keçdikdən sonra borclunun əmlakının olub-olmaması və hüquqi varislərinin müəyyən edilməsi üçün sorğular vermişdir. İddiaçı bu halları bankın ləğvetmə prosesində olduğundan iş yükünün kəskin artması ilə əlaqələndirsə də, iddiaçının iş yükünün çoxluğu qarşı tərəfin qanunda nəzərdə tutulmuş hüquqi müdafiə imkanlarından istifadə edilməsini istisna edə bilməz. İddiaçı apellyasiya şikayətində mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar tədbirlərin görüldüyünü və bununla da iddia müddətinin axımının kəsildiyini bildirsə də, MM-in 380-ci maddəsində mediasiyanın tətbiq edilməsi iddia müddətinin axımının kəsilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı təklif də iddia müddəti ötürüldükdən sonra verildiyinə görə bu halda MM-in 379-cu maddəsinə uyğun olaraq iddia müddətinin axımının dayandırılması halı da mövcud deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı apellyasiya şikayətində iddianın vaxtında qaldırılmaması səbəbini həm də mərhum borclu X4 ölməsi barədə onun vərəsələrinin banka hər hansı məlumat verməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı sayıla bilməz. Belə ki, bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinin səbəbinin araşdırılmaması onun intizamsızlığının göstəricisi kimi çıxış edir. İddiaçının iş yükünün çoxluğu isə onun bu cür intizamsızlığına bəraət verəcək əsas kimi çıxış edə bilməz. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşmalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi faktı təsdiq olunduğundan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilməklə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmiş və iş üzrə düzgün nəticəyə gəlinmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(022)-164/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(022)-164/2023 saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(022)-164/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar