Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1140/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-965/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2115 manat pulun, 41,15 manat dövlət rüsumunun, həmçinin iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan ötən ilin mart ayından sentyabr ayının 27-dək olan müddət ərzində, ümumilikdə, 7765 manat dəyərində müxtəlif adda qızıl-zinət əşyalarını nisyə almış, dəyərini hissə-hissə ödəməyə razılaşmışlar. Ötən ilin sonunadək borc bağlanmalı idi. O, həmin qızıllardan bir hissəsinin dəyərini ödəsə də, 2115 manat borclu qalmışdır. Həmin pulu ondan dəfələrlə tələb etsə də, müxtəlif bəhanələr ilə ödəməkdən yayınmış, hətta ona hədə-qorxu gəlmişdir. Məcburiyyət qarşısında qalıb Masallı RPŞ-yə müraciət etmişdir. Masallı RPŞ-də aparılan araşdırma zamanı cavabdeh, həqiqətən də, ondan nisyə qızıl almasını, həmin qızılların dəyərindən 2115 manat borclu qalmasını etiraf etmişdir. Lakin o, hazırkı vaxtadək qeyd olunan borcunu ödəmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı 41,15 manat dövlət rüsumu, iddia ərizəsinin tərtibi ilə bağlı vəkilin xidmətinə görə isə 30 manat ödəməli olmuşdur. Həmin məbləğlərin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ondan əvvəllər də qızıl alıb pulunu qaytarmışdır. Qızılları ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə vermişdir. Sonuncu dəfə 5 qram qızıl vermişdir. Ondan əvvəl verdiyi qızılların da pulunu qaytarmamışdır. Hazırda cavabdehin ona 2115 manat borcu qalmışdır. Cavabdeh ona olan borcundan ödədiyini desə də, bu barədə sübut təqdim edə bilmir. Onun məhkəmə iclasında təqdim etdiyi ödəniş qəbzləri əvvəllər götürdüyü borc məbləğləri ilə əlaqədar olmuşdur. Həmçinin cavabdeh polisdə izahatında da açıq aşkar ona 2115 manat borcu olduğunu etiraf etmişdir. Həmin məbləği hal-hazıradək qaytarmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan dəfələrlə qızıl alıb pulunu ona qaytarmışdır. İdidaçıdan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə nisyə qızıl-zinət əşyalarını almış, sonuncu dəfə ondan 5 qram qızıl götürmüşdür. Hazırda onun sonuncu dəfə götürdüyü 525 manat olan borcundan ödəmiş, cəmi 470 manat borcu qalmışdır. Həmin məbləği iddiaçıya ödəməyə hazırdır. Lakin iddiaçı ondan 2115 manat borc məbləğini tələb etməklə ona şər atır. Masallı RPŞ-də tədqiqat bölməsində olmuşdur. Polisin qərarında yazılmış izahatı səhvdir. İddiaçıya etdiyi ödəniş qəbzləri vardır. Onun iddiaçıya 470 manat borcu vardır. Ümumiyyətlə, iddiaçı ona nisyə verdiyi qızılları real bazar qiymətlərindən baha qiymətləndirirək vermişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğlər verdiyi qızılları baha qiymətləndirməsi ilə əlaqədardar. Pula ehtiyacı olduğundan iddiaçının qiymətləndirməsinə uyğun olaraq qızılları ondan almağa məcbur razılaşmışdır. Həqiqətdə isə ona verilmiş qızılların qiyməti aşağı məbləğdə olmuşdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-965/2025 nömrəli qətnaməsi ilə (Hakim: Coşqun Abdullayev) iddianın təmin edilməsi, Cavabdeh 2115 manat pulun, 41,15 manat dövlət rüsumu, həmçinin iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 30 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, çıxarılmış qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı uzun illərdir tanıyır, qızıl alveri ilə məşğul olduğunu bilir. Özü ona demişdir ki, sən taksi fəaliyyəti ilə məşğulsan, qızıl-zinət əşyaları istəyən olsa, yanıma gətir. Onun yanına qızıl almağa dəfələrlə müştəri aparmış, hətta ona bəxşiş də verilmişdir. Münasibətləri çox normal olmuş, özü üçün də iddiaçıdan dəfələrlə nisyə qızıl-zinət əşyaları götürmüşdür. Götürdüyü əşyanın pulunu verdikdən sonra növbəti əşyanı götürə bilirmiş. Sonuncu dəfə ondan 5 qram qızıl götürmüş və qiyməti də 525 manat olmuşdur. Həmin puldan da 50 manatını ödəmiş, hazırda ona 475 manat borcu qalmışdır. Məhkəmə araşdırma aparmadan və heç bir sübuta istinad etmədən ondan 2115 manat pul tutulmasını qət etmişdir. Məhkəmə qətnaməsində xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad edir. Guya o, polisdə izahatında iddiaçıya 2115 manat borcunu etiraf etmişdir. O, latın qrafası ilə oxuyub yaza bilmir. Polisdə verdiyi izahatda eynilə məhkəmədə dediyi sözlər olmuşdur. Həmçinin qərarın surəti ona göndərilməmiş, qərarın mahiyyətindən onun məlumatı olmamışdır. Məhkəmə polisin qərarına təkzibolunmaz bir sübut kimi qiymət verərək qətnamənin əsasını qərarın üzərində qurmuşdur. Onun məhkəmə iclasında verdiyi izahat əsasə götürülməli və ona qiymət verilməli idi. Məhkəmə qətnamədə ikinci sübut kimi CD diskdə olan videogörüntülərə istinad etmişdir. Videogörüntülərdə o, iddiaçıdan müxtəlif vaxtlarda götürdüyü qızılları göstərmişdir. O, məhkəməyə əvvəldən bildirmişdir ki, iddiaçıdan çoxlu qızıllar götürmüş və pullarını da hissəli ödənişlərlə etmişdir. Həmçinin məhkəməyə bildirmişdir ki, iddiaçı bir dəfə də olsun ondan 2115 manat borcunu istəməmişdir. Əgər istəyibsə, iddiaçı texnologiyanı yaxşı bilir, onun səs yazısını, telefon danışığını, yazışmasını təqdim etsin. Edə bilməz, çünki iddiaçı həmişə ondan 525 manat pulunu tələb etmişdir. Məhkəmə obyektivlikdən uzaq, araşdırma aparmadan, formallığa meyl edərək, şablon bir qətnamə çıxarmışdır. Qətnamə onun mülkiyyət hüquqlarını pozaraq onu müflis etmişdir. Heç bir mötəbər sübuta istinad edilmədən barəsindədə qanunsuz qətnamə çıxarılmışdır. Hesab edir ki, maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. O, iddiaçıya qızıla görə 525 manat borcunu etiraf edir. Lakin iddiaçı onu 2115 manat qızıl satmamışdır. İddiaçı ona 2115 manat qızıl-zinət əşyasını satması barədə məhkəməyə heç bir sübut verməmişdir. Lakin məhkəmə daxili inamını əsas götürərək və şübhəli sübutlara istinad edərək 2115 manat pulu kəsmişdir. MPM-nin normalarına əsasən sübutetmə yükü iddiaçının üzərində olduğu halda nədənsə məhkəmə sübutetməni öz üzərinə götürərək qanunsuz bir qətnamə qəbul etmişdir. Hesab edir ki, çıxarılmış qətnamə prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qətnaməsində heç bir sübuta istinad etmədən 2115 manat pulun ondan tutulmasını qət etmişdir. Onun iddiaçı ilə yüzlərlə yazışması olmuş, lakin telefonu format olduğundan həmin yazıları məhkəməyə təqdim edə bilməmişdir. Həmin yazılar iddiaçının telefonunda qalmaqdadır. İddiaçı bilərəkdən həmin yazıları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarını qətiyyən araşdırmamışdır. İddiaçı məhkəməyə bilərəkdən yalan danışır. Məhkəmə isə onun yalanlarına mötəbər sübut kimi qiymət verir. Ümumiyyətlə, iş üzrə sübut edilən tərəf o, oldu ki, o, iddiaçıdan müxtəlif vaxtlarda qızıl-zinət əşyaları almışdır. Bu işin mübahisəsiz halıdır. Onun iddiaçıya 2115 manat borclu olmağı barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, məhkəmə ancaq polisin qərarına və vidoegörüntülərə istinad etmişdir. Həmin sübutlar şübhəli sübutlardır, polisin qərarından onun məlumatı olmamış, hazırda həmin qərarı polisdən rəsmi qaydada almaq üçün ərizə ilə müraciət etmişdir. Məhkəmə iddiaçının izahat və ifadələrinə inanır, onun real olaraq verdiyi izahata inanmır. O, məhkəmə iclasında səmimi olaraq bildirmişdir ki, iddiaçıdan 525 manat dəyərində qızıl almışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 965/2025 saylı qətnaməsini ləğv edib, iddia tələbinin 470 manat məbləğində ondan tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-965/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-965/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 965/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-965/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Qeyd olunmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, sonuncu dəfə iddiaçıdan 5 qramlıq qızıl götürmüş və qiyməti də 525 manat olmuşdur. Həmin puldan da 50 manatını ödəmiş, hazırda ona 475 manat borcu qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etiraz etsə də, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər hal isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnaməsində xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad edir. Guya o, polisdə izahatında iddiaçıya 2115 manat borcunu etiraf etmişdir. Lakin o, polis şöbəsində verdiyi izahatında aldığı qızıllara görə iddiaçıya 2115 manat borcunun qalmasını bildirməmişdir. Kollegiya bu halla bağlı qeyd edir ki, iddiaçının müraciəti əsasında polis şöbəsində araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarda cavabdehin izahatı da göstərilmiş, lakin cavabdeh həmin qərardan şikayət vermədiyini məhkəmə iclasında bildirmişdir. Həmin qərar hazırkı iş üzrə sübut növlərindən biridir. İş materiallarının 46-cı vərəqində olan Cavabdeh polis şöbəsində verdiyi izahatından görünür ki, o,iddiaçıya 2115 manat borcunun olmasını etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya məxsus kart hesabına müxtəlif məbləğlərdə pul göndərdiyini təsdiq edən qəbzlərlə bağlı bildirir ki, tərəflərin arasında uzun müddət ərzində qızılların alqı-satqısı ilə bağlı münasibətlər olmuş və cavabdeh müxtəlif məbləğlərdə iddiaçının istifadəsində olan kart hesabına ödənişlər etmişdir. İddiaçı özü də bu halı təsdiq etmişdir. Sonuncu dəfə tərəflərin arasında 7765 manat dəyərində qızılın alqısatqısı ilə bağlı münasibətlər yaranmış, iddiaçı 2115 manat pulun ödənilməməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinə əsasən ödənilmiş məbləğlər borc məbləğini tam əhatə etmədiyindən, həmçinin cavabehin əvvəllər də aldığı qızılların pullarını da iddiaçının kart hesabına göndərməsi səbəbindən həmin ödənişlərin məhz hazırda iddiaçının tələb etdiyi 2115 manat borcla bağlı edilməsi qənaətinə gəlmək mümkün olmamışdır. Ona görə də kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-965/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1140/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1140/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver