Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1145/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(049)-406/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə müştərək qaydada iddiaçının xeyrinə 6324 AZN əsas, 6151.36 AZN faiz üzrə, 16193.91 AZN cərimə üzrə, cəmi 22517.91 AZN məbləğdə borcun və iş üzrə dövlət rüsumu olaraq 157.55 AZN məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Səhmdar Cəmiyyəti və Cavabdeh2 xx.xx.2020-ci il tarixli 011-20-002 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 48 faiz ödəmək şərtilə 7224 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqviləsinin 1-ci maddəsinə görə bu müqaviləyə borcverən yuxarıda qeyd olunana məbləğdə və faizlə kredit borcalanın mülkiyyətinə verir. Həmin müqaviləni 2.7-ci bəndinə əsasən borclu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən illik 48 faizlə kreditorun ona təqdim etdiyi günə əsasən kredit və faiz borclarını ödəməlidir. Bundan başqa, cavabdehlər Cavabdeh1 011-2020-002 saylı xx.xx.2020-ci il tarixli Zaminilik müqaviləsinin imzalamaqla “Zaminlik” kimi borcalanın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyi təqdirdə müqavilə üzrə müəyyən edilmiş əsasa borc kreditdən istifadəyə görə faiz borcları, borcalanın öhdəliklərin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu vurulmuş zərərin əvəzinin, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış məhkəmədən kənar qaydada həll edilməsi barədə (peretenziya qaydada həll olunma) heç bir nəticə verməmişdir. İddiaçının vəkili Vəkil Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə tələblərinə uyğun olaraq iddi tələbinin həcmini artıraraq hüquqi xidmət göstərilməsi üçündə 200 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2(049)-406/2023 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia qismən edilmiş, cavadehlər Cavabdeh1 və Cavabdeh2 ilə müştərək qaydada 6324 manat əsas borc, 6151.36 manat faiz borcu, 6193 manat cərimə borcu və hüquqi xidmət üçün ödənilmiş 200 manat, ümumilikdə 18868.36 manat borcun və 157.55 manat dövlət rüsumunun alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə faiz məbləğinin müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə- mühasibatlıq ekspertizasının təyin edilməsi və tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulunun məbləğinin əsas kredit borcuna münasibətdə azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əməl etməyərək tənasübsüz surətdə yüksək olan 6324 manat əsas borca hesablanmış 6193 manat peniya məbləğinin azaldılması tənasübsüz surətdə yüksək olması nəticəsinə gəlsə də, həmin məbləği əsas kredit borcuna hesablanmış faiz məbləğindən də artıq məbləğdə saxlamış, götürülmüş 7224 manat əsas borc üzrə qaytarılmalı olan məbləği 6193 manat müəyyən edilməsində ədalətli hesab etmiş, 6324 manat əsas borca 6151.32 manat faiz borcunun isə haqlı olaraq iddiaçı tərəfindən hesablandığı nəticəsinə gəlmiş və bu barədə qətnamə qəbul etməklə iddiaçı tərəfindən əsas borca əsassız olaraq hesablanılmış faiz borclarını əsaslı hesab etmiş, məhkəmə iclasında şifahi olaraq verdiyi iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etməməklə həmin vəsatətin təmin edilməməsinin əsaslarını da qətnamədə əsaslandırmamış, faiz borcunun düzgün olaraq hesablanıb-hesablanmamasını araşdırmamış, verdiyi vəsatətin hansı əsaslarla təmin edilməsinə zərurətin olmaması barədə heç bir əsaslandırma aparmamışdır. Çünki sadə riyazi hesablamalara görə 7224 manat əsas kredit borcuna 24 ay müddətində 12 ay üçün 3467.52 manat məbləğ təşkil edir. Kredit məbləğinin götürüldüyü tarixdən yəni xx.xx.2022ci il tarixdən qətnamə qəbul olunan tarixədək 6 ay müddət keçmiş, həmin 6 ay müddətinə 7224 manat kredit məbləğinə cəmi 1733.76 manat faiz hesablana bilərdi. Lakin bu barədə məhkəmə iclasında bildirsə də, məhkəmə çıxardığı qətnamədə onun izahatını da təhrif etməklə guya əsas borc məbləği ilə faiz borc məbləğini qəbul etdiyini yazmış və vəsatətimi isə hansı səbəbdən təmin etməməyi, eləcə də 6324 manat əsas borca 6 ay müddətində 6151.36 manat faiz borcunun hansı qaydada hesablanmasını da araşdırmamaqla qətnamədə bu barədə əsaslandırma aparmamaışdır. Yuxarıda qeyd olunan hallar yenidən araşdırılmalı və iş üzrə faiz məbləğinin müqavilə üzrə düzgün hesablanıbhesablanmamasını müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, veriləcək ekspert rəyinə uyğun olarq faiz məbləği müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamış işə birtərəfli qaydada yanaşaraq heç bir araşdırma aparmadan maddi və prosessual pozuntulara yol verməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bankdan götürdüyü kredit borcundan 1700 manat məbləğdə pul vəsaitini ödədiyini, qalan məbləği isə ölkə ərazisində mövcud olan pandemiya ilə əlaqədar ödəyə bilmədiyini, ekspert rəyi ilə razı olduğunu bildirmişdir. O, qətnamənin ləğv edilməsi, iş üzrə əsas, faiz və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Cavabdeh1 Cavabdeh2 izahatı ilə razılaşaraq, qətnamənin ləğv edilməsi, iş üzrə əsas, faiz və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2(049)-406/2023 saylı qətnaməsi faiz və cərimə borclarının tutulması hissədə dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyət və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 011-20-002-ci il tarixində kredit verilməsi haqqında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 48 faiz ödənilməsi şərti ilə 7224 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 011-2020-002 saylı zaminlik müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və o, Cavabdeh2 ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyət arasında xx.xx.2022-ci il tarixində kredit verilməsi haqqında 011/20-002 saylı kredit müqaviləsi üzrə zamin kimi öhdəlik götürmüşlər. İşdə olan Maliyyə Arayışına əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 19 noyabr 2022-ci il tarixə borcu: 6324 manat əsas borc, 6151.36 manat faiz borcu, 16193.91 manat cərimə, cəmi 22517,91 manat məbləğ təşkil edir. İş materiallarına əlavə edilmiş Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, müqavilənin bitdiyi xx.xx.2022-cı il tarixə Cavabdeh2 ödəniş cədvəlinə uyğun olaraq 7224 dolları əsas borcu olmaqla, faiz borcu 4150 manat məbləğ təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borclarının 3 gün müddət ərzində ödənilməzsə, "xxxx" BOKT QSC ilə bağlnmış müqavilənin 5.3-cü maddəsinə əsasən müştəri Cavabdeh2 sənədləri müvafiq olaraq məhkəməyə göndərəcələri barədə rəsmi xəbərdarlıq edilmişlər. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 3- 16-16/2-9/6809/2023 saylı ekspert rəyində, iş materiallarında olan maliyyə arayışı məlumatlarına, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011/2020/002 saylıkredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh2 iddiaçı BOKT İnternational” Qapalı Səhmdar Cəmiyyətinə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə olan əsas borc üzrə 6324.00 manat faiz borcu üzrə 5768.04 manat olduğu göstərilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixli 011-20-002-saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 06 oktyabr 2022-cı il tarixə (kredit müqaviləsinin son tarixə) iddiaçıya olan əsas və faiz borcu 12.092.04 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022cı il tarixə əsas borc üzrə 6324.00 manat faiz borcu üzrə 5768.04 manat məbləğ təşkil edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə tərəfindən iş üzrə zəruri olan və mühüm əhəmiyyət kəsb edən bütün hallar düzgün qiymətləndirilməmiş və lazımi qaydada ekspertiza keçirilərək müvafiq rəyin mötəbər sübut olaraq əldə edilməsi üçün vacib olan addımlar atılmamışdır. Belə ki, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsi faiz borcunun tutulması hissədə düzgün hesablama aparmamışdır. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cərimə borcunun tutulması hissədə qətnamənin dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Belə ki, kollegiya işin hallarını, qanunvericiliyin qeyd edilən imperativ tələblərini, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğinin 6193 manat məbləğinin təyin edilməsini qanunamüvafiq və mövcud məhkəmə praktikasına uyğun hesab etmir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası dəbbə pulu (cərimə) məbləğinin müəyyən edilməsi zamanı nəzərə alır ki, iddia tələbində hesablanmış və tələb edilən cərimə məbləği MM-in tələblərinə uyğun olaraq öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi səbəbindən meydana gəlmişdir. Qüvvədə olan qanunvericiliyin imkan verdiyi hədd daxilində kreditorun əmlak və əsaslı mənafeləri nəzərə alınmaqla, cərimə məbləğinin 630 manata qədər azaldılmasını kollegiya məqsədəuyğun hesab edir. Belə ki, cərimə məbləğinin həddi baxımından, eyni zamanda, kreditorun mənafeləri nəzərə alınarkən tərəflər arasında bağlanmış müqavilə üzrə kreditorun gələcəkdə əldə edə biləcəyi bütün gəlirlərindən məhrum olunmasına yönəlik hazırkı vaxta kimi cavabdeh tərəfindən edilmiş bütün hərəkət və ya hərəkətsizliklər də nəzərə alınmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin (sübutların) təhlilinə əsasən belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(049)-406/2023 saylı qətnaməsi faiz borcunun və cərimə borcunun tutulması hissədə dəyişdirilməli, faiz borcunun məbləği 5768.04 manat, cərimə borcunun məbləği isə 630 manat məbləğdə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Bununla bərabər, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(049)-406/2023 saylı qətnaməsinin ləğvi və ya digər hissələrdə dəyişdirilməsi üçün əsaslar yoxdur. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 145 manat məbləğlərdə pul vəsaiti cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(049)-406/2023 saylı qətnaməsi faiz borcunun və cərimə borcunun tutulması hissədə dəyişdirilərək, faiz borcunun məbləği 5768 (beş min yeddi yüz altmış səkkiz) manat 4 (dörd) qəpik və cərimə borcunun məbləği isə 630 (altı yüz otuz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 145 manat məbləğlərdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1145/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1145/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver