Məhkəmə qərarları › İş №2(106)-1147/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1147/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1147/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X2 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək vətəndaş Cavabdeh barəsində ədalətli qərar qəbul və ona köməklik edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon məhkəməsində Cavabdeh qarşı borc iddiası qaldırmışdır. İddianın nəticə (xahiş etdim hissəsində) fikrini tam aydın göstərməmişdir. İddianın xahiş etdim hissəsində Cavabdeh 3000 manat maşın almağa verdiyi, 1240 manat işdən qalan və sonuncu 900 manat, cəmi 5140 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2021-ci ilin əvvəllərində özünə məxsus olan Sabunçu rayonu ərazisində yerləşən Ləhic bağlarında torpaq sahəsində tikinti işləri aparmışdır. Tikinti işini usta Cavabdeh görmüşdür. İşlədiyi vaxtda ondan gördüyü xırda, xırda işlərinə görə pul almışdır. Lakin pulu gördüyü işdən artıq alırdı və işi görüb qurtarandan sonra hesablaşacağını bildirirdi. Elə həmin vaxtlarda yay aylarında cavabdeh ondan 3000 manat pul almış və maşın alacağını bildirmişdir. Lakin ondan pul almasını heç kimə bildirməməsini xahiş etmişdir. Cavabdeh bir müddət işləyəndən sonra təxminən 2021-ci ilin sentyabr ayından işə gəlməyib. Cavabdeh onun etibarından istifadə edərək ümuimilikdə ona 5140 manat pulunu xırda-xırda iş görmək adı ilə ondan almışdır. Cavabdeh ondan aldığı pulun müqabilində iş görməyib, sonradan da onun telefon zənglərinə də cavab verməmişdir. Ona görə də Cavabdeh 3000 manat maşın almağa verdiyi, 1240 manat işdən qalan və sonuncu 900 manat, cəmi 5140 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, İddiaçı evində işləmiş və işlədiyi müddətdə Elxandan əvvəlcədən 3000 pul almışdır. Həmin pula özünə 07 markalı maşın almışdır. Sonradan xəstələndiyinə görə Elxanın evində gördüyü tikinti işlərini tamamlaya bilməmişdir. Bundan başqa iddiaçıdan pul almamışdır. İddiaçı aldığı 3000 manat pulu hissə-hissə qaytaracağına söz verib iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi və bu barədə ərizəsini məhkəmə təqdim etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (X5), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Vəliyev X3 Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh İddiaçı 3000 manat pul aldığını və xəstəliyi ilə qalan tikinti işlərini müalicəsi qurtarandan sonra görəcəyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 2021-ci ilin əvvəllərində İddiaçı özünə məxsus olan Sabunçu rayonu ərazisində yerləşən Ləhic bağlarında torpaq sahəsində apardığı tikinti işlərini Cavabdeh görmüşdür. X4 gördüyü işlərə görə iddiaçıdan əvvəlcə 3000 manat pul almış və iddiaçıdan aldığı pulla özünə minik avtomobili almışdır. Cavabdeh bir müddət işləyəndən sonra təxminən 2021-ci ilin sentyabr ayından işə gəlməyərək gördüyü tikinti işlərini yarımçıq saxlamış və iddiaçıdan aldığı pulu da iddiaçıya qaytarmamışdır. Cavabdeh iddiaçının evində tikinti işləri görərkən onda 3000 manat pul aldığını və həmin pula özünə 07 marakalı maşın aldığını bildirmişdir. Sonradan xəstəliyi ilə əlaqədar iddiaçının evində gördüyü tikinti işlərini davam etdirə bilməmiş və iddiaçıdan aldığı 3000 manat pulu hissə-hissə iddiaçıya qaytaracağına söz vermiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin etirafı yazılı sənədlərdə, yəni həm Sabirabad rayon polis şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatında əks olunmuşdur. Göründüyün kimi birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin cavabdeh tərəfindən qismən etiraf olunması səbəbi ilə, cavabdehin borclu aldığı 3000 manat məbləğin qaytarılması öhədliyini onun üzərinə qoymuşdur. Cavabdeh isə apelyasiya şikayətinin dəlillərində iddiaçı ilə arasında olan mübahisənin podrat münasibətlərindən yarandığını, iddiaçının ona özünə məxsus torpaq sahəsində ev tikməyi tapşırdığını, bunun müqabilində də ona pul ödəməli olduğunu, iddiaçının evinin ümumi tikintisi üçün 18683 manatlıq iş gördüyünü, iddiaçının isə bunun qarşılığında ona cəmi 12600 manat pul verdiyini, yəni onun verdiyi 3000 manat pulun məhz 12600 manata daxil olduğunu bildirmişdir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində də verdiyi izahatında iddiaçıdan 3000 manat pulu maşın almaq üçün aldığını və həmin pula həqiqətən də maşın aldığını etiraf etmişdir. Lakin hazırkı mərhələdə cavabdehin həmin borc adlığı 3000 manat pulu gördüyü xidmətlə əvəzləşdirməsi qanuni ola bilməz. Əgər cavabdeh iddia edirsə ki gördüyü işə görə az pul almışdır, o zaman cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət etməli və gördüyü işlərin əvəzi olaraq ödənilməli olan məbləği tələb etməlidir. Ümumiyyətlə cavabdehin borc kimi aldığı məbləğin həmin 12600 manata daxil olması barədə də, yəni iddiaçı ilə belə bir razılığının olması barədə də sübutlarını təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə iddia qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat pul alınaraq İddiaçı verilməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 3000 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1272/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar