Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1148/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9902,23 manat əsas borc və 498,63 manat faiz borcu olmaqla, cəmi 10400,86 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 121,20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cı il tarixli kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 75 ay müddətinə 9902,23 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən 9902,23 manat əsas borc və 498,63 manat faiz borcu olmaqla, cəmi 10400,86 manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 121,20 manat məbləğində pul ödəmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı etiraf edərək bildirmişdir ki, cavabdeh onun oğludur, iddia tələbini tam qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 nömrəli qətnaməsi ilə (Hakim: Səkinəxanım Məmmədli) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 9902,23 manat əsas borc və 498,63 manat faiz borcu olmaqla, cəmi 10400,86 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumuna görə 121,20 manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 saylı qətnaməsinin əsas borc hissəsini qəbul etsə də, faiz və dövlət rüsumu hissəsinin onun sosial-iqtisadi vəziyyətinə uyğun qiymətləndirilmədiyi və ədalətli məhkəmə araşdırmasının təmin olunmadığı qənaətindədir. Bu səbəbdən, həmin hissənin ləğv olunması ilə bağlı apellyasiya ərizəsini əlavə sənəd kimi təqdim edir. Onun rəsmi gəliri 689 manat olduğu halda, bu məbləğ dörd nəfərlik ailə üçün 2025-ci il üzrə müəyyən edilmiş 980 manat minimum yaşayış səviyyəsindən aşağıdır. Ailəsinin tərkibi - iki azyaşlı övladı və kirayədə yaşamağı heç bir formada nəzərə alınmayıb və qiymətləndirilməyib. Faiz və dövlət rüsumunun tətbiqinin real ödəmə qabiliyyətinə uyğunluğu təhlil edilməyib: Məhkəmə onun borcun əsas məbləğini qəbul etdiyini nəzərə almadan, əlavə maliyyə yükü olan faiz və dövlət rüsumunu sosial reallıq və proporsionallıq prinsiplərini nəzərə almadan qərara daxil etmişdir. Onun başqa banklara və maliyyə qurumlarına qarşı ümumi borc öhdəliyi 2200 manatdan çoxdur, bu isə real ödəniş imkanını daha da məhdudlaşdırır. Məhkəmə bu halları qiymətləndirmədən yalnız iddiaçının təqdim etdiyi maliyyə sənədlərinə əsaslanmışdır. Şəxsi və ailə rifahının təhdid altında olması nəzərə alınmayıb: ailə büdcəsinin əsas hissəsi kirayə xərclərinə gedir, lakin bu qeyri-rəsmi olduğuna görə sübut etmək çətindir - məhkəmə bunu araşdırmadan və əlində olan izahlı məlumatları qiymətləndirmədən qərar çıxarıb. Məhkəmə iddiaçının təqdim etdiyi maliyyə sənədlərinə birtərəfli əsaslanaraq, cavabdehin mövcud sosial-iqtisadi vəziyyətini araşdırmadan qərar qəbul etmişdir. Onun real ödəmə qabiliyyəti, ailə tərkibi və sosial vəziyyəti barədə heç bir sübut tələb edilməmiş, təqdim olunmuş yazılı izahlar və mövcud gəlir məlumatları qiymətləndirilməmişdir. Halbuki bu hallar borcun icrasına bilavasitə təsir edən əsas faktlardır və onların araşdırılması qanunla tələb olunur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 saylı qətnaməsinin yalnız əsas borc hissəsinin qüvvədə saxlanılmasını, lakin sosial-iqtisadi vəziyyəti nəzərə alınaraq 498,63 (dörd yüz doxsan səkkiz manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 121,20 (yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu hissəsinin tamamilə ləğv edilməsinə qərar verilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehin qeyd etdikləri demək olar ki, söz toplusudur. Belə ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı tərəfin haqlı iddiasına səbəb olmuşdur. Cavabdeh bu cür şikayəti verməklə işi müəyyən müddət uzatmaq məqsədi daşıyır. Cavabdeh kredit müqaviləsinin şərtlərini vaxtında icra etməli idi. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. Hesab edirlər ki, qətnamə tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda Şirvan Apellyasiya Məhkəməsində baxılan (İddiaçı ASC tərəfindən qaldırılmış iddia üzrə) mülki işlə bağlı məhkəmə iclasında şəxsi iştirakı mümkün deyil. Mümkün olarsa, iclasın onun iştirakı olmadan keçirilməsini və qəbul ediləcək qərarda apellyasiya şikayətində göstərilmiş arqumentlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 saylı qətnaməsinin əsas borc hissəsini qəbul etsə də, faiz və dövlət rüsumu hissəsinin onun sosial-iqtisadi vəziyyətinə uyğun qiymətləndirilmədiyi və ədalətli məhkəmə araşdırmasının təmin olunmadığı qənaətindədir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cı il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 17 faiz dərəcəsi ilə 75 ay müddətinə 9902,23 manat məbləğində kredit verilmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün isə iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. xx.xx.2024-cı il tarixli kredit müqaviləsindən də görünür ki, tərəflər öz iradə ifadələrini əks etdirərək aralarında müvafiq əqdi bağlamaqla razılığa gəlmişlər. Beləliklə də, hər iki tərəf müstəqil şəkildə və könüllü razılıq əsasında müqavilənin şərtlərini və müqavilə ilə üzərlərinə qoyulmuş öhdəlikləri qəbul etmişlər. Dövlət rüsumu hissəsinə gəldikdə isə məhkəmə kollegiyası apellyatorun nəzərinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilmişdir. Hazırki iş üzrə iddianın qiyməti, ümumilikdə, 10400,86 manat olduğundan dövlət rüsumu 121,2 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ASC 121,2 manat məbləğində rüsum və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Beləliklə, iddiaçının iddia tələbi tam təmin olunduğundan həmin 121,2 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Cavabdehin maddi vəziyyəti barədə göstərdiyi hallar apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-943/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1148/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1148/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver