Məhkəmə qərarları › İş №2(106)-115/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-115/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-115/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1018/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan maddi zərərə görə Cavabdeh 12.960 manat, ödənilmiş dövlət rüsumu 131 manat, vəkil xidməti üçün ödənilmiş 600 manat pul alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1018/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Müseyib Bayramov) ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurduğu maddi zərərə görə 9.635 manat və ödənilmiş dövlət rüsumuna görə 131 manat alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayət üzrə 13 yanvar 2025-ci il tarixə, saat 12:20-ə təyin olunmuş məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, tərəflər 13 yanvar 2025-ci il tarixdə məhkəmə iclasında barışıq sazişi bağlamış qeyd olunan barışıq sazişi məhkəmə kollegiyasına təqdim olunmuş və iş materiallarına əlavə olunmuşdur. Yuxarıda qeyd edilmiş tərəflərin 13 yanvar 2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:

1. “Tərəflər” bu sazişi imzalamaqla aşağıdakı şərtləri təsdiq edir

2. “Tərəflər” bu sazişi imzalamaqla “ikinci tərəf” baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Toyota Camry markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın məbləği kimi 6000 (altı min) manat müəyyən olunması ilə razılaşır.

3. Hər iki tərəf razılaşırlar ki, iddiaçının nümayəndəsi Toyota Camry markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın məbləği kimi 6000 (altı min) manat müəyyən olunması ilə razılaşır, cavabdeh isə həmin məbləği 2 ay müddətində tam şəkildə ödəməyi öz üzərinə götürür.

4. “tərəflər” bu Sazişi imzaladıqdan sonra hər iki tərəf həm iddiaçı həm də cavabdeh sazişin şərtlərinə əməl etməyi öz üzərlərinə öhdəlik kimi, yəni cavabdeh tərəf 6000 manat məbləğində pulu iddiaçıya ödəyir, iddiaçı isə ödənilən pulu məbləğini qəbul etməklə aralarında olan mübahisəyə son qoyurlar;

5. Cavabdeh yuxarıda qeyd olunan ödənişi 2 ay müddətində tam şəkildə icra etməzsə barışıq sazişinin şərtləri pozulmuş hesab olunacaq, İddiaçı ərizəsi əsasında Məhkəmə tərəfindən icra vərəqəsi veriləcək və məhkəmə qərarlarının icrası orqanı tərəfindən 600 (altı min) manat pul məbləği birdəfəlik məcburi ödəniş qaydasında cavabdehdən tutulacaqdır.

Məhkəmə kollegiyası barışıq sazişi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Qeyd edilən prosessual hüquq normasının mənasından göründüyü kimi qanunverici ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi, tərəflər arasında barışığın əldə olunması üçün məhkəmənin üzərinə barışıq haqda tərəflərə müraciət etmək kimi vəzifə (borc) qoymuşdur. Ümumi prosessual hüquq prinsiplərdən çıxış edilərsə, həqiqətən də tərəflər arasında yaranmış mübahisənin ən ədalətli həll üsulu barışığın əldə olunmasıdır. Müstəsna hallardan biridir ki, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadlarından tərəflər əksər halllarda razı qalır və bu aktların mübahisələndirilməsinə təsadüfi hallarda rast gəlinir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri yaxud mediasiya vasitəsi ilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsi ilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdədə ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisəni mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Sadalanan prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, tərəflər barışıq sazişinin təsdiqi ilə məhkəməyə müraciət edərkən məhkəmə bir sıra prosessual əsasları yoxlamaqla yanaşı (barışıq sazişinin səlahiyyətli şəxslər tərəfindən imzalanması; barışığın təsdiqinin hüquqi nəticələrinin tərəflərə izah edilməsi, bu barədə protokolda qeyd aparılması və tərəflərə imzalatdırılma və.s), məhkəməyə iki halda barışıq sazişinin təsdiqindən imtina səlahiyyəti də vermişdir:  barışıq sazişi qanuna zidd olarsa;  hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa; Göründüyü kimi, qanunverici istənilən barışıq sazişinin deyil, prosessual tələblərə uyğun şəkildə tərtib və təsdiq edilmiş, bununla yanaşı qanuna zidd olmayan və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmayan barışıq sazişinin məhkəmə tərəfindən təsdiqini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının tələblərini yoxlayarkən mülki iş üzrə tərəflərin açıq-aşkar könüllü iradəsi əsasən barışıq sazişi bağlandığı, barışıq sazişinin mülki iş üzrə hər iki tərəflər tərəfindən imzalandığını, həmçinin mülki iş üzrə tərəflərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmədiyini müəyyən etmişdir. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiqinin hazır ki iş üzrə tərəflərin mənafelərinə təsirini belə izah edir ki, hazır ki işdə barışıq sazişinin təsdiqi tərəflərin iddia tələbi üzrə məhkəmə işinin qurtarmasına dəlalət edən hal olmaqla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan məhkəmə baxışının prinsiplərinə əməl etmiş olur . Beləliklə məhkəmə kollegiyası hesab edir ki, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi prosessual qanunvericiliyinin tələblərinə cavab verdiyindən təsdiq edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1018/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 370 və 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə ilə Cavabdeh arasındakı saziş aşağıdakı kimi təsdiq edilsin:

1. “Tərəflər” bu sazişi imzalamaqla aşağıdakı şərtləri təsdiq edir

2. “Tərəflər” bu sazişi imzalamaqla “ikinci tərəf” baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Toyota Camry markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın məbləği kimi 6000 (altı min) manat müəyyən olunması ilə razılaşır.

3. Hər iki tərəf razılaşırlar ki, iddiaçının nümayəndəsi Toyota Camry markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın məbləği kimi 6000 (altı min) manat müəyyən olunması ilə razılaşır, cavabdeh isə həmin məbləği 2 ay müddətində tam şəkildə ödəməyi öz üzərinə götürür.

4. “tərəflər” bu Sazişi imzaladıqdan sonra hər iki tərəf həm iddiaçı həm də cavabdeh sazişin şərtlərinə əməl etməyi öz üzərlərinə öhdəlik kimi, yəni cavabdeh tərəf 6000 manat məbləğində pulu iddiaçıya ödəyir, iddiaçı isə ödənilən pulu məbləğini qəbul etməklə aralarında olan mübahisəyə son qoyurlar; Cavabdeh yuxarıda qeyd olunan ödənişi 2 ay müddətində tam şəkildə icra etməzsə barışıq sazişinin şərtləri pozulmuş hesab olunacaq, İddiaçı ərizəsi əsasında məhkəmə tərəfindən icra vərəqəsi veriləcək və məhkəmə qərarlarının icrası orqanı tərəfindən 600 (altı min) pul məbləği birdəfəlik məcburi ödəniş qaydasında cavabdehdən tutulacaqdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1018/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar