Məhkəmə qərarları › İş №2(106)-1151/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1151/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1151/2023 10.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1801/2022 saylı, 17 mart 2023-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2200 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 42 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(073)-1801/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “2200 manat pul və 42 manat dövlət rüsumu tələbinə dair” iddiasına qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(073)-1801/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2200 manatın və 42 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli məktubu ilə məhkəmənin 20 dekabr 2022-ci il tarixli, 2(073)-1801/2022 saylı qətnaməsinin surəti təkrarən tərəflərə göndərilmiş, Cavabdeh həmin qətnamənin surətini 24 fevral 2023-cü il tarixində əldə etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(073)-1801/2022 saylı qiyabi qətnaməsinin ləğv edilərək işin yenidən baxılmasını xahiş etmişdir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, o, qiyabi qətnaməni xx.xx.2023-cü il tarixində almışdır. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-1801/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) ərizəçi Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(073)-1801/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-1801/2022 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardad ona münasibətdə ədalətli olmamışdır. Belə ki, o, şikayətində məhkəmə qətnaməsini bütün hissələrdə mübahisələndirmiş və şikayəti vaxtında vermişdir. Ona görə də məhkəmənin qərardadı ləğv edilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(073)-1801/2022 saylı qərardadı ilə Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)- 1801/2022 saylı qərardadının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. MPM-in 245.1-ci maddəsinə əsasən, qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. MPM-in 250-ci maddəsinə əsasən, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Qeyd olunan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qiyabi qətnamənin ləğv edilməsinə dair cavabdehin ərizəsinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsində qiyabi qətnamənin surətini xx.xx.2023-cü ildə aldığını qeyd etsə də, iş materiallarının 48-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, cavabdeh qiyabi qətnamənin surətini xx.xx.2023-cü ildə əldə etmiş, həmin qətnamənin ləğv edilməsinə dair cavabdehin ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh qiyabi qətnamənin surətini aldıqdan yalnız 13 gün sonra onun ləğv edilməsinə dair ərizə vermiş, bununla da, MPM-in 244-cü maddəsində qiyabi qətnamənin ləğvi məqsədilə ərizə verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bundan əlavə, cavabdeh qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsində məhkəmə iclasına üzrlü səbəbdən gəlməməsini əks etdirən hər hansı bir hal qeyd etməmiş, bu cür halın mövcudluğunu təsdiq edən hər hansı bir sübutu ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə cavabdehin məhkəmə iclasına gəlmədiyini vaxtında məhkəməyə bildirməyə imkanının olmaması müəyyən edilmir. Həmçinin, cavabdeh öz şikayətində də bu cür hallar barəsində hər hansı bir qeyd etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-1801/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası bildirir ki, cavabdehin birinci instansiya məhkəməsinin qiyabi qətnaməsindən apellyasiya şikayəti vermək hüququ mövcuddur və o, bu hüququndan həmin qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verməklə, istifadə etmək imkanına malikdir. MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-1801/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar