Məhkəmə qərarları › İş №2(106)-1156/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1156/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1156/2025 14.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 5500 manat maddi ziyanın və 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-246/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 5500 manat və dövlət rüsumunun əvəzi qismində 75 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-246/2025 saylı qətnaməsi ilə (Hakim: E.Əmirəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərə görə 4560 (dörd min beş yüz altmış) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manatın alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinə həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-246/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(073)-246/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti verilmişdir. Cavabdeh yenidən apellyasiya şikayətini və müddətin bərpası barədə ərizəsini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 366.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 246/2025 qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, cavabdeh tərəfindən sonuncu dəfə, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilərkən həmçinin müddətin bərpası barədə ərizə də verilmişdir. Cəlilabad Rayon Məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizəyə münasibət bildirilməmişdir. Halbuki birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəyə qiymət verməli, müddət bərpa edildiyi halda iş materialları baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli idi. Kollegiya qeyd edir ki, müddətin bərpası barədə ərizəyə qiymət verilmədiyindən müddət ötürülmüş hesab edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya, istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil, prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün olmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin: 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Lakin yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu düzgün yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-246/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar