Məhkəmə qərarları › İş №2(106)-1158/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1158/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1158/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli 2(055)-284/2025 saylı qərardadından (hakim V.Qasımov) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcune qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 5117.82 manat əsas borc, 93.26 manat faiz borcu, 2439.50 manat cərimə olmaqla ümumilikdə 7650.58 manat məbləğində borcun və 96.51 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli e-2(055)-284/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İş materiallarında olan xəbərnaməyə əsasən qətnamə 11 mart 2025-ci il tarixdə Cavabdeh1 təqdim olunmuşdur. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 5 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 8 aprel 2025-ci il tarixli, e-2(055)-284/2025 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab verməməsi, şikayətə onu imzalayan vəkilin orderinin əlavə edilməməsi əsasları ilə geri qaytarılmışdır. 15 aprel 2025-ci il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qərardadda qeyd olunan çatışmamazlıqları aradan qaldıraraq yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli 2(055)-284/2025 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-284/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Qərardaddan İddiaçı QSC şikayət verərək ləğv edilməsini, Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, hazırki iş üzrə vəkil tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti müxtəlif səbəblərə əsasən (1. Şikayətin MPM-də müəyyən edilmiş yeni formaya və məzmuna uyğun tərtib edilməməsi, 2. Şikayəti imzalama səhahiyyətinin olunmaması) geri qaytarılmışdır. Qanunvericilikdə ötürülmüş müddətin iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda bərpa edilməsi qeyd edilmişdir. Hazırki halda isə apellyasiya şikayəti vəkil tərəfindən tərtib edilərək verilmişdir. Hesab edirik ki, şikayət vəkil tərəfindən tərtib edilərək təqdim edildiyindən yol verilmiş nöqsanların üzürlü hesab edilməsi və müddətin bərpa edilməsi əsassızdır. Belə ki, cavabdeh tərəf hüquqlarının peşəkər şəkildə məhkəmədə müdafiəsi üçün vəkillə müqavilə bağlamış və müqavilə bağlanmış vəkil cavabdehin özündən fərqli olaraq mülki prosessual qanunvericilikdə qeyd olunmuş qanunun normalarına tam hakim olmalı və qanunvericiliyin tələblərinə riayət etməklə apellyasiya şikayəti verməli idi, çünki vəkil qanunvericiliyin tələblərinə uyğun şikayət vermək vəzifəsini daşımışdır. Lakin vəkil ilk dəfə təqdim etdiyi apellyasiya şikayətini peşəkar hüquqi fəaliyyətlə məşğul olmasına baxmayaraq qanunvericiliyin tələblərinə riayət etməyərək vermişdir. Bütün bu qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdehin vəkilinin müddətin bərpası barədə ərizəsində qeyd etdiyi hallar üzürlü səbəb kimi qəbul oluna bilməz. Belə ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri mümkün edən elə haldır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Saatlı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2(055)-284/2025 saylı qərərdadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1 və 133.3-cü maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(055)-284/2025 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti ilkin olaraq vaxtında verilmiş, lakin apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə cavab verməməsi, onu imzalayan vəkilin orderinin şikayətə əlavə olunmaması əsasları ilə geri qaytarılmışdır. Bununla belə birinci instansiya məhkəməsi nöqsanların aradan qaldırılması üçün ağlabatan müddət təyin etməmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qəravrında formalaşan hüquqi mövqeyə görə bir sıra hallarda kassasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş forma və məzmunda tərtib edilməməsi əsası ilə geri qaytarılması ərizəçinin təqsiri olmadan, obyektiv səbəblərdən kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi ilə nəticələnir. Bu isə şəxsin şikayətinin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan bir qayda olaraq məhrum olmasına səbəb olur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün müvafiq müddətin qanunvericilik qaydasında müəyyən edilməsi məqsədəmüvafiq olar. Bu, şəxslərin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından zəruridir. Kollegiya Konstitusiya Məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin ilkin olaraq prosessual müddətlər çərçivəsində verilməsini, geri qaytarılarkən qərardadda qeyd olunan nöqsanların aradan qaldırılması üçün ağlabatan müddətin təyin olunmamasını, buna baxmayaraq qısa zaman ərzində nöqsanların aradan qaldırılaraq yenidən verilməsini və bu zaman prosessual müddətin cəmi 4 gün ötürülmüş olmasını nəzərə alan birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli 2(055)-284/2025 saylı qərərdadı dəyişdirilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar