Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1160/2024 02.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 4000,0 manat əsas borc və 60,40 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, uzun müddət Cavabdeh məxsus olan İmişli rayonu Xubyarlı kəndi ərazisində yerləşən qum-çınqıl karxanasında mühafizəçi vəzifəsində işləmiş və həmin müddətdə onunla aralarında qarşılıqlı hörmətə əsaslanan yaxşı münasibətlər formalaşmışdır. 2020-ci ilin sonlarından başlayaraq karxanada işlər yaxşı getməmiş və işçilərin əmək haqqları bir neçə ay müddətində ödənilmədiyindən narazılıq yaranmışdır. Həmin vaxt onda müəyyən məbləğdə artıq nağd pul vəsaiti olduğundan Cavabdeh vəziyyətdən çıxartmaq məqsədilə öz təşəbbüsü ilə ona 10.000,0 manat təklif etmiş və onun göstərişi ilə karxanada fəhlə işləyən X4 vermişdir. Həmin vəsait hesabına işçilərin əmək haqqları ödənilmiş və ötən müddətdə ona hissə-hissə 6000,0 manat qaytarılmışdır. 2023-cü ildə Cavabdeh karxananı satıb getmiş, lakin ona olan borcunu qaytarmamışdır. Ona görə də, Cavabdeh cəmi 4000,0 manat alınıb ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2020-2021-ci illərdə ona məxsus olan İmişli rayonu Xubyarlı kəndi ərazisində yerləşən qum-çınqıl karxanası Kənan Qarayev və Şəfa Ataşov tərəfindən idarə olunmuşdur. O, həmin vaxt karxanada mühafizəçi işləmiş İddiaçı hər hansı bir məbləğdə borc almamışdır. Karxana satıldıqdan sonra İddiaçı ona qarşı iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli (Hakim: Ülvi Qənbəərov) ilə, iddia tələbinin təmin olunması, Cavabdeh 4000,0 (dörd min) manat və 60,40 ( altmış) manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 442, 443.1 və 739.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2-ci maddəsinə əsasən əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1095-ci Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsini iş üzrə toplanmış sübutlarla təsdiq edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş üzrə X2 göstərmişdir ki, o, 2020-2021-ci illərdə o, Cavabdeh Ənnağı oğluna məxsus olan İmişli rayonu Xubyarlıkəndi ərazisində yerləşən qum-çınqıl karxanasında fəhlə vəzifəsində işləmişdir. 2020-ci ilin sonlarından başlayaraq karxanada işlər yaxşı getməmiş və işçilərin əmək haqları bir neçə ay müddətində ödənilmədiyindən narazılıq yaranmışdır. 2021-ci ilin yanvar ayında axşam vaxtı karxananın mühafizəçisi İddiaçı ona 10.000,0 manat verərək Cavabdeh çatdırmağı xahiş etmiş, o, Fəyyaza zəng edərək bu barədə bildirmiş və sonuncunun göstərişi ilə pulu karxananı idarə edən şəxsə vermişdir. Səhəri gün həmin vəsait hesabına işçilərin əmək haqqları ödənilmişdir. Kollegiya qeyd edir ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 740.2-cı maddəsinə 2016-cı ilin 31 may tarixdə edilmiş dəyişikliyə görə 3000 manatdan yuxarı borc müqavilələri yazılı formada bağlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə yəni 2021ci il tarixə düşdüyündən iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, cavabdehin iddiaçı ilə aralarında olan mövcud hüquq münasibətinə qiymət verilməsini istisna edə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı işçilərin əmək haqqının ödənilməsi üçün Cavabdeh 10000 manat pul vermiş, cavabdeh həmin puldan bu günə qədər 6000 manatını geri qaytarmış, geri qalan 4000 manatını qaytarmamışdır. Belə ki, iddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, uzun müddət Cavabdeh məxsus olan İmişli rayonu Xubyarlı kəndi ərazisində yerləşən qum-çınqıl karxanasında mühafizəçi vəzifəsində işləmiş və həmin müddətdə onunla aralarında qarşılıqlı hörmətə əsaslanan yaxşı münasibətlər formalaşmışdır. 2020-ci ilin sonlarından başlayaraq karxanada işlər yaxşı getməmiş və işçilərin əmək haqları bir neçə ay müddətində ödənilmədiyindən narazılıq yaranmışdır. Həmin vaxt onda müəyyən məbləğdə artıq nağd pul vəsaiti olduğundan Cavabdeh vəziyyətdən çıxartmaq məqsədilə öz təşəbbüsü ilə ona 10.000,0 manat təklif etmiş və onun göstərişi ilə karxanada fəhlə işləyən X4 vermişdir. Həmin vəsait hesabına işçilərin əmək haqqları ödənilmiş və ötən müddətdə ona hissə-hissə 6000,0 manat qaytarılmışdır. 2023-cü ildə Cavabdeh karxananı satıb getmiş, lakin ona olan borcunu qaytarmamışdır. Ona görə də, Cavabdeh cəmi 4000,0 manat alınıb ona verilməsi barədə iddia qaldırmışdır. X2 da izahatında 2021-ci ilin yanvar ayında axşam vaxtı karxananın mühafizəçisi İddiaçı ona 10.000,0 manat verərək Cavabdeh çatdırmağı xahiş etdiyini, onun Fəyyaza zəng edərək bu barədə məlumat verdiyini və sonuncunun göstərişi ilə pulu karxananı idarə edən şəxsə verdiyini, səhəri gün həmin vəsait hesabına işçilərin əmək haqqlarının ödənildiyini bildirmişdir. Cavabdeh özünün apelyasiya şikayətinin dəlillərində iddiaçının tələbinə münasibətdə MM-nin 739.2-ci maddəsinə istinad edərək yazılı müqavilənin olmamasını bildirmişdir. Kollegiya qeyd edir ki, əslində cavabdeh dolayı yolla iddiaçının tələbini haqlı hesab etmiş, lakin həmin tələb üzrə iddianın əsası kimi yazılı borc müqaviləsinin olmamasına istinad edərək, tələbin rədd edilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətinin dəlillərində 2020-2021-ci ilərdə Xubyarlı kəndi ərazisində yerləşən karxananın Kənan Qarayev və Səfa Ataşov tərəfindən idarə edildiyini bildirmiş, lakin apelyasiya icraatı zamanı həmin halı təkzib edərək karxananın məhz özü tərəfindən idarə edildiyini bildirmişdir. Göstərilən ziddiyyətli izahatlar, habelə cavabdehin iddiaçıdan borc pul almasını təkzib edəcək sübutlar əvəzinə maddi hüquq normasına istinad edərək iddianın müqavilə olmaması əsası ilə rədd edilməsini tələb etməsi, iddiaçı tərəfindən cavabdehə iddia tələbində qeyd edilən məbləğin verilməsi və həmin məbləğdən 4000 manat borclu qalmasını təsdiq edən hal kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası mövcud hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarını təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıya məxsus əmlak hesabına, yəni qaytarılması gözlənilən və müəyyən məqsədə verilən pul vəsaitini qaytarmayaraq əsassız varlanmışdır və buna istinad edən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını, yeni cavabdeh tərəfindən qaytarılmayan 4000 manat pul vəsaitni geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan respublikası mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin 10000 manat məbləğində pulu iddiaçıdan alması, daha sonra 6000 manatı qaytarması, qalan 4000 manatı qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmiş olur ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 4000,0 manat və 60,40 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir.” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsinin qiyməti cavabdehin apellyasiya şikayəti üzrə 4000 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-88/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1160/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1160/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver