Məhkəmə qərarları › İş №2(106)-1161/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1161/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1161/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(036)-1233/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3995.44 manat əsas borc, 2527.11 manat faiz borcu, 4355.75 manat cərimə, 580.80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 124.38 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin e-2(036)-1233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sübutlardan (maliyyə arayışı, hesabdan çıxarış və s.) açıq-aşkar görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixədək həyata keçirilmiş ödənişləri nəzərə almaqla hazırkı iddianı irəli sürmüşdür. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və eləcə də Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödəməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5 %) hissəsinə ümumiyyətlə münasibət bildirmədən iddianı həmin hissədə də təmin etməmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışı hesabdan çıxarış məlumatlarını tam əks etdirdiyindən müqavilə müddətinin sonuna olan faiz borcu Bank tərəfindən əsaslı olaraq 2527.11 manat müəyyən edilmişdir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi, o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi kredit borcundan xx.xx.2019-cu il tarixədək cəmi 7219.49 manat ödənildiyini hesablayarkən yalnız hesabdan çıxarışa istinad etmiş, lakin özünün bu istinadını tam əsaslandırmamışdır. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan əsas, faiz, cərimə və illik 5% borcu məbləği əsassız olaraq təmin edilməmişdir. Məhkəmə qətnamə qəbul edən zaman əsas borcu, eyni zamanda müqavilə müddəti üçün hesablanmış faiz borcunu və cərimə məbləğini təmin etməməklə öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəblərdən də qətnamə əsaslı hesab edilə bilməz. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının maddi hüquq və prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək İmişli Rayon Məhkəməsinin e-2(036)- 1233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - “Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulmasının təmin edilməməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndə ilə təmsil oluna bilməyəcəklərini işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan iş üzrə apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(049)-228/2023 saylı qətnaməsi baxışın predmeti olan hissədə - iddianın Cavabdeh1 qarşı rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan kreditor LPO İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 26 faizlə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh2 LPO İddiaçı ASC -dən aldığı 8000 manat kredit məbləğini cəmi 3605.66 manat faizlə birlikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli 180005048/ZM nömrəli Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 ilə LPO İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlava sazişin surətinə əsasən kreditor LPO İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 5.468,43 manat təşkil edir və ödəniş müddəti xx.xx.2020-ci tarixdədək uzadılır. İşdə olan xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 1 saylı Əlavə saziş üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh2 LPO İddiaçı ASC-dən aldığı 5468,43 manat kredit məbləğini 1355,94 manat faizlə birlikdə (cəmi 6824,37 manat) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli 11-70024464-8 nömrəli hesabdan çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh2 qalıq kredit borcu cəmi 5.799.71 manat olmuş və xx.xx.2019-cu il tarixədək cəmi 7219.49 manat ödənilmişdir. Kollegiya qeyd edilənlərlə yanaşı, diqqətə çatdırır ki, “AZE Məhkəmə İnformasiya Sistemi”ndə Cavabdeh2 şəxsi məlumatlarından əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci ildə ölmüşdür. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kreditor LPO "xxxx" ASC xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlava sazişdə nəzərdə tutulduğundan artıq müddətə və məbləğdə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmaqda haqlı olmamışdır. xx.xx.2016xx.xx.2019-cu tarix aralığı dövründə ödənilən məbləğ 6824,37 manatdan artıq olduğundan LPO "xxxx" ASC-nin daha artıq məbləğin ödənilməsini tələb etmək hüququ yoxdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Buna görə də, hazırkı baxışın predmeti iddia tələbinin Cavabdeh1 qarşı rədd edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmini istiqamətində məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Belə ki, MM-in 477.0.4-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən də göründüyü kimi, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 1 saylı Əlavə saziş üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh2 LPO İddiaçı ASC-dən aldığı 5468,43 manat kredit məbləğini 1355,94 manat faizlə birlikdə (cəmi 6824,37 manat) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən isə zaminə qarşı hazırkı iddia öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə çatdığına rəğmən 13 mart 2023-cü il tarixdə edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1233/2023 saylı qətnaməsi baxışın predmeti olan – iddia tələbinin Cavabdeh1 qarşı rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1233/2023 saylı qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan – iddia tələbinin Cavabdeh1 qarşı rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar