Məhkəmə qərarları › İş №2(106)-1162/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1162/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1162/2024 21.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-788/2018 saylı qərardadından cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 19274.34 ABŞ dolları məbləğində kredit borcu, 10116.71 ABŞ dolları məbləğində faiz borcu və 13841.58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 43232.63 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-788/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmişdir. Cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Məhkəməsinin 2(064)-788/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, məhkəmədən buraxılmış müddəti bərpa edilib, apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Füzuli Rayon Məhkəməsinin iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil Füzuli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(064)-788/2018 saylı qərardadından şikayət verərək qərardadın ləğvini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-788/2018 saylı qərardadından verilmiş şikayətinə münasibətdə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması müəyyən edilmir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(064)-788/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.3-cü maddəsinə görə şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269-cu maddəsinin tələbinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsinə iş üzrə xx.xx.2024-cü il tarixli qərardaddan cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən şikayət verilsə də, yekunda məhkəmə MPM-in 269-cu maddəsinə uyğun hər hansı qərar qəbul etməyərək, iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş müşayiət məktubundan görünür ki, mülki iş materialları səhvən xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Məhkəməsinin 2(064)-788/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün göndərilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-788/2018 saylı qərardadından cavabdehin Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar