Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1163/2025 29.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-208/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 450 manat, əldən çıxmış fayda kimi 1.550 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat, ümumilikdə, 2.040 manat pul vəsaitinin xeyrinə tutularaq ödənilməsi haqqında qətnamə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 16:18-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, Aşağı Qaramanlı kəndində taxıl sahəsində həmkəndlisi Cavabdeh ona məxsus sahədə heyvan otarması, həmçinin bel parçası ilə onu hədələməsi barədə məlumat vermişdir. İş Neftçala rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru X3 icraatında olmuşdur. Qeyd edir ki, o Neftçala rayonu, Aşağı Qaramanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Kəndin çöl əkin ərazisindən ona və ailə üzvlərinə pay torpaqlarının bölgüsü zamanı 12 avqust 2003-cü il tarixində 11,15 ha əkin üçün pay torpaq sahəsi ayrılaraq onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Qeyd olunan torpaq sahəsinin 6 ha sahəsi ayrı ərazidə, 5,15 ha torpaq sahəsi isə ayrı ərazidə yerləşir. Həmin sahələrdən qeyd olunan 5,15 ha torpaq sahəsinə taxıl, 6 ha torpaq sahəsinin 1 ha sahəsinə taxıl, 5 ha isə yonca əkmişdir. Həmkəndlisi Cavabdeh ilə aralarında heç bir ədavət və ziddiyyət olmamışdır. Lakin 20 aprel 2024-cü il tarixdə saat təxminən 07:00-da əkin sahələrinə baxmaq istədikdə Əhmədin xırda buynuzlu heyvanlarını 1 ha torpaq sahəsinə - əkdiyi taxıl sahəsinə salaraq otardığını və sahədə olan taxılı yararsız vəziyyətə saldığını aşkar etmişdir. Həmin vaxt Əhmədə iradını bildirdikdə o, onunla mübahisə edərək yaxşı edib otardığını bildirərək əlində olan bellə üzərinə gəlmişdir. Həmin vaxt Əhməd onu bellə vuracağı ilə hədələmişdir. Cavabdeh xırda buynuzlu heyvanlarını onun əkin sahəsinə salıb otarması və yarasız hala salması nəticəsində ona şum, mala toxum və suvarma xərcləri ilə birlikdə 450 manat nəbləğində maddi ziyan dəymişdir. Cavabdeh heyvanları onun yanında otarıb. Hadisənin özündən başqa şahidi yoxdur. Özü gözləri ilə görmüşdür. Təqdim etdiyi sübutlardan başqa sübüt təqdim edə bilmir. Məsələ ilə bağlı şikayətinə əsasən iş Neftçala RPŞ tərəfindən icraata götürülsə də, lakin Neftçala RPŞ tərəfindən 27 aprel 2024-cü il tarixində Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Cavabdeh əməlində cinayət tərkibi olduğu halda Neftçala RPŞ tərəfindən qanunsuz və əsassız olaraq, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi üçün Neftçala Rayon Məhkəməsinə həmin qərardan şikayət etmişdir. Digər tərəfdən baş vermiş hadisə nəticəsində taxıl sahəsi yararsız hala düşmüş və həmin taxıl sahəsindən istifadə nəticəsində gələcəkdə əldə edəcəyi 1550 (min beş yüz əlli) manat gəlirdən də məhrum olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh onun xeyrinə dəymiş ziyana görə 450 (dörd yüz əlli) manat, əldən çıxmış fayda kimi 1550 (min beş yüz ǝlli) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat, ümumilikdə, 2040 (iki min qırx) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı iclası zamanı 20 aprel 2024-cü il tarixdə Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin sədri (mərhum) X2, Aşağı Qaramanlı kənd İƏDÜN-si X4, Neftçala rayon İcra Hakimiyyətindən adını bilmədiyi nümayəndə, Salyan rayon Mil-Muğan kollektorlar idarəsindən adını bilmədiyi nümayəndənin İddiaçı Orucəli oğlunun şikayəti əsasında həmən əraziyə baxış keçirdiklərini bildirmişdir. Qeyd edir ki, İddiaçı Orucəli oğlu şikayət etmişdir ki, Cavabdeh onun pay torpağında olan taxılı xırda baş heyvanlarla otarıb. Baxış zamanı məlum olmuşdur ki, həmən ərazi bələdiyyəyə məxsus torpaq sahəsidir. Onun ərazidə 0.28 ha torpaq sahəsi var. O, özü örüş sahəsini korlayıb yəni şumlayıb əkib, hətta kollektorun qoruma zolağını da şumlayaraq əkmişdir. Baxış keçiriləndən sonra Mil-Muğan kollektorlar idarəsinin əməkdaşları kollektoru qazıb həmin ərazini örtmüşlər. O bələdiyyə torpağında qanunsuz olaraq əkin əkmişdir. O kənd camaatının heyvanlarını otarır. O heç vaxt iddiaçıya məxsus əkin sahəsinə heyvan salmamışdır. Həmin vaxt onu Neftçala rayon Polis şöbəsinə çağırmışlar. Tədqiqatçı polis mayoru X5 ondan izahat almış, onun şikayətinin həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı ərizəsində göstərir ki, bel parçası ilə onu hədələyib, amma onun əlində heçnə olmayıb, ümumiyyətlə, həmin ərazidə o iddiaçını görməmişdir. Ərizədə göstərilən iddialar yalandır, ona heç bir ziyan vurmamışdır. Otardığı ərazi köhnə çardağın ərazisi olmuş və öruş sahəsidir. Bu səbədən iddianı qəbul etmir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-208/2025 saylı qətnaməsi ilə (Hakim: Samir Quliyev) İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayət verərək bildirmişdir ki, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna yol verilmişdir. Ədalətli məhkəmə baxışı prinsiplərinə uyğun olaraq, məhkəmə sübutları obyektiv qiymətləndirməli və tərəflərin təqdim etdiyi məlumatlara eyni hüquqi yanaşma göstərməlidir. Onun təqdim etdiyi sübutlar hüquqi baxımdan araşdırılmadan rədd edilmişdir. Belə ki, məhkəmə iş üzrə təqdim etdiyi mülkiyyət hüququnu təsdiqləyən sənədlər, ziyanın baş verməsi ilə bağlı dəqiq faktlar və digər sübutları obyektiv qiymətləndirməmiş, cavabdehin sübutsuz və subyektiv bəyanatlarına üstünlük vermiş, həmçinin torpaq sahəsinin hüquqi statusunu araşdırmamışdır. Məhkəmə qətnaməsində təqdim edilmiş sübutların hüquqi təhlilinə yer verilməmiş, qərar yetərincə əsaslandırılmamış və tərəflərə bərabər hüquqi imkanlar yaradılmamışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində MPM-nin 88-ci maddəsində nəzərdə tutulan sübutların təqdim olunması və qiymətləndirilməsi qaydalarına əməl edilməmişdir. İddiaçı olaraq o, öz tələblərini əsaslandırmaq məqsədilə bir sıra sübutlar - o cümlədən torpağa dair dövlət aktı, 102 xidmətinə zəng faktı, təhqiqatın aparılması barədə məlumat, sahəyə dair faktiki təsvir və iqtisadi zərər hesablamalarını məhkəməyə təqdim etmişdir. Bu sübutlar iş üzrə əhəmiyyətli və hüquqi nəticələr doğura biləcək faktlardır. Lakin məhkəmə bu sübutların hüquqi mahiyyətini qiymətləndirmədən və onların obyektivliyini araşdırmadan, yalnız cavabdehin ümumi və sübutsuz etirazlarına əsaslanaraq iddianı rədd etmişdir. Qətnamədə cavabdeh və onun tərəfini müdafiə edən şəxslər tərəfindən mübahisəli ərazinin guya bələdiyyəyə məxsus olduğu iddia edilsə də, bu iddianı təsdiqləyən heç bir rəsmi sənəd mülkiyyət hüququnu təsdiqləyən akt, kadastr çıxarışı, torpaq planı və ya müvafiq bələdiyyə qərarı məhkəməyə təqdim edilməmişdir. Cavabdeh və ya üçüncü şəxslər torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu iddia etdikləri halda bunu hüquqi qüvvəyə malik sənədlərlə sübuta yetirməli idilər. Lakin bu edilməmiş, məhkəmə isə sübut təqdim olunmadan bu subyektiv iddianı əsas kimi qəbul etmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdehin həmin ərazidə yerləşən əkin sahəsini korlaması faktı mübahisəsiz olaraq iş materiallarında öz əksini tapmışdır. Lakin Neftçala Rayon Məhkəməsi bu faktı obyektiv qiymətləndirmək əvəzinə cavabdehin sadəcə bəyanlarına istinad edərək, yəni sübut təqdim edilmədən irəli sürülmüş "torpaq bələdiyyəyə məxsusdur" iddiasına əsaslanaraq, əkin sahəsinin iddiaçıya aid olmadığı qənaətinə gəlmişdir. Qətnamədə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması halları və bu vəziyyətin cavabdeh tərəfindən bilinməsi və ya bilərəkdən gözardı edilməsi kifayət qədər qiymətləndirilməmiş, lakin bu məsələ məhkəmə qərarı üçün həlledici əhəmiyyət daşıyır. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi izahatda sahənin 2003-cü ildən etibarən onun ailəsinə dövlət aktı ilə verildiyini, həmin torpağın 20 il ərzində daimi olaraq əkin məqsədilə istifadə edildiyini, 2024-cü ildə isə bu sahəyə dəqiq olaraq taxıl əkildiyini bildirmişdir. Əkinin mövcudluğu və sahənin becərilməsi faktı cavabdehin öz ifadəsində də dolayı şəkildə təsdiqini tapır. O, həmin ərazidə heyvan otardığını inkar etməmiş, sadəcə torpağın guya bələdiyyəyə məxsus olduğunu iddia etmişdir. Halbuki torpaq uzun illər ərzində becərilmiş, 2024-cü ildə də konkret əkin fəaliyyəti (taxıl əkini) aparılmış və cavabdeh ərazinin daimi sakini olaraq bu istifadədən xəbərdar olmuşdur. Məhkəmə bu faktları araşdırmalı və onların hüquqi əhəmiyyətini qiymətləndirməli olduğu halda bunu etməmiş və 88.3-cü maddədə nəzərdə tutulan "hərtərəfli, tam və obyektiv araşdırma" tələbinə əməl etməmişdir. Nəticə olaraq 88-ci maddənin tələb etdiyi obyektivlik, qərəzsizlik, tamlıq və hərtərəflilik prinsipləri pozulmuşdur. Məhkəmə yalnız birtərəfli izahatlara əsaslanmış, sübutların məcmusunu tam, qərəzsiz və obyektiv qiymətləndirməmişdir. Neftçala Rayon Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli qətnamədə, iş üzrə mühüm əhəmiyyətə malik olan bir sıra faktiki halların araşdırılmaması və ya natamam araşdırılması işin obyektiv və ədalətli həllinə mane olmuşdur. İlk növbədə, iddiaçının həmin ərazidə mülkiyyət hüququ əsasında əkin fəaliyyəti həyata keçirməsi və sahənin xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən xırda buynuzlu heyvanlarla korlanması faktı iş materiallarında, o cümlədən iddiaçının izahatında, 102 xidmətinə zəng məlumatında və təhqiqatın başlanması faktında mübahisəsiz şəkildə təsbit olunmuşdur. Bu halın mövcudluğu barədə cavabdeh özü də məhkəmə baxışı zamanı dolayı şəkildə təsdiq verərək həmin ərazidə heyvan otardığını bildirmişdir. Bununla yanaşı, cavabdeh torpaq sahəsinin guya bələdiyyəyə məxsus olduğunu iddia etsə də, bunu təsdiqləyən heç bir hüquqi sənəd bələdiyyənin torpaq sahəsinə dair plan, çıxarış və ya hüquqi qərar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə bu iddianı əsaslandıran sənəd tələb etmədən, sadəcə cavabdehin bəyanına istinad edərək əkin sahəsinin guya iddiaçıya məxsus olmadığı qənaətinə gəlmiş və nəticədə iddiaçının zərər çəkdiyini təsdiqləyən faktiki halları araşdırmadan iddianı rədd etmişdir. Qətnamədə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması halları və bu vəziyyətin cavabdeh tərəfindən bilinməsi və ya bilərəkdən gözardı edilməsi kifayət qədər qiymətləndirilməmiş, lakin bu məsələ məhkəmə qərarı üçün həlledici əhəmiyyət daşıyır. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi izahatda sahənin 2003-cü ildən etibarən onun ailəsinə dövlət aktı ilə verildiyini, həmin torpağın 20 il ərzində daimi olaraq əkin məqsədilə istifadə edildiyini, 2024-cü ildə isə bu sahəyə dəqiq olaraq taxıl əkildiyini bildirmişdir. Əkinin mövcudluğu və sahənin becərilməsi faktı cavabdehin öz ifadəsində də dolayı şəkildə təsdiqini tapır. O, həmin ərazidə heyvan otardığını inkar etməmiş, sadəcə torpağın guya bələdiyyəyə məxsus olduğunu iddia etmişdir. Halbuki torpaq uzun illər ərzində becərilmiş, 2024-cü ildə də konkret əkin fəaliyyəti (taxıl əkini) aparılmış, və cavabdeh ərazinin daimi sakini olaraq bu istifadədən xəbərdar olmuşdur. Məhkəmə bu faktları araşdırmalı və onların hüquqi əhəmiyyətini qiymətləndirməli olduğu halda bunu etməmiş və 88.3-cü maddədə nəzərdə tutulan "hərtərəfli, tam və obyektiv araşdırma" tələbinə əməl etməmişdir. Həmçinin torpaq sahəsinin kimin mülkiyyətində olduğu, faktiki istifadəsi və sahəyə aid dövlət aktının hüquqi qüvvəsi kimi işin mahiyyəti üçün mühüm əhəmiyyət kəsb edən məsələlər də tam araşdırılmamış, sahənin dəqiq coğrafi koordinatları, torpaq bölüşdürməsi zamanı ayrılan sahənin yerləşməsi və onun bələdiyyə torpaqları ilə sərhədləri məhkəmə tərəfindən tədqiq edilməmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-208/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-208/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-208/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-208/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası gəlinəcək nəticənin daha aydın olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Mcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 6(053)-2/2024 nömrəli iş üzrə 30 avqust 2024-cü il tarixli qərarından görünür ki, Neftçala Rayon Polis X1 təhqiqatçısı X3 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 aprel 2024-cü tarixli qərarı ilə bağlı İddiaçı şikayəti təmin edilməmiş, Neftçala Rayon Polis X1 müstəntiqi X3 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 aprel 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, qətnamədə cavabdeh tərəfindən mübahisəli ərazinin guya bələdiyyəyə məxsus olduğu iddia edilsə də, bu iddianı təsdiqləyən heç bir rəsmi sənəd mülkiyyət hüququnu təsdiqləyən akt, kadastr çıxarışı, torpaq planı və ya müvafiq bələdiyyə qərarı məhkəməyə təqdim edilməmişdir. Cavabdehin həmin ərazidə yerləşən əkin sahəsini korlaması faktı mübahisəsiz olaraq iş materiallarında öz əksini tapmışdır. Cavabdeh özü də məhkəmə baxışı zamanı dolayı şəkildə təsdiq edərək həmin ərazidə heyvan otardığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 450 manat, əldən çıxmış fayda kimi 1550 manat tələb etsə də, məhz ona ziyan dəyməsi, ziyanın cavabdeh tərəfindən vurulması, 450 manat dəyərində olması barədə mötəbər sübut təqdim etməmişdir. İddiaçı real zərəri sübuta yetirə bilmədiyindən, təbii ki, əldən çıxmış faydadan da söhbət gedə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-208/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1163/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1163/2025
29.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver