Məhkəmə qərarları › İş №2(106)-1172/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1172/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1172/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, iddiaçının iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Neftçala Rayon Məhkəməsinin (C.Qədimov) 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 3.900 (üç min doqquz yüz) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 69 (altmış doqquz) manat tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 4.900 manat miqdarında pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: 2012-ci ildə Səkinə Hüseynova adlı qadınla evlənmiş, bu nikahdan 2012-ci ildə X6 və 2014-cü ildə X7 adlı uşaqlarının doğulmuşdur. Səkinə Hüseynovanın ona xəyanət etməsi səbəbindən 2019-cu ildə onunla məhkəmə qaydasında boşanmışlar. Bu ərəfədə əmisi Mahirin qayınatası Cavabdeh bildirmişdir ki, 8.000 manat pul müqabilində uşaqlarının boşanmadan sonra onun (iddiaçının) yanında qalması məsələsini həll edə bilər. Cavabdehin yalan vədlərinə inanıb onunla razılaşmış, 2019-cu ilin avqust ayında, müxtəlif tarixlərdə Neftçala Rayon Məhkəməsinin qarşısında məhkəməyə verməsi üçün cavabdehə 200 manat, növbəti dəfə yenə də 200 manat, daha sonra 100 manat və 500 manat məbləğində pul vermiş, daha sonra, cavabdeh ondan 2019-cu ilin sentyabr ayının müxtəlif tarixlərində Neftçala Rayon Məhkəməsinin qarşısında 300 manat, 400 manat, 500 manat, 600 manat, 700 manat və 800 manat pul almışdır. Bunlarla yanaşı, cavabdeh ekspertdən onun xeyrinə rəy alacağını bildirərək, ekspertə verilməsi adı ilə ondan 2019-cu ilin noyabr ayının müxtəlif tarixlərində Neftçala şəhəri, Məhəllə 7 ünvanında yerləşən evinin yaxınlığında əvvəl 1.000 manat, daha sonra isə 2.000 manat almışdır. Buna baxmayaraq, qətnamə onun ziyanına çıxmış, yəni uşaqların boşanmadan sonra ananın yanında qalması müəyyən edilmişdir. Bununla bağlı cavabdehlə danışanda sonuncu ona bildirmişdir ki, narahat olmasın, məsələni icra məmurları ilə həll edəcək. Bu adla Cavabdeh ondan Neftçala rayon İcra və probasiya şöbəsinin əməkdaşlarına vermək adı ilə 2020-ci ilin yanvar ayında 1.000 manat almışdır. Beləliklə, cavabdeh onun etibarından sui-istifadə edərək aldadıb ümumilikdə 8.300 manat miqdarında pulunu ələ keçirmiş, dələduzluq etmişdir. Verdiyi pulları cavabdehdən geri tələb etmiş, pulu qaytarılmadığına görə şikayətlə Neftçala Rayon Prokurorluğuna müraciət etmişdir. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı tamamlanaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmündə vurulmuş 8.300 manat miqdarında ziyandan 1.000 manatın cavabdeh tərəfindən qaytarıldığı göstərildiyinə baxmayaraq, bu məbləğ ona və ya atasına qaytarılmayıb. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdehin oğlu atasına məhkəmə tərəfindən yüngül cəza təyin edilməsi üçün onunla (iddiaçı tərəflə) razılıq əldə etmək istəmiş, bu məqsədlə zərərin 3.000 manatlıq hissəsini ödəmiş və hər ay 200 manat olmaqla ziyandan daha 2.000 manat ödəyəcəyinə söz vermişdir. Həmin ərəfədə əmisi Mahir və digər qohumları ziyan ödənilməyəcəyi təqdirdə cavabdehin tutulacağından təşvişə düşərək ondan (iddiaçıdan) xahiş edirdilər ki, məhkəməyə ziyanın tam ödənildiyinə dair ərizə versin, Həsənağa isə sonradan ziyanı tam, yəni ümumilikdə 8.300 manat ödəyəcək. Qohumların təkidli xahişlərini nəzərə alıb guya ziyanın tam ödənildiyinə dair məhkəməyə ərizə vermişdir. Lakin o, razılaşdıqları 2.000 manat puldan cəmi 400 manat ödəmiş, istər cavabdehin özü, istərsə də onun oğlu sonradan heç bir ödəniş etməmişlər. Beləliklə, cavabdeh dələduzluqla ələ keçirdiyi 8.300 manat pulun 3.400 manatlıq hissəsini qaytarmış, qalan 4.900 manatlıq hissəsini isə bu günədək ödəməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının şikayəti əsasında başlanmış cinayət işi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Qohum olduqları üçün Şəhriyar xahiş etmişdir ki, uşaqlarının boşanmadan sonra onun yanında qalmasının məhkəmə tərəfindən müəyyən olunmasında ona kömək etsin. Bununla əlaqədar Şəhriyar və sonuncunun atası ilə aralarında müəyyən razılaşmalar olub və Şəhriyardan müxtəlif vaxtlarda pul alıb. Həmin pulun 1.000 manatlıq hissəsini iddiaçı tərəfə qaytarıb. Cavabdeh həmçinin bildirmişdir ki, sonradan ayda 200 manat olmaqla hissə-hissə ödəniləcəyini razılaşdıqları 2.000 manat miqdarında puldan iddiaçıya 400 manat ödəmiş 1.600 manat miqdarında borcu qalmışdır. Beləliklə, iddiaçıya olan pul borcu 1.600 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın 1.600 manatlıq hissədə təmin edilməsini, qalan hissədə isə rədd olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2 və 21.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın 1600 manat hissəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, qətnamədə iddiaçıya 1000 manat qaytarması nəzərə alınmamışdır. Həmçinin, iddianın özündə də, iddiaçının göstərdiyi iddia qiyməti şişirdilmişdir. Belə ki, 2300 manat əlavə pul yazılmışdır. Cinayət işi zamanı 5000 manat razılaşan adam indi iddianın qiymətini 8300 manat göstərir. 1000 manat ilk öncə, daha sonra isə şikayəti geri götürməsi üçün 3000 manat daha, sonra isə 400 manat vermiş, belə olduğu halda 1600 manat pul qalır ki, bunu da öz ifadəsində bildirmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq həkim müayinəsindən olacağını bildirmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Neftçala Rayon Məhkəməsinin 1(053)-36/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh qohumu İddiaçı arvadı X1 məhkəmə qaydasında boşanarkən 8.000 manat pul verəcəyi halda övladları 2012-ci il təvəllüdlü X6 və 2014-cü il təvəllüdlü X4 onun himayəsində qalmasına köməklik edə biləcəyi barədə yalan vədlər verib inandıraraq, 2019-cu ilin avqust ayı ərzində istintaqa məlum olmayan tarixlərdə Neftçala şəhəri, H.Əliyev prospektində Neftçala Rayon Məhkəməsinin qarşısında məhkəməyə vermək adı ilə vahid niyyətlə İddiaçı 200 manat, 200 manat, 100 manat və 500 manat pulunu, 2019-cu ilin sentyabr ayı ərzində günü istintaqa məlum olmayan tarixlərdə Neftçala şəhəri H.Əliyev prospektində Neftçala Rayon Məhkəməsinin qarşısında məhkəmədə əlavə xərclər adı ilə 300 manat, 400 manat, 500 manat, 600 manat, 700 manat və 800 manat pulunu, 2019-cu ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdə ekspertin xeyrinə rəy verməsi üçün ekspertə vermək adı ilə Neftçala şəhəri, məhəllə 7-də yerləşən evinin yaxınlığında 1.000 manat və 2019-cu ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdə ekspertin xeyrinə rəy verməsi üçün ekspertə vermək adı ilə Neftçala şəhəri, məhəllə 7də yerləşən evinin yaxınlığında əlavə olaraq 2.000 manat, 2020-cu ilin yanvar ayında günü istintaqa məlum olmayan tarixdə uşaqların onun himayəsində qalması üçün Neftçala rayon İcra və probasiya şöbəsinin əməkdaşlarına vermək adı ilə Neftçala Rayon Məhkəməsinin yaxınlığında 1.000 manat məbləğində pulunu, vahid niyyətlə ümumilikdə 8.300 manat məbləğində, xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Həmin cinayət əməlinə görə Əmirov X2 Rayon Məhkəməsinin 1(053)-36/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı hazırda cinayət nəticəsində ona vurulmuş ziyanı cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim edilmiş materiallardan, eləcə də izahatlardan müəyyən edilir ki, cinayət əməli nəticəsində cavabdeh tərəfindən iddiaçıya ziyan vurulduğu müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya hesab edir ki, iddiaçı vurulmuş ziyanı tələb etməkdə haqlıdır. Cavabdeh izahatında ziyanın ödədiyini bildirsə də bu barədə hər-hansı sübut təqdim etməmişdir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(053)-43/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar